Ukrayna Prezidenti Volodimir Zelenski Kiyev meri Vitali Kliçkonu vəzifəsindən uzaqlaşdırmağa çalışsa da, ətrafındakı nüfuzlu şəxslərin dəstəyini ala bilməyib.
Sherg.az xəbər verir ki, bu barədə “RBC-Ukrayna” öz mənbələrinə istinadən məlumat yayıb.
Məlumata görə, Kliçkonun vəzifədən çıxarılmasında ən çox maraqlı olan şəxs Ukrayna Prezident Ofisinin keçmiş rəhbəri Andrey Yermak olub. Lakin Zelenskinin nüfuzlu tərəfdarlarının əksəriyyəti bu təşəbbüsə qəti şəkildə qarşı çıxıb.
Buna səbəb kimi belə bir qərarın hüquqi və idarəetmə baxımından yarada biləcəyi problemlər göstərilib.
Nəşr qeyd edir ki, Kiyevdə şəhər administrasiyasının rəhbəri ilə mer vəzifələri bir-biri ilə sıx bağlıdır. Formal olaraq administrasiya rəhbərini prezident təyin etsə də, Konstitusiya Məhkəməsinin qərarına əsasən, bu vəzifəni Kiyev sakinlərinin seçdiyi mer tutmalıdır.
Beləliklə, Kliçkonun şəhər administrasiyasının idarəçiliyindən uzaqlaşdırılması onun qanuni seçilmiş mer statusuna və Kiyev Şəhər Şurasına təsir imkanlarına son qoymayacaqdı.
Qeyd edək ki, Vitali Kliçko daha əvvəl onun yerinə namizəd axtarıldığını bildirmiş, lakin paytaxt meri postu uğrunda mübarizəni sona qədər davam etdirəcəyini bəyan etmişdi.