Ukrayna Prezidenti Volodimir Zelenski İtaliyanın Baş naziri Corcia Meloni ilə görüşü zamanı ona dolayı irad bildirib.
Sherg.az xəbər verir ki, bu barədə İtaliyanın “Il Fatto Quotidiano” qəzeti məlumat yayıb.
Nəşr Zelenskinin Dublində Avropa İttifaqının qeyri-rəsmi sammiti çərçivəsində Meloni ilə görüşünün videosuna diqqət çəkib. Görüntülərdə İtaliyanın Baş naziri Zelenskini “Nə vaxtdır görüşmürük?” sözləri ilə salamlayır. Ukrayna lideri isə ingilis dilində “Axı bunu sən istəmirdin” cavabını verir.
Qəzetin müəllifi həmçinin qeyd edib ki, Zelenski Avropa paytaxtlarına müntəzəm səfərləri zamanı Romaya getməyib.
Xatırladaq ki, bundan əvvəl KİV-lər Ukraynanın bərpasına həsr olunmuş konfrans çərçivəsində keçirilən qapalı şam yeməyində Meloninin Kiyevin borclarını xatırlatmasının Zelenski üçün xoşagəlməz vəziyyət yaratdığını yazmışdı.