
Ekoloq: Özəl sektor yaşıl texnologiyaların lokomotivi olmalıdır
Alternativ enerji üçün gömrük rüsumlarının azaldılması Azərbaycanda yaşıl inqilabı sürətləndirə bilər
İqlim məsələləri ilə uzun müddət məşğul olmaq mövzuya daha dərindən yanaşmaq üçün müəyyən təcrübə və tanışlıq tələb edir. Prosesin sürətləndirilməsi ilə bağlı birinci amil geosiyasətdir".
Bu barədə energetika nazirinin müavini Elnur Soltanov Bakı İqlim Fəaliyyəti Həftəsində (BCAW 2025) deyib.
O qeyd edib ki, bu, hökumətlərarası bir prosesdir və burada milli maraqlar mühüm rol oynayır: “Dövlətlər bəzən qlobal məsələlərdən danışsalar da, əslində, hər bir dövlət öz milli maraqlarını əsas götürür. Lakin xoşbəxtlikdən, bir çox ölkələr üçün yaşıl keçid milli maraqlarla üst-üstə düşür. Bu, xüsusən texnoloji innovasiyaların inkişafı və iqtisadi töhfələr baxımından önəmlidir. Bəzi ölkələr üçün isə əsas hədəf enerji təhlükəsizliyi və özünütəminatdır.
İkinci amil hökumətlərin rolu ilə bağlıdır. Heç bir dövlət və ya dövlətlər qrupu prosesi tələb olunan sürətlə, yəni 2050-ci ilə qədər xalis sıfır emissiya və 1,5 dərəcə hədəfi istiqamətində – təkbaşına irəli apara bilməz. Burada əsas vəzifə özəl sektoru açmaq və səfərbər etməkdir. Çünki bazar qüvvələri olmadan nəticə əldə etmək mümkün deyil. Hökumətlər isə müəyyən maliyyə dəstəyi göstərərək bazar mexanizmlərinin işə düşməsinə şərait yaratmalıdır. Bu, xüsusən də bahalı yaşıl texnologiyaların tətbiqi üçün vacibdir”.
Elnur Soltanov üçüncü mühüm amilin isə ictimai təzyiq olduğunu əlavə edib: “İnsanların səmimi istəyi və gənclərin fəallığı bu məsələdə mühüm rol oynayır. Nyu-Yorkdan Belemdəki tədbirlərə qədər hər yerdə ictimaiyyətin iqlim dəyişikliyi ilə bağlı səmimi narahatlığı müşahidə olunur. Uşaqların və gənclərin valideynlər üzərindəki təsiri də əhəmiyyətli hesab olunur və bu, gələcəkdə daha böyük dəyişikliklərin əsas hərəkətverici qüvvəsi ola bilər. Beləliklə, iqlim fəaliyyətinin sürətləndirilməsində üç əsas faktor – geosiyasət və milli maraqlar, hökumətlərin özəl sektoru səfərbər etməkdəki rolu və ictimai-sosial təzyiq – həlledici qüvvədir”.
Milli Məclisin deputatı, COP29-un İqlim dəyişmələri üzrə yüksəksəviyyəli çempionu Nigar Arpadarai isə keçən il COP29-a ev sahibliyi edən Bakının üzərinə çox böyük məsuliyyətlər götürdüyünü deyib:
"Biz qlobal Şimal ilə Cənub arasında körpü rolunu oynadıq. COP29-un Yüksək Səviyyəli İqlim Çempionu olduqdan sonra dünyanın hər yerindən insanlarla görüşmək imtiyazına sahib oldum və nə qədər insanın iqlim dəyişikliyinin nəticələri ilə yaşadığını gördüm. Bunlar, sadəcə, uzaq hekayələr deyil, həm Azərbaycanda, həm də bütün regionda üzləşdiyimiz reallıqlardır. Quraqlıqlar, Kür-Araz hövzəsinin quruması, Xəzərin səviyyəsinin enməsi ekosistem üçün ciddi təhdidlər yaradır. İnsanların həyat səviyyəsini təmin edən ekosistem yerində olmalıdır. Ortaq standartlar və birliklə bunu təmin etməliyik. İqlim Dəyişikliyi Gündəliyi bəşəriyyətin öz taleyini dizayn etmək üçün göstərdiyi ən böyük səylərdən biridir. Bunu əməkdaşlıq və ətraf mühitimizi təmizləməyə və saxlamağa kömək edən davranış standartlarının qəbulu vasitəsilə edə bilərik. İqlim Dəyişikliyi Gündəliyi açıq şəkildə kəsişmə nöqtəsindədir. İqlim gündəmi texnoloji sıçrayışlarla gəlməlidir. İqlim Dəyişikliyi Gündəliyinin məqsədlərinə məhdudiyyətlər və qadağalardan fərqli olaraq, səmərəlilik və tərəqqi yolu ilə nail olmalıyıq".
Nazir müavininin fikirlərini şərh edən ekoloq Rövşən Abbasov Sherg.az-a açıqlamasında deyib ki, yaşıl keçid anlayışı yalnız karbon emissiyalarının azaldılması ilə məhdudlaşmır:

"Bu, bütövlükdə iqtisadiyyatın və cəmiyyətin inkişaf modelinin dəyişməsi deməkdir. Buraya karbonsuz və ətraf mühitə dost texnologiyaların tətbiqi, resurslardan səmərəli istifadə, tullantıların minimuma endirilməsi, iqlim dəyişmələrinin mənfi təsirlərinə qarşı adaptasiya qabiliyyətinin artırılması daxildir. Eyni zamanda, çirklənməni azaldan, təmiz enerji mənbələrinin payını artıran, ekoloji tarazlığı qoruyan və uzunmüddətli dayanıqlı inkişafı təmin edən bütün texnoloji yeniliklər yaşıl keçidin əsas sütunlarını təşkil edir. Yəni bu proses həm ekoloji, həm də iqtisadi baxımdan yeni bir inkişaf mərhələsinə keçidi nəzərdə tutur".
Ekoloqun sözlərinə görə, bu prosesdə dövlətin rolu burada əsasən iki istiqamətdən ibarətdir:
"İnvestisiya mühitinin yaxşılaşdırılması üçün sağlam rəqabət yaratmaq, “yaşıl texnologiyalara” yönəlmiş layihələrə güzəştlər tətbiq etmək, xüsusi vergi imtiyazları təqdim etmək.
Özəl sektor yaşıl texnologiyaların inkişafı üçün əsas hərəkətverici qüvvədir. Dövlət yalnız bazanı və qaydaları müəyyən edir, lakin real texnologiya istehsalı, investisiya və innovasiya özəl sektorun üzərinə düşür. Xarici sərmayənin cəlbi də burada mühüm əhəmiyyət daşıyır, çünki qlobal şirkətlərin təcrübəsi və kapitalı bu keçidi daha da sürətləndirə bilər. Xüsusən də günəş və külək enerjisi kimi alternativ enerjilər Azərbaycanın böyük potensiala malik olduğu sahələrdəndir. Bu sahəyə yönəlmiş güzəştlər həm istehsalçı şirkətləri, həm də istehlakçıları stimullaşdırar. Məsələn, günəş panellərinin idxalında gömrük rüsumlarının azaldılması, yaşıl kreditlərin təqdim edilməsi və ya kiçik enerji istehsalçılarının istehsal etdikləri enerjini şəbəkəyə satmaq imkanlarının yaradılması (net-meterinq sistemi) mühüm addımlar ola bilər".
R.Abbasovun sözlərinə görə, burada kiçik biznesin rolu isə xüsusi vurğulanmalıdır:
"Əgər iri şirkətlər strateji layihələr həyata keçirirsə, kiçik sahibkarlıq yaşıl enerjinin gündəlik həyata inteqrasiyasında önəmli rol oynayır. Kiçik və orta sahibkarların günəş panelləri quraşdırması, mini-hidro stansiyalar inşa etməsi, kənd təsərrüfatında bərpa olunan enerji tətbiq etməsi kənd yerlərində həm məşğulluğu artırar, həm də enerji asılılığını azaldar. Bu, həmçinin regionlarda dayanıqlı inkişaf üçün mühüm faktordur".