"2026-cı il dövlət büdcəsində həm neft gəlirlərinin, həm də Dövlət Neft Fondundan ayrılan transferlərin azaldılması məqsədyönlü dövlət siyasətidir".
"Sherg.az"ın xəbərinə görə, bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov parlamentdə 2026-cı ilin dövlət büdcə zərfinin müzakirəsi zamanı deyib.
Komitə sədri bildirib ki, qlobal enerji sistemi artıq köhnə məntiq üzrə fəaliyyət göstərmir:
"OPEC-in hesabatlarında enerjiyə təlabat 2050-ci ildə daha çox, yəni 85% artacağı göstərilir. Bu gün enerji yalnız iqtisadi resurs deyil, həm də diplomatik təsir və strateji təhlükəsizlik aləti kimi çıxış edir".
Deputat qeyd edib ki, Avropanın enerji təhlükəsizliyində Azərbaycanın rolu son illərdə daha da güclənib:
"Yaşıl enerjiyə keçidlə bu daha da artacaqdır. Qlobal iqlim çağırışları fonunda Azərbaycan enerji siyasətinin əsas sütunlarından biri – yaşıl enerji transformasiyası daha da sürətləndirilməlidir.
Bununla bağlı Xəzər dənizində irimiqyaslı külək enerji layihələrinə hazırlıq işləri aparılır. Bu mənada Hazırkı və gələcək büdcə çərçivəsində bu tipli hesabatların nəzərə alınması, bu sahənin gələcək inkişafda mühüm rol oynaya bilər. Eyni zamanda tullantıların enerji çevrilməsi, enerji səmərəliliyi və təkrar istehsal kimi istiqamətlərin büdcədə ayrıca dəstəklənməsi də vacib məsələlərdəndir”.