"Real Madrid"in yarımmüdafiəçisi Arda Güler komanda yoldaşları tərəfindən psixoloji təzyiqə məruz qaldığına dair iddiaları təkzib edib.
Oxu.Az xəbər verir ki, Güler bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
Qeyd edək ki, Güleri "Fənərbağça" klubuna gətirən skaut Serhat Pekmezci heyətdəki bəzi oyunçuların gənc futbolçunu qəbul etmədiklərini demişdi.
"Karyeramın başlanğıcında mühüm rol oynamış Serhat Pekmezci tərəfindən son vaxtlar verilən ictimai bəyanatları kədərlə izlədim.
Bu kluba gəldiyim ilk gündən məni səmimiyyətlə qarşıladılar və mən bu klubu həmişə bir ailə hesab etmişəm. "Real"ın oyunçusu olduğum üçün çox qürurluyam və bu emblemi hələ uzun illər qorumaq istəyirəm.
Bizim çox güclü komandamız var, bütün komanda yoldaşlarımla birgə oynamaq imkanına sahib olduğum üçün xoşbəxtəm və məmnunam. Mən qətiyyətlə xahiş edirəm ki, bu mövzuda yazılan və ya deyilən heç bir şərhə və ya mesaja əhəmiyyət verməyəsiniz", - deyə Güler vurğulayıb.