Niderland Erediviziyasında "Ayaks"ın "Fortuna Sittard" üzərindəki parlaq qələbəsi (4:1) komandanın yeni ulduzunun zədələnməsi ilə kölgədə qalıb.
QOL.az xəbər verir ki, qışda "Arsenal"dan ayrılaraq Amsterdam klubuna keçən Aleksandr Zinçenko matçın 2-ci dəqiqəsində zədələnib.
Rəqib oyunçu Dimitrios Limniosla toqquşmadan sonra sol dizindən ağır xəsarət alan ukraynalı futbolçu meydanı tərk etmək məcburiyyətində qalıb.
Baş məşqçi Fred Qrim mətbuat konfransında narahatlığını gizlətməyib:
"Hələlik zədənin nə qədər ciddi olduğunu bilmirik. Zinçenko sabah MRT müayinəsindən keçəcək. Ümid edirəm ki, qorxduğumuz başımıza gəlməz".
Qeyd edək ki, ilkin ehtimallara görə, futbolçunun çarpaz bağları qırılmış ola bilər. Əgər bu təsdiqlənərsə, Zinçenkonun mövsümü başa vura və bu yay Şimali Amerikada keçiriləcək Dünya Çempionatını buraxa bilər.
Xatırladaq ki, Ukrayna millisi pley-off mərhələsində İsveçlə qarşılaşacaq.