“Fənərbaxça"ya gəlir” deyilən ulduz futbolçu SÜKUTU POZDU

“Fənərbaxça"nın Domeniko Tedesconun keçmiş yetirməsi Kristofer Nkunku üçün rəsmi təklif etdiyi iddialarından sonra ulduz hücumçudan açıqlama gəlib. İtaliya mətbuatı "Fənərbaxça"nın fransız futbolçu Kristofer Nkunku üçün “Milan”a rəsmi təklif göndərdiyini yazmışdı.

Sherg.az xəbər verir ki, məlumatlarda "Fənərbaxça"nın baş məşqçisi Domeniko Tedesconun Nkunkunu "Leypsiq" dövründən tanıdığı və futbolçunun bacarığına güvəndiyi qeyd olunurdu.

Bu iddialardan sonra ulduz qolçu sükutu pozub. “Milan”ın “Fiorentina” ilə 1:1 hesablı heç-heçə etdiyi oyunda komandasının qolunu vuran Nkunku gələcəyi ilə bağlı danışıb.

Fransız futbolçu karyerasını İtaliyada davam etdirmək istədiyini açıqlayıb.

Nkunku bildirib:

“Transfer bazarı ilə bağlı xəbərlər sadəcə şayiələrdir. Mən "Milan"da qalmaq istəyirəm.”

PSJ-nin akademiyasında yetişən fransız futbolçu 2019-cu ilin yayında 19,5 milyon avro transfer haqqı qarşılığında “Leypsiq”ə keçmişdi.

Burada keçirdiyi 4 ildən sonra 60 milyon avro qarşılığında “Çelsi”yə transfer olunan Nkunku, 2 mövsümün ardından 37 milyon avro məbləğində “Milan”la müqavilə imzalamışdı.