Premyer Liqa: “Neftçi” 3 xalı 3 qolla qazandı

Azərbaycan Premyer Liqasının XX turunda “Neftçi” və “Kəpəz” komandaları üz-üzə gəlib.

Teleqraf xəbər verir ki, Yevlax şəhər stadionunda baş tutan qarşılaşma qonaqların 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Baş hakim Əli Əliyevin idarə etdiyi görüşdə hesabı 27-ci dəqiqədə “ağ-qaralar”ın futbolçusu Bassala Sambu açıb. 35-ci dəqiqədə meydan sahiblərinin futbolçusu Rauf Hüseynli penaltidən fərqlənərək tarazlığı bərpa edib. Üç dəqiqə sonra Bassala Sambu dubla imza ataraq komandasını yenidən hesabda önə çıxarıb. Matçın 40-cı dəqiqəsində isə “Neftçi”nin kapitanı Emin Mahmudov üçüncü qolu vurub.

72-ci dəqiqədə “sarı-göylər”in futbolçusu Məqsəd İsayev kobud qayda pozuntusuna görə qırmızı vərəqə alaraq komandasını azlıqda qoyub.

Bu qələbədən sonra Yuri Vernidubun rəhbərlik etdiyi kollektiv 30 xalla turnir cədvəlinin 5-ci pilləsinə yüksəlib. Azər Bağırovun komandası isə 13 xalla 11-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, günün növbəti matçında “Araz-Naxçıvan” “Sumqayıt”ı qəbul edəcək. “Liv Bona Dea Arena”da keçiriləcək qarşılaşma saat 17:00-da start götürəcək.