Qurban Qurbanova “Mənə yaxşı təklif var” deyən futbolçu kim olub?

Bu günlərdə “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov keçirdiyi mətbuat konfransında futbolçularına olan transfer təkliflərindən danışıb. O, “Şamaxı” ilə Premyer Liqanın 19-cu tur oyunundan (1:2) sonra deyib:

“Bu gün də bir futbolçum mənə yaxınlaşıb deyir ki, yaxşı təklif var, nə düşünürsünüz, getməyim və ya qalmağımla bağlı. Təklif elə yerdən gəlir ki, ora ancaq pul üçün getmək olar. Pul da elədir ki...”

Bəs Q.Qurbanovun adını çəkmədiyi bu futbolçu kim olub?

QOL.az saytı onun kimliyini öyrənə bilb.

Bizə çatan xəbərə görə, söhbət braziliyalı Pedro Bikalyodan (Pedro Bicalho) gedir. 24 yaşlı dayan yarımmüdafiəçi ötən yay "Palmeyras"dan "Qarabağ”a transfer olunub. O, uğurlu oyunu ilə tezliklə komandasının əsas heyətinin üzvünə çevrilib. 

Bikalyo UEFA Çempionlar Liqasının “Benfika” - “Qarabağ” matçının ən yaxşı futbolçusu da seçilib. Tez-tez ona transfer təkliflərin olması ilə bağlı xəbərlər yayılır.

Braziliyalının “Qarabağ”la müqaviləsi 2028-ci ilin iyununda başa çatır.