Müdafiəyə 8,7 milyard, “Böyük Qayıdış”a 3,5 milyard ayrıldı
"2026-cı ilin büdcəsinin müzakirəsi yekunlaşdı. Dekabrın 9-da Milli Məclisdə gələn ilin dövlət büdcəsi layihəsi və büdcə zərfinə daxil olan digər qanun layihələri qəbul edildi". Bu barədə millət vəkili Əli Məsimli deyib. Deputat bildirib ki, 2026-cı ilin dövlət büdcəsinin gəlirləri 38,6 milyard manat, xərcləri 41,7 milyard təşkil edir: "2026-cı ilin dövlət büdcəsinin prioritetlərində ölkəmizin müdafiə qüdrətinin artırılması, təhlükəsizliyimizin təminatlılığının gücləndirilməsi və "Böyük Qayıdış"ın sürətləndirilməsi kimi postmüharibə dövrünün mühüm vəzifə və çağırışları mühüm yer tutur: "Gələn ilin dövlət büdcəsində müdafiə və milli təhlükəsizlik xərcləri 8,7 milyard manatdan çoxdur. Bu da ümumi büdcə xərclərinin 21 faizi qədərdir. Bu, Azərbaycanda hərbi sənayenin inkişaf sürətinin artmasına, şaxələnmə dairəsinin genişlənməsinə, eləcə də hərbi təyinatlı məhsul istehsalının və ixracının artmasına müsbət təsir edəcək. 2020-ci ildən bəri işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işlərinin həyata keçirilməsi üçün büdcədən 25 milyard manatdan çox vəsait ayrılıb. 2026-cı ildə əlavə 3,5 milyard manat və ya büdcə xərclərinin 8,4 faizi qədər əlavə vəsait yönəldiləcək. Bu, işğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq işlərinin və "Böyük Qayıdış"ın sürətinə əlavə təkan verəcək".
Parlamentari bəyan edib ki, bununla yanaşı 2026-cı ilin dövlət büdcəsinin xərclərində 17,1 milyard manatı və ya 41,1 faizi sosialyönlü xərclər təşkil edir: "Sosialyönlü xərclərə əməyin ödənişi xərcləri, ərzaq məhsullarının alınması, təqaüd və sosial müavinətlər, dərman və sarğı ləvazimatlarının alınması, icbari tibbi sığorta üzrə xərclər və digər sosial dəstək tədbirləri xərcləri daxildir. Həmin vəsaitin daha çox hissəsinin inflyasiyanın "yeminə" yox, məhz öz təyinatına görə, əhalinin güzəranının yaxşılaşmasına, əlavə mal və məhsul alınmasına yönəlməsi üçün ciddi anti-inflyasiya tədbirlərinin həyata keçirilməsi çox vacibdir".