- “Sülh körpüsü” Ermənistana mühüm mesaj verdi, müharibə, yoxsa Azərbaycanla dinc yanaşı yaşamaq?
Ermənistan və Azərbaycanın vətəndaş cəmiyyətlərinin 60 nümayəndəsi “Sülh körpüsü” təşəbbüsü çərçivəsində keçirilən 5-ci görüşdə iştirak edib.
Dəyirmi masada iştirak edəcək Azərbaycan nümayəndə heyətinin üzvləri Ermənistana sərhədin demarkasiya olunmuş hissəsindən keçiblər.
Qeyd edək ki, “Sülh körpüsü” təşəbbüsü çərçivəsində noyabrın 26–27-də Ermənistanda Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin nümayəndələrinin iştirakı ilə geniştərkibli ikitərəfli dəyirmi masa keçiriləcək.
Müzakirələr zamanı 2025-ci il avqustun 8-də Vaşinqton sammitində razılaşdırılmış sülh gündəliyi, Azərbaycan-Ermənistan sülh prosesinin möhkəmləndirilməsi və institusionallaşdırılmasına yönəlmiş təşəbbüslər, iki cəmiyyət arasında qarşılıqlı etimadın yaradılması və inkişaf etdirilməsi tədbirləri, Cənubi Qafqazda dayanıqlı iqtisadi əməkdaşlığın, ticarətin və bağlantı marşrutlarının yaradılması imkanları, humanitar məsələlər, gənclərlə iş və təhsil sahəsi müzakirə olunacaq. Həmçinin iki ölkənin vətəndaş cəmiyyəti nümayəndələri arasında birbaşa və uzunmüddətli əlaqələrin qurulması perspektivləri nəzərdən keçiriləcək.
Görüşlə bağlı gözləntilərini Sherg.az-a şərh edən REAL Partiyasının sədri Natiq Cəfərli bildirib ki, “Sülh körpüsü” təşəbbüsü kifayət qədər vacib və perspektivli layihələrdən biridir. Onun sözlərinə görə, dövlətlərarası münasibətlərin tənzimlənməsi və sülh müqaviləsinin imzalanması istiqamətində atılan addımlarla yanaşı, cəmiyyətlər arasında qarşılıqlı tanışlığın və dialoqun inkişafı da vacibdir:

“Vətəndaş cəmiyyətləri bir-birini daha yaxından tanımalı, müxtəlif məsələləri müzakirə etməli və mümkün problemlərin həlli yollarını birgə axtarmalıdırlar. Bu baxımdan, hər iki ölkənin hökuməti tərəfindən dəstəklənən “Sülh körpüsü” təşəbbüsü xüsusi əhəmiyyət daşıyır. Bu cür görüşlər sülh prosesinin möhkəmlənməsinə, gələcəkdə yarana biləcək çətinliklərin əvvəlcədən müəyyənləşdirilməsinə və onların aradan qaldırılması üçün konkret təkliflərin irəli sürülməsinə imkan yaradır”.
Partiya sədri qeyd edib ki, hazırda Ermənistanda əsas müzakirə mövzularından biri konstitusiya dəyişikliyidir. Bu məsələnin mahiyyətində isə Ermənistanın gələcəkdə sülh yolunu seçəcəyi, yoxsa yenidən müharibə ritorikasına qayıdacağı məsələsi dayanır:
“Bu cür təşəbbüslərin davamlı olması və görüşlərin intensivləşdirilməsi erməni cəmiyyətinə də mühüm mesaj verir: Azərbaycanla sülh şəraitində yaşamaq Ermənistanın özü üçün də daha faydalı seçimdir”.
Natiq Cəfərli “Sülh körpüsü” təşəbbüsünü dəstəklədiyini vurğulayaraq, onun genişləndirilməsini iki ölkə arasında etimadın formalaşması və davamlı sülhə nail olunması baxımından mühüm istiqamətlərdən biri hesab edib.