“Azərbaycan Ordusu dünyanın ən güclü 50 ordusu sırasında olacaq. Bizim ordumuzun həm maddi-texniki təchizatı, həm də döyüş qabiliyyəti ən yüksək səviyyədədir. Biz bunu döyüş meydanında sübut edə bilmişik”.
Prezident İlham Əliyev
Müstəqil Azərbaycan dövlətinin milli ordu quruculuğu strategiyasının müəyyən edilməsi və hərbi infrastrukturların əsaslı təməllərinin yaradılması birbaşa Ulu Öndər Heydər Əliyevin adı və fəaliyyəti ilə bağlıdır. Heydər Əliyevin 1969-cu ildə hakimiyyətə gəlişindən sonra məhz onun müstəsna və misilsiz xidmətləri sayəsində Azərbaycanda hərbi təhsil və tədrisin əsası qoyuldu, bütün sahələrdə olduğu kimi, bu istiqamətdə də kadrların hazırlanmasına başlanıldı.
Ümummilli Lider ittifaq rəhbərliyi ilə üzləşdiyi çətinliklərə və maneələrə baxmayaraq, qəti iradəsindən geri dönmədi və 1971-ci ildə görkəmli hərbi xadim Cəmşid Naxçıvanskinin adını daşıyan hərbi liseyin yaradılmasına nail oldu. Həmin məktəb Azərbaycanda hərb sahəsində milli kadrların hazırlanmasında əsas təhsil ocağına çevrildi.
Bu müdrik siyasətin digər təntənəsi olaraq həmin dövrdə azərbaycanlı gənclərin Bakı Ali Birləşmiş Komandanlıq və Bakı Ali Hərbi Dənizçilik məktəblərində təhsil almaları, eləcə də SSRİ-nin nüfuzlu hərbi məktəblərinə qəbul olunması təmin edildi. Bu isə gələcəkdə formalaşacaq mütəşəkkil və qüdrətli milli ordunun sütunlarının yaradılması demək idi.
Ulu Öndərin yaratdığı hazırlıqlı və peşəkar hərbi kadrlar təəssüf ki, 80-ci illərin sonlarında və müstəqilliyin ilk illərində ölkəmizə rəhbərlik edən təsadüfi adamların yarıtmazlığı ucbatından kənarda qaldılar, nizami ordu strategiyası darmadağın oldu. Ayrı-ayrı qüvvələrin məqsədli fəaliyyətləri ordu quruculuğu kimi ümdə və strateji sahənin sıradan çıxmasına səbəb oldu. Siyasi ambisiyaların girovuna çevrilən Azərbaycan nizamsızlığın hökm sürdüyü bir vaxtda Ermənistanın hərbi təcavüzünə məruz qaldı.
1993-cü ildə Azərbaycanın üzləşdiyi belə bir fəlakətli vəziyyətdə xalqın çağırışı ilə xilaskarlıq missiyasını üzərinə götürən Heydər Əliyev dağınıq silahlı dəstələri ləğv edərək nizami ordu quruculuğuna başladı, düzgün strateji qərarlar qəbul edərək atəşkəsə nail oldu. Yaranmış sabitlik və dinclik şəraitində ölkəmizin inkişafının təmin olunması və əldə edilən iqtisadi potensiallar hərbi gücümüzün möhkəmləndirilməsinə yönəldildi.
Heydər Əliyevin 22 may 1998-ci il tarixli Fərmanına əsasən, iyunun 26-da Əlahiddə Azərbaycan Korpusu yaradıldı və həmin gün Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü elan olundu. Bu tarix həmin vaxtdan etibarən rəsmi dövlət bayramı kimi qeyd edilməkdədir. Heydər Əliyevin 1999-cu il fevralın 20-də imzaladığı Fərmanla Hərbi Akademiyanın yaradılması bu sahədə milli kadr ehtiyatının formalaşması prosesində yeni inkişaf mərhələsi oldu. Azərbaycan Ali Hərbi Məktəbi, Azərbaycan Hərbi Dənizçilik Məktəbi və Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbi adlandırılmaqla, Silahlı Qüvvələr üçün kadr hazırlığının təkmilləşdirilməsinə səbəb oldu.
Azərbaycan həmin illərdə NATO ilə də sıx və səmərəli əməkdaşlığı gücləndirdi, bir neçə proqram çərçivəsində iki mindən çox Azərbaycan hərbçisi NATO proqramlarında və digər ikitərəfli əməkdaşlıq proqramlarında iştirak edərək ən son hərbi yenilikləri mənimsədi, beynəlxalq sülhməramlı qüvvələrin tərkibində Kosovoda və Əfqanıstanda zəngin təcrübə qazanan Ordumuz NATO standartlarına uyğunlaşdı.
Bu, gələcəkdə ən ali tapşırığın – Vətən torpaqlarının düşməndən azad edilməsi üçün möhtəşəm və mükəmməl hərbi birləşmələrin formalaşması yönündə müdrik və strateji düşüncənin bir hissəsi idi.
Ümummilli Liderin güclü Azərbaycanla bağlı istəyini və tapşırığını üzərinə götürən Prezident İlham Əliyev ölkəmizə rəhbərlik etdiyi ilk gündən bütün gücünün torpaqlarımızın erməni işğalından azad edilməsinə yönəltdi.
Hərbçilərin peşəkarlığının artırılması, şəxsi heyətin döyüş ruhunun və mənəvi-psixoloji hazırlığının yüksəldilməsi, Silahlı Qüvvələrin ən müasir silah və texnika ilə təchizatı ön planda saxlanıldı. Və nəhayət, hər bir Azərbaycan övladı üçün müqəddəs olan o gün gəlib çatdı. 2020-ci il sentyabrın 27-də başlayan və möhtəşəm Zəfərlə sona çatan 44 günlük Vətən müharibəsi xalqımızın əyilməz qürurunu bir daha zirvələrə ucaltdı.
2023-cü ilin sentyabrın 19-da isə Qarabağdakı erməni silahlı qüvvələrinin genişmiqyaslı hərbi təxribatlar və terror hücumlarına qarşı keçirilən antiterror əməliyyatı nəticəsində Azərbaycan Silahlı Qüvvələri Zəfərin son akkordunu tamamladı və ölkəmizin dövlət suverenliyi, Konstitusiya quruluşu bütün ərazilərimizdə tam bərpa edildi.
Ali Baş Komandanın ali diqqətinin təcəssümü sayəsində Vətən müharibəsində qazanılmış sarsılmaz Qələbənin əbədiləşdirməsi münasibətilə “Zəfər” və “Qarabağ” ordenləri, həmçinin 15 yeni medal təsis edildi. Şanlı Qələbənin şərəfinə 2020-ci il dekabrın 10-da Prezidentlər İlham Əliyevin və Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Bakıda möhtəşəm Zəfər Paradı keçirildi, 2025-ci il noyabrın 8-də Azadlıq meydanında keçirilən Vətən müharibəsində isə Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi paradda Türkiyə Prezidenti ilə yanaşı, Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin iştirakı üç ölkənin sarsılmaz qardaşlıq və hərbi qüdrətinin nümayişi kimi yaddaşlarda qaldı.
Vətən müharibəsi zamanı qazanılmış təcrübə çevik və sürətli manevrə malik, yüksək dağlıq və çətin şəraitdə döyüş tapşırıqlarını müvəffəqiyyətlə yerinə yetirə biləcək yeni birləşmələrin yaradılması zərurətini ortaya qoyduğundan Əməliyyat (Komando) hərbi hissələrinin yaradılması da əsas məqsədlərdən biri kimi reallaşmaqdadır. Hərbi təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi məqsədilə 2022-ci ildə Milli Müdafiə Universiteti yaradılıb. Ordu quruculuğu ilə paralel şəkildə hərbçilərin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində də mühüm addımlar atılır.
Azərbaycan Silahlı Qüvvələri bu gün regionun ən qüdrətli ordusuna çevrilib. Nüfuzlu “Global Fire Power” mərkəzinin 55 göstərici əsasında hazırladığı hesabatda Azərbaycan Ordusu Cənubi Qafqazda birinci, dünyada ilk əlli ordu sırasında yer alır. Ali Baş Komandan İlham Əliyevin bəyan etdiyi kimi, “hazırda Azərbaycanın Silahlı Qüvvələri müasir hərbi texnika ilə təchiz edilmiş, möhkəm nizam-intizam, yüksək döyüş ruhu ilə seçilən, düşmənə sarsıdıcı zərbə vurmağa qadir olan bir ordudur”.
Ramid Namazov,
Milli Məclisin deputatı