"Putinin 9 Mayı bayram elan etmiş bütün ölkələrə belə bir mesaj göndərməsi diplomatik etiket qaydalarına uyğundur"
9 May uzun illərdir Azərbaycanda rəsmi şəkildə qeyd olunan tarixlərdən biridir və bu günə münasibət dövlət səviyyəsində müəyyən edilmiş çərçivə daxilində formalaşır. Müxtəlif siyasi və ictimai baxışlar mövcud olsa da, məsələ daha çox tarixi yaddaş, diplomatik münasibətlər və dövlət protokolu kontekstində dəyərləndirilir. Bu çərçivədə Rusiya Prezidenti də 9 May münasibətilə Azərbaycan xalqına təbrik ünvanlayıb.
Millət vəkili Fazil Mustafa Sherg.az-a 9 Mayın Azərbaycanda da bayram olaraq keçirilməsinə münasibət bildirib:
"9 May rəsmi olaraq Azərbaycan təqvimində bayram olaraq nəzərdə tutulub. Ona görə də bunun müzakirə olunmasına ehtiyac yoxdur. Bizdə çox bayramlar var- 8 Mart da, 9 May da və başqa tarixlər də. Subyektiv mülahizələrlə bunlar fərqli rakursdan qiymətləndirilə bilər. Amma bütövlükdə artıq rəsmiləşibsə, bunu hansısa formada görməzdən gəlmək mümkün deyil.
Ona görə də Putinin 9 Mayı bayram elan etmiş bütün ölkələrə belə bir mesaj göndərməsi diplomatik etiket qaydalarına uyğundur. Amma orada iştirak edib-etməmək məsələsi artıq Azərbaycan dövlətinin, ali icra orqanının qərarı ilə mümkün ola bilər. Buna uyğun dövlət başçısı qərar qəbul edəcək".
Ötən il bayrama görə Rusiyaya gedilmədiyini söyləyən F. Musafa bu ildə gedilməyəcəyini güman etdiyini söyləyib: bu il də gedilsin:
"Amma yenə də burada hansısa formada neqativ mövqe sərgiləmək doğru olmaz. Rusiya ilə münasibətlərin ümumiyyətlə bəlli problemlərini hamımız bilirik. Ona görə də bu məsələdə dövlət baxımından hansısa mövqe qoymaq da o qədər doğru sayılmaz.
Bu, Rusiyanın daxili işidir və belə bir tədbiri keçirə bilər. Biz də Azərbaycan çərçivəsində, Azərbaycan vətəndaşlarının burada iştirak etdiyini əsas götürərək, onların xatirəsini yad etmək üçün öz məkanımızda bunu qeyd edirik".