ABŞ artıq Avropanın təhlükəsizliyinə zəmanət vermir - TƏHLİL

Yəni İttifaq yetişkən, püxtələşmiş deyil və tarix boyu ABŞ-dən qidalanıb

ABŞ Prezidenti Donald Tramp administrasiyası yeni milli təhlükəsizlik strategiyasını açıqlayıb. Sənəd Vaşinqtonun xarici siyasət və müdafiə prioritetlərində bir sıra kəskin dəyişiklikləri təsdiqləyir. Yeni strategiyada ABŞ-nin qlobal dominantlıq iddiasından imtinası, diqqətin Latın Amerikası və Asiyaya yönəldilməsi, Avropa və Yaxın Şərq regionunun ikinci plana salınması qeyd olunur. Tramp komandasının yeni strategiyasında Rusiya-Ukrayna müharibəsi ikinci dərəcəli məsələ kimi təqdim edilir. Strategiyanın əsas prinsiplərinə görə, ABŞ bütün dünya proseslərinə cavabdeh olmaq niyyətindən imtina edir. Xarici müdaxilələr yalnız ən ekstremal hallarda olacaq, tərəfdaşlıq üçün demokratiya və islahatlar şərt olmayacaq. Suverenlik, milli dövlətlərin rolu beynəlxalq qurumlardan üstün tutulur. ABŞ qlobal hegemonluqdan çəkilir, digər güclərin təsir ərazilərini tanıyır. İqtisadi siyasət "amerikalı işçilərin" maraqlarına fokuslanır. Müttəfiqlərdən öz müdafiələrinə daha çox xərcləmək tələb olunur. ABŞ xüsusən, Avropadan öz müdafiə məsuliyyətini üzərinə götürməsini istəyir. Bu strategiya isə Avropada miqrasiya siyasəti, eləcə də sağ qüvvələrə təzyiqi tənqid edir. NATO-nun genişlənməsinin dayandırılması və Rusiya ilə "strateji sabitliyin bərpası" vurğulanır. Aİ-nin müdafiə və kosmos üzrə komissarı Andrius Kubilius deyib ki, ABŞ-nin yeni Milli Təhlükəsizlik Strategiyası Aİ-yə qarşı antaqonizm nümayiş etdirir. Qurumun keçmiş Ali Nümayəndəsi Cozef Borrell də strategiyanı sərt tənqid edib. O, sosial şəbəkədə paylaşımında bildirib ki, ABŞ-nin bu sənədi Avropa İttifaqına qarşı siyasi müharibə elanına bərabərdir. Borrellin fikrincə, sənəd Prezident Donald Tramp administrasiyasının Avropaya münasibətini əks etdirir və Aİ-yə açıq-aşkar hörmətsizlik nümayiş etdirir. Siyasətçi Avropa liderlərini bu cür təhdidlərə laqeyd yanaşmamağa, Aİ-nin suverenliyini və müstəqilliyini qətiyyətlə qorumağa çağırıb: "Bu, Avropa İttifaqına siyasi müharibə elanıdır. Onlar ayrı-ayrı ölkələrə parçalanmış, tələblərinə tabe olan bir Avropa görmək istəyirlər".

Siyasi şərhçi Şəbnəm Həsənova Sherg.az-a ə deyib ki, ABŞ Prezidenti Donald Tramp Administrasiyasının Avropaya tənqidi yanaşması bəllidir. Ekspertin fikrincə, Avropa yeni Milli Təhlükəsizlik Strategiyasını imzalayan Trampın vurduğu güclü zərbədən sonra çətin ki özünə gələ bilsin: "Sənəddə ABŞ-nin Avropaya qarşı düşmənçiliyi qeyd olunur ki, bu, hazırda rəsmi olaraq milli səviyyədə təsbit olunub. İttifaq üçün vəziyyət fəlakətə yaxındır və günahkar heç kim yox, məhz Avropa İttifaqının özünün əyninə dar gələn "qısa şalvarı"dır. Ona görə də ABŞ-nin nüfuzlu nəşrləri yazır ki, Avropa "qısa şalvar sindromu"ndan əziyyət çəkir. Yəni İttifaq yetişkən, püxtələşmiş deyil və tarix boyu ABŞ-dən qidalanıb. Elə buna görə də Tramp dəfələrlə Avropa müttəfiqlərini "parazit", yəni "qırıntı hesabına qidalanan" adlandırıb. Belə bir düşüncə mövcuddur ki, avropalılar ABŞ-nin tərbiyəsinə o qədər öyrəşiblər ki, sadəcə müstəqil hərəkət etməyi öyrənməyiblər. Onlar uşaq kimi düşünür və mühakimə yürüdürlər. Həqiqətdə isə hələ tam ayrılma baş verməyib. Çünki bunun üçün Avropaya bir neçə onilliklər lazımdır. İttifaq dövlətləri indi öz təhlükəsizliklərinə çox az sərmayə qoyur. Buna görə də Tramp hesab edir ki, İttifaq məhz Vaşinqtonla münasibət qurmaq üçün yaradılıb".

Analitikə görə, ümumiyyətlə, ABŞ-də hesab edilir ki, qoca qitə hazırda strateji yol ayrıcındadır: "İki seçim var, ya "alçaldıcılığa" dözmək və Amerikaya yapışmağa davam etmək, ya da vəziyyəti qəbul etmək, silahlanmasını artırmaq və həqiqətən müstəqil olmaq. Bir sözlə, ABŞ İttifaqın təhlükəsizliyinə zəmanət verməkdən imtina edir. Sənəd Aİ-ni "siyasi azadlığı" boğmaqda da ittiham edir və bəzi NATO üzvlərinin tezliklə "qeyri-Avropa çoxluğuna" çevrilə biləcəyinə işarə edilir. 

Trampın yaxın adamlarından olan amerikalı iş adamı və milyarder İlon Maskın sözləri də İttifaqın qeyd olunan siyasi azadlığı boğmasının dilə gətirilməsidir. Ona görə də o, Avropa Komissiyasının ləğv olunmalı və seçkili orqanla əvəz olunmalı olduğunu bildirir. Bəzi analitiklər düşünürlər ki, Avropa liderləri transatlantik əməkdaşlığı qorumaq üçün Trampla razılığa gəlməyi bu məsələdə yeganə uzunmüddətli variant kimi görürlər. Digər kəsim əlavə də edir ki, Avropanın çiçəklənən və dinc olmasına səbəb olan ABŞ-dir. Çünki ABŞ İkinci Dünya müharibəsinin sonundan, yəni 80 ildir ki, öz təhlükəsizliyini təmin edir. Həqiqətdə Avropa sıxışmış və divara sıxılmış vəziyyətdədir. Avropada vahid, yetkin fikir də mövcud deyil. Avropanın daxilində də Rusiya-Ukrayna müharibəsindən bezənlər, ona tənqidi yanaşanlar da az deyil".