- “Demokratiya və hüquq arxa plana keçəcək”
ABŞ Prezidenti Donald Trampın son paylaşımları və açıqlamaları Vaşinqtonun daxili və xarici siyasətindəki yanaşmalarla bağlı müzakirələri yenidən gündəmə gətirib. Tramp Nyu-Meksiko ştatının adının “Yeni Amerika” olaraq dəyişdirildiyini göstərən xəritə paylaşdıqdan sonra Ay peykinin də ABŞ-yə məxsus olduğunu əks etdirən paylaşım edib. Bu addımlar ABŞ-nin qlobal siyasətdəki mövqeyi, Çinlə rəqabət və ölkənin yeni siyasi kursu ilə bağlı müxtəlif şərhlərə səbəb olub.
Beynəlxalq Münasibətlər və Siyasət üzrə mütəxəssis Dr.Ufuk Necat Taşçı Sherg.az-a ABŞ siyasətində baş verən dəyişikliklər və bu dəyişikliklərin qlobal güc balansına təsirindən danışıb:
"İlk növbədə dünyanın içindən keçdiyi konjonkturanı yaxşı anlamaq lazımdır. Zamanın ruhunu yaxşı qavramalıyıq. Hazırda siyasət bir çox mənada radikallaşır. Şübhəsiz ki, bunun əsas səbəblərindən biri birqütblü dünya nizamının çökməsidir. Mən birqütblü dünya nizamı mükəmməldir demirəm. Lakin birqütblü dünyadan çoxqütblü dünya nizamına keçidin özü ilə gətirdiyi mümkün riskləri görməliyik.
Dünyanın supergücü və polisi rolunda olan ABŞ-nin artıq Çinlə mübarizədə bir çox köhnə ənənələrindən vaz keçdiyi və aqressivləşdiyi prosesdəyik. XXI əsrin əvvəlindən etibarən Sovet İttifaqının çökməsinə güvənərək dünyada milyonlarla insanın ölümünə səbəb olmaqdan, İsrail mərkəzli siyasətlər qəbul etməkdən başqa bir strategiya tətbiq edə bilməyən ABŞ reallığı var idi. Hazırda isə Çinin yüksəlişini dayandırmaq və qarşısında gördüyü mənzərə ilə mübarizə apara bilmək üçün getdikcə aqressivləşən ABŞ var.
Bu kontekstdə transatlantik münasibətlər də daxil olmaqla bir çox şeyi gözə çıxarmağa hazır olan, qurucusu olduğu sistemi ayaqda saxlaya bilmək naminə öz əlləri ilə çıxılmaz vəziyyətə sürükləyən ABŞ-dan söhbət gedir".
Analitik bildirib ki, ABŞ üçün artıq “Tramplaşma” dövrü qaçılmaz sondur:
"Çinlə mübarizə apararkən hərbi, siyasi və iqtisadi baxımdan özünə fayda verməyəcək heç bir müttəfiqini nəzərə almayan, özünə hərbi, siyasi və sosioloji baxımdan potensial təqdim edə biləcək aktorları isə kimliyinə baxmadan qucaqlaya bilən Tramp ABŞ-si ilə qarşı-qarşıyayıq.
Əgər Çinlə mübarizəni hüquq və universal demokratik qaydalar çərçivəsində aparmağa çalışsa, əlverişsiz mövqedə olacağının fərqindədir. Buna görə də artıq ABŞ-də hüquqi və etik narahatlıqları nəzərə alan bir siyasət yoxdur. Həm öz daxilində, həm də dünyaya qarşı zaman-zaman aqressiv şəkildə güc nümayiş etdirən, bunu edərkən hüquqi və əxlaqi dəyərlərə sadiq qalmağa ehtiyac duymayan ABŞ var.
Amerikada artıq bir strategiya siyasi baxımdan doğrudursa, əxlaqi və hüquqi ziddiyyətlərin heç bir əhəmiyyəti yoxdur".
Politoloq qeyd edib ki, Nyu-Meksiko ştatı Demokratların güclü olduğu və üstünlük təşkil etdiyi ştatdır:
"ABŞ bir tərəfdən dünyaya, keçmiş müttəfiqlərinə və Çinə qarşı siyasətlərini sərtləşdirərkən, daxilində özünə qarşı çatlaq səslərin yaranmasına da imkan vermək istəmir.
Trampın Çini və düşmənlərini tarazlamaq üçün ticarətdən, embarqolardan istifadə etmək istədiyini bilirik. Çinə vaxt itirtmək və ticarəti, istehsalı yenidən ABŞ mərkəzli bir düzənə çevirərək həm siyasi, həm də hərbi üstünlüklər yaratmaq istəyir.
Nyu-Meksiko isə Trampın gömrük tariflərinə və siyasətlərinə qarşı məhkəməyə müraciət edən ştatlar arasındadır. Buna görə də Tramp kontekstində yeni ABŞ artıq mübarizənin sərtləşəcəyi şərtlərə özünü hazırlamaqla məşğuldur. Bunu edərkən də çox demokratik olacağını düşünmürəm.
Həmçinin ABŞ-də keçiriləcək seçkilər belə artıq demokratik şəkildə baş tutmaya bilər. Çünki başda ABŞ olmaqla bir çox dövlət daxili siyasətin qarışıqlığında yeni dövrün sarsıdıcı qarşıdurma və xaosları qarşısında zəif düşmək istəmir".
Mütəxəssis demokratiya və hüququn arxa plana keçəcəyi, təhlükəsizliyin ön plana çıxacağı prosesin artıq çoxdan başladığını vurğulayıb:
"ABŞ Çinlə mübarizə aparmaq üçün həm daxilində, həm də xaricində güc nümayiş etdirir. Bəlkə də ştatın adı rəsmi olaraq heç vaxt dəyişməyəcək, amma “Trampsallaşan” ABŞ-də artıq Tramp və Cey Di Vens məktəbi digər məktəblərlə ciddi qarşıdurma prosesinə girir.
Trampın həm ABŞ-də, həm də dünyada verdiyi əsas mesaj məhz budur. ABŞ açıq şəkildə deyir: “Mən hegemonluğumu nəyin bahasına olursa-olsun itirməyəcəyəm, əgər mən itirəcək olsam, heç kim hegemon ola bilməyəcək”".