"Netanyahunun süqutu və ABŞ-İran arasında imzalanan yekun razılaşma Yaxın Şərqdə yeni geosiyasi mərhələnin əsasını qoyacaq"
ABŞ və İran arasında nüvə böhranı üzrə illərdir davam edən gərginlik diplomatik təmaslarla həll mərhələsinə qədəm qoyub. Pakistan rəhbərliyi tərəflər arasında imzalanacaq müqavilənin iyunun 19-da İsveçrədə baş tutacağını açıqlayıb.
Sənəddə Livan da daxil olmaqla bütün istiqamətlərdə hərbi əməliyyatların dayandırılması əks olunub. İranın nüvə fəaliyyətinə dair müxtəlif arqumentlər səsləndirilsə də, vahid şərtlər açıqlanmayıb. ABŞ-nin vitse-prezidenti Cey Di Vensin son açıqlamasına görə, sənəddə İranın HƏMAS, Hizbullah və Husilərə verdiyi dəstəyin dayandırılması nəzərdə tutulur. Tərəflər sülhə doğru addımlasalar da, gizliliyini qoruyan şərtlər prosesin yekun nəticəsini proqnozlaşdırmağı çətinləşdirir.
Mövzu ilə bağlı İranın Azərbaycandakı keçmiş səfiri Əfşar Süleymani Sherg.az-a bildirib ki, yekun razılaşmaya nail olmaq üçün 60 gün ərzində danışıqların aparılması planlaşdırılır:
“ABŞ iyunun 19-da Hörmüz boğazındakı limanların blokadası tam şəkildə qaldırılacaq. Qarşıqlıqlı olaraq İran da gəmilərin sərbəst keçidini bərpa edir. Hörmüzə nəzarətin Oman və İran arasında bölüşdürülməsi planlaşdırılır. İran tərəfi ABŞ-nin bu məsələyə müdaxilə etməməsini tələb edib. Çünki Hörmüz boğazına daxil olan suların bir hissəsi İranın, digər hissəsi isə Omanın ərazisinə aiddir. Tehrana qarşı tətbiq edilən sanksiyaların tam şəkildə aradan qaldırılması və nüvə proqramına dair məsələlər də müzakirəyə çıxarılacaq. İlk başda Tehranın uran fəaliyyətini qeyri-qanuni elan edən ABŞ, masada yaranan yeni geosiyasi balansın qarşısında geri addım atmalı oldu. Nəhayət müşahidəçilərin nəzarəti əsasında az miqdarda istifadə hüququ verilib”.
Sabiq səfirin sözlərinə görə, İranda saxlanılan 450 kiloqram uranın taleyinin necə olacağı da, 60 gün ərzində müəyyənləşəcək:
“İran müharibə başlamadan öncə, uranın dinc məqsdələrə xidmət etdiyini açıqlayırdı. Əgər ABŞ və İsrail danışıqlar ərəfəsində hərbi addımlar atmaq əvəzinə, Tehranın şərtləri ilə razılaşsaydılar proseslər müharibəyə doğru yol almayacaqdı. Müharibənin gətirdiyi çətinliklər hər iki tərəfin tələblərini yumşaldaraq kompromis axtarmağa məcbur etdi. Hizbullahın tərkisilah edilməsi də razılaşmanın şərtlərinə daxil edilib. Lakin bu məsələ heç də asan həll olunmayacaq. Açığı, onların silahı yerə qoyacağına inanmaq çətindir. Yeganə çıxış yolu, bu qüvvələrin Livan daxilində tamamilə siyasi partiyaya çevrilməsi ola bilər. Çünki onları parlamentdə təmsil edən deputatlar var”.
Ə.Süleymani qeyd edib ki, razılaşmanı təhlükəyə atan yeganə ünsür İsraildir:
“Atəşkəslə bağlı məsuliyyəti üzərinə götürən Tramp, İsraili hücum planlarından geri addım atmağa məcbur etməlidir. İran və ABŞ-nin masada ortaq məxrəcə gəlməsi, Yaxın Şərqdəki düyünləri tək-tək açacaq. Razılaşma, regional gərginliyin əsas episentri sayılan İsrail-Hizbullah cəbhəsində də sabitliyin bərqərar olması üçün əlverişli imkan yaradacaq. Netanyahunun oturduğu stul da laxlamağa başlayıb. İsrailin daxilində və beynəlxalq səviyyədə ona qarşı nifrət bəsləyənlərin sayı artıb. Təsadüfü deyil ki, o, hakimiyyəti əlində saxlamaq üçün ölkənin gündəmini hərbi əməliyyatlarla doldurur. Oktyabr ayında, Təl-Əvivdə keçiriləcək seçilərdə onun Likud partiyası uduza bilər. Siyasi arenadan gediş isə Baş nazir üçün birbaşa məhkəmə prosesinin başlanması deməkdir”.
Analitikin qənaətinə görə, Netanyahunun süqutu və ABŞ-İran arasında imzalanan yekun razılaşma Yaxın Şərqdə yeni geosiyasi mərhələnin əsasını qoyacaq:
“İran daxilində saziş əleyhinə keçirilən etiraz aksiyalarının arxasında xarici qüvvələrlə əlaqəli olan radikal qruplaşmalar dayanır. Yaxın gələcəkdə həm İsraildə, həm də İranda radikal elementlərin "təmizlənməsi" mərhələsinə şahid olacağıq. ABŞ və İsrailin İran üzərində qurduğu senarilər fərqlənməyə başlayıb. Tehranın Livana endirilən zərbələrin dayandırılması ilə bağlı tələbi Vaşinqton tərəfindən müsbət qarşılanıb. Lakin İsrailin strateji kursu həmişə İrandakı rejimin devrilməsinə yönəlib. Tramp artıq gördü ki, Netanyahu radikal siyasəti ilə ən çox ABŞ-yə zərər vurur. ABŞ İranla razılaşma əldə etdikdən sonra Qəzza və Fələstin probleminin həllinə də yönələ bilər. Beynəlxalq birliyin əksəriyyəti, Fələstinin müstəqil dövlət kimi tanınmasının tərəfdarıdır. Əgər bu proses də həllini taparsa, Yaxın Şərq çoxdan gözlənilən sabitliyə qovuşacaq”.