Son xəbərlər

İran ordusu sərhədlərdə yerləşdirilib və əməliyyata hazırdır

İran silahlı qüvvələri ölkənin sərhədlərində yerləşdirilib və ABŞ-ın mümkün quru müdaxiləsini dəf etməyə hazırdır.

Sherg.az xəbər verir ki, bunu İran ordusunun Quru Qoşunlarının komandan müavini Nöuzər Nemati bildirib.

Onun sözlərinə görə, İran Silahlı Qüvvələri belə bir ssenariyə əvvəlcədən hazırlaşıb, müvafiq planlar hazırlayıb, hərbi bölmələri zəruri silah və texnika ilə təmin edib.

Nemati Vaşinqtonu xəbərdar edib ki, ABŞ-ın quru müdaxiləsinə cəhd göstərməsi Amerika ordusu üçün ciddi itkilərlə nəticələnəcək və onun vəziyyətini daha da ağırlaşdıracaq. İranlı generalın iddiasına görə, ABŞ belə bir əməliyyatın İrana qarşı uğurla həyata keçirilməsinin mümkün olmadığını anlayır. Bu barədə ISNA agentliyi məlumat yayıb.

Bundan əvvəl İran Xarici İşlər Nazirliyi Vaşinqtonu 2003-cü ildəki “İraq ssenarisini” təkrarlamağa cəhd göstərməkdə ittiham edib. Tehran hesab edir ki, ABŞ İranı kimyəvi və bioloji silah hazırlamaqda ittiham etməklə mümkün müdaxilə üçün ictimai rəyi hazırlamağa çalışır.

Oktyabr ayında İran ordusunun Quru Qoşunlarının komandanı Əli Cahanşahi ölkə sərhədlərində ən azı 50 hərbi bölmənin yerləşdirildiyini bildirib.

Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail İran ərazisindəki obyektlərə zərbələr endirməyə başlayıb və bu, Tehranın cavab zərbələrinə səbəb olub. Nisbi sakitliyə baxmayaraq, münaqişə hələ də həll olunmayıb və hərbi əməliyyatların yenidən başlanması təhlükəsi qalmaqdadır.