ABŞ İranın 3 neft tankerini vurdu

ABŞ hərbçiləri İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmilərinə raket zərbəsi endirməyə cəhdindən sonra İrana məxsus üç neft tankerinə hücum edib.

Sherg.az xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.

ABŞ komandanlığının versiyasına görə, sentyabrın 5-də SEPAH yerli sularda patrul xidməti aparan ABŞ-ın aviadaşıyıcısına və esminesinə ballistik raketlər buraxıb. Gəmilərə ziyan dəyməyib və ABŞ hərbçiləri arasında xəsarət alan olmayıb.

Buna cavab olaraq CENTCOM qüvvələri ABŞ tərəfinin SEPAH-la əlaqələndirdiyi üç tankerə zərbələr endirib.

“Downy” tankeri Xark adası yaxınlığında sıradan çıxarılıb, “Stark 1” tankeri isə Cask şəhəri ərazisində vurulub.

ABŞ hərbçiləri Oman körfəzində boş vəziyyətdə olan “Kylo” tankerini də məhv edib. Hücumdan əvvəl gəminin heyətinə tankeri tərk etmək əmri verilib. Bundan sonra gəmiyə bir neçə zərbə endirilib.