ABŞ-nin nüfuzlu nəşri "The New York Times" yazır ki, Mark Rütte NATO-nun baş katibi postuna əsasən ABŞ Prezidenti Donald Tramp ilə münasibətləri idarə etmək və onu sakitləşdirmək bacarığına görə seçilib.
Sherg.az-ın məlumatına görə, qeyd olunur ki, bu xüsusiyyət xüsusilə yanvar ayında özünü göstərib. Həmin vaxt Tramp ABŞ-nin Qrenlandiya üzərində nəzarət əldə etmək niyyətindən danışmış, hətta NATO üzvü olan Danimarkaya qarşı güc tətbiqini istisna etməmişdi.
Davosda keçirilən görüş zamanı Rütte Trampa belə cavab verib:
"Əgər siz Qrenlandiyanı ələ keçirmək istəyirsinizsə, biz sizə kömək edə bilmərik. Amma təhlükəsizlik məsələlərində sizə dəstək verə bilərik."
Nəşrin məlumatına görə, bundan sonra Rütte alyansın Qrenlandiyada əvvəldən mövcud olan hərbi təlim planlarını Arktikada yeni NATO missiyası kimi təqdim edib. Bildirilir ki, bu addım Trampın sərt bəyanatlarını müvəqqəti yumşaltsa da, danimarkalı tərəfdaşlarda narazılıq və etimadsızlıq yaradıb.
Məqalədə həmçinin xatırladılır ki, bu ilin aprelində Ağ Evdə Tramp və Rütte arasında keçirilən görüş gözlənilən nəticəni verməyib. Məlumata görə, ABŞ lideri NATO müttəfiqlərinin Yaxın Şərq siyasətindən və Avropa ölkələrinin kifayət qədər dəstək göstərməməsindən narazı qalıb. Bu səbəbdən görüş Qərbin ümid etdiyi nəticələri verməyib.