- Həşim Səhrablı: “NATO artıq Soyuq müharibə dövründəki kimi çəkindirici güc deyil”
- "ABŞ-nin bu tələbi artıq müəyyən zaman çərçivəsində Avropa tərəfindən də ciddi qarşılanacaq. Çünki hələ Avropanın özünə aid müdafiə mexanizmi, yəni alternativ müdafiə mexanizmi formalaşmayıb"
ABŞ-nin müharibə naziri Pit Heqsetin NATO-nu “kağız pələng” və “təktərəfli küçə” adlandırması alyansın gələcəyi ilə bağlı müzakirələri yenidən gündəmə gətirib.
Vaşinqtonun Avropa müttəfiqlərinə yönəltdiyi sərt tənqidlər, xüsusilə müdafiə xərclərinin bölüşdürülməsi və hərbi öhdəliklərin yerinə yetirilməsi məsələləri NATO daxilindəki fikir ayrılıqlarını bir daha üzə çıxarıb. Heqsetin sözlərinə görə, alyans uzun illər ABŞ-nin üzərinə düşən yük hesabına fəaliyyət göstərib və artıq Avropa ölkələri öz təhlükəsizliklərinin təmin olunmasında daha böyük məsuliyyət götürməlidirlər.
Pentaqon rəhbərinin bəyanatları təkcə maliyyə məsələləri ilə məhdudlaşmır. Onun NATO-nun real çəkindirmə qabiliyyətini itirdiyi və “NATO 3.0” formatında yenidən qurulmasının vacibliyi barədə fikirləri alyansın hərbi-siyasi effektivliyi ətrafında suallar yaradır. Bəs həqiqətənmi NATO əvvəlki gücünü itirib? ABŞ-nin Avropa müttəfiqlərindən daha çox məsuliyyət tələb etməsi nə dərəcədə əsaslıdır və bu yanaşma alyansın gələcəyinə necə təsir göstərə bilər?

Hərbi-siyasi ekspert Həşim Səhrablı Sherg.az-a söyləyib ki, son baş verənlər fonunda NATO, ən azından Soyuq müharibə illərində olduğu qədər effektiv bir təşkilat, çəkindirici bir güc olmadığını nümayiş etdirmiş oldu:
“Rusiyanın Ukraynadakı əməliyyatları, eyni zamanda Rusiya PUA-larının NATO ölkələrinin sərhədlərini keçməsi, Rumıniyada binaya zərbə endirməsi kimi hallar göstərdi ki, alyans adekvat və qabaqlayıcı cavab tədbirlərinə belə hazır deyilmiş. Eyni zamanda NATO artıq çəkindirici qüvvə kimi Rusiya tərəfindən qəbul olunmur. Belə olsaydı, Rusiya nə Ukraynadakı əməliyyatlara başlayardı, nə də NATO ölkələrini birbaşa təhdid edən təxribat xarakterli addımlara cəhd edərdi. Ona görə də Heqsetin məsələyə məhz bu prizmadan yanaşdığını düşünürəm. O, NATO-nun “kağız pələng” olmasını iddia edərkən də bu faktlara söykənir".
O ki qaldı NATO-nun maliyyələşdirilməsi məsələsində Heksetin, yəni ABŞ-nin mövqeyinə, ekspert qeyd edib ki, burada ABŞ heç də hüquqdan kənar tələblər irəli sürmür:
“Çünki NATO elə bir qurumdur ki, burada bütün üzvlər bərabərhüquqludur. Yəni faydalar bərabər şəkildə bölünəcəksə, yüklər də bərabər şəkildə qarşılanmalıdır. Fikir verirsinizsə, Avropa dövlətləri, ABŞ-nin bu tələbləri qarşısında çox vaxt səssiz qalırlar, imtina etmirlər və bunu inkar edəcək hansısa arqumentlərlə çıxış etmirlər. Nəticə etibarilə demək olar ki, ABŞ-nin bu tələbi artıq müəyyən zaman çərçivəsində Avropa tərəfindən də ciddi qarşılanacaq. Çünki hələ Avropanın özünə aid müdafiə mexanizmi, yəni alternativ müdafiə mexanizmi formalaşmayıb. Avropa dövlətləri NATO çərçivəsində öz təhlükəsizliklərinə önəm verirlərsə və bunu qoruyub saxlamaq istəyirlərsə, bunun üçün əsas şərt NATO-nun güclü bir təşkilat kimi qorunub saxlanılmasına nail olmaqdır. Bunu edə bilmək üçün də, əlbəttə ki, ilk növbədə tərəflər büdcə məsələsini aydınlaşdırmalı, öhdəliklər və digər texniki, inzibati problemləri həll etməlidirlər”.