FIFA İnfantinonun imicinə milyonlar xərcləyəcək

FIFA təşkilatın və onun prezidenti Canni İnfantinonun imicini yaxşılaşdırmaq məqsədilə Londonun "Ten Toes Media" marketinq agentliyi ilə təxminən 3,1 milyon dollar məbləğində müqavilə bağlayıb.

Oxu.Az bu barədə "The Times" qəzetinə istinadən xəbər verir.

Qeyd olunur ki, müqavilə 2025-ci ilin mart ayında imzalanıb və 2026-cı ilin sonuna qədər olan dövrü əhatə edir. Qəzetin tanış olduğu müqavilə nüsxəsinə əsasən, agentlik FIFA-nın sosial şəbəkələrdəki hesablarının idarə olunmasına dəstək verməkdən məsuldur.

Xatırladaq ki, iyul ayında İnfantinonun təşkilatın əsas kişi və qadın yarışlarına nəzarət edəcək şirkət yaratmaq istədiyi məlum olmuşdu. Onun fikrincə, "FIFA Forward Enterprise"ın yaradılması FIFA-ya üzv assosiasiyaların gəlirlərini artıracaq və bütün dünyada futbolun inkişafına təkan verəcəkdi.

İnfantinonun 56 yaşı var. O, 2016-cı ilin fevralında FIFA prezidenti seçilib. Bundan sonra o, alternativsiz əsasda iki dəfə yenidən seçilib. FIFA rəhbərinin növbəti seçkisi 2027-ci ilin martında Mərakeşdə keçirilməlidir.