ABŞ ordusu İranın Hörmüz boğazına nəzarət iddiasını rədd edib

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İranın Hörmüz boğazına nəzarət etdiyi barədə açıqlamalarını təkzib edib.

Sherg.az Anadolu Agentliyinə istinadən xəbər verir ki, CENTCOM-un ABŞ-ın “X” sosial şəbəkəsindəki hesabında yayılan açıqlamada İran İslam İnqilabı Keşikçiləri Korpusunun donanmasının olmadığı bildirilib.

“ABŞ qüvvələri və regional tərəfdaşları Hörmüz boğazına açıq şəkildə nəzarət edir”, – deyə açıqlamada qeyd olunub.

CENTCOM həmçinin ABŞ qüvvələrinin Körfəz ölkələrindəki tərəfdaşlarına bazar ertəsi günü boğaz vasitəsilə 19 milyon bareldən çox xam neftin daşınmasına kömək etdiyini iddia edib.

Vaşinqtonla Tehran arasında qlobal neft daşımaları baxımından strateji əhəmiyyət daşıyan Hörmüz boğazına nəzarətlə bağlı gərginlik son günlər artıb. İran İslam İnqilabı Keşikçiləri Korpusunun Hərbi Dəniz Qüvvələrinin nümayəndəsi isə bir gün əvvəl ABŞ hərbi gəmilərini boğaza yaxınlaşacaqları təqdirdə batırmaqla hədələyib.