ABŞ riyakarlığı: Bu siyasət xeyir gətirməyəcək!
ABŞ siyasətin təməlində yalnız öz maraqlarının dayandığı, riyakarlığın, xəyanətin və satqınlığın dövlət siyasəti səviyyəsinə yüksəldiyi aydın görünür.
Ukraynanın, Moldovanın, Gürcüstanın ərazi bütövlüyünü dəstəkləyən, Abxaziya və Cənubi Osetiyanı Gürcüstanın, Dnestryanını Moldovanın, Donbası və Krımı Ukraynanın ayrılmaz hissəsi kimi görən, bütün beynəlxalq platformalarda bu ölkələrə dəstək verən ABŞ 30 ilə yaxın ərazisinin işğal altında olduğu Azərbaycana heç bir dəstək vermədi, daha çox işğalçı Ermənistanın maraqlarına cavab verən addımlar atdı.
Bu gün Ukraynaya verilən dəstəyin cüzi hissəsi Azərbaycana verilsəydi, torpaqlarımız uzun onilliklər işğal altında qalmazdı.
ATƏT MQ-nin həmsədri kimi ABŞ heç bir iş görmədi, həmsədrlər turist səfərləri gerçəkləşdirdilər, növbətçi bəyanatlar verdilər. Bu təşkilat və onun həmsədrlərindən biri olan ABŞ uzun illər münaqişənin dondurulmuş vəziyyətdə qalması üçün əlindən gələn hər şeyi etdi. Qarabağdakı qondarma rejimə hər il mina təmizləmə adı altında milyonlarla dollar yardım verildi. Separatçılar ABŞ-a səfər edərək “Qarabağa yardım” adı altında vəsait topladılar. Məhz ABŞ-da Qarabağdakı cinayətkar rejimin ofisi yaradıldı, rejimin nümayəndələri Amerikaya səfər edərək ayrı-ayrı səviyyələrdə görüşlər keçirdilər. Bütün bunlar Ermənistan-Azərbaycan münaqişəsinin həllinə ABŞ-ın münasibətinin göstəricisidir. Üzdə Azərbaycanın ərazi bütövlüyünə dəstək ifadə olunsa da, arxada Ermənistan və Qarabağdakı separatçı rejimə dəstək verildi.
ABŞ hegemon dövlət kimi bütün dünyaya öz iradəsini diqtə etmək üçün beynəlxalq sistemi qorxudacaq düşmən obrazı yaratdı və İslamı “sivil dünyanın” əsas düşməni elan etdi. İslamofobiyanın dövlət siyasəti səviyyəsinə yüksəldiyi bu ölkə terrorla mübarizə adı altında təkcə müxtəlif ölkələrin daxili işlərinə müdaxilə etmədi, həm də müsəlman ölkələrini hədəfə götürdü. “Ərəb baharı” ssenarisinin reallaşdırılması nəticəsində Yaxın Şərq ölkələrində hakimiyyətlər devrildi, vətəndaş qarşıdurmalarına rəvac verildi. Bu ssenarinin mümkün olmadığı İraq,Liviya kmi ölkələr isə təcavüzə məruz qaldılar.
İraqın guya “nüvə silahına” malik olduğu görüntüsü yaradaraq bu ölkəyə təcavüz etdilər, nəticədə bir milyon iraqlı öldü, şəhər və kəndlər dağıdıldı, ölkənin milli sərvətləri nəzarətə götürüldü və hazırda da talan edilir. Müəmmər Qəddafinin devrilməsindən sonra Liviyada başlanmış vətəndaş qarşıdurması hələ də səngimək bilmir. Yaxın Şərqdə milyonlarla insanın qətli, iqtisadi infrastrukturun dağıdılması, şəhər və kəndlərin xarabazara çevrilməsi və bu problemin hələ uzun illər davam edəcəyi reallığı Amerikanın Şərqə gətirdiyi “demokratiyanın” nəticəsidir.
İndiyədək müsəlmanların işgəncələri və öldürülməsi ilə tanınan biabırçı Əbu-Qreyb, Quantanamo qalmaqallarına görə məsuliyyət daşıyan ABŞ bu gün özünü “insan haqlarının havadarı” kimi təqdim edir.
Dünyada bütün gərginlik nöqtələri ABŞ-ın istəyi və planlarına uyğun yaradılır, bütün siyasi oyunların bir məqsədi var: hər hansı regionda və ya ölkədə Amerikanın maraqlarını təmin etmək, həmin ərazinin sərvətlərini nəzarətə götürmək və istismar etmək. ABŞ-ı nə demokratiya, nə insan hüquqları, nə sülh, nə də sabitlik maraqlandırır. Cənubi Amerika, Afrika, Asiyanın böyük bir hissəsi Amerikanın siyasi oyunları üçün poliqona çevrilib.
Azərbaycan da uzun illər ABŞ-ın geosiyasi oyunlarından əziyyət çəkib, ölkəmizdə bu və ya digər hakimiyyət çevrilişinin reallaşdırılmasına cəhdlər göstərilib. Siyasi müxalifətin maliyyələşdirilməsi, təlimatlandırılması, QHT sektorunun, medianın siyasi oyunlara cəlb edilməsi, bir sözlə ölkədə vətəndaş itaətsizliyi mühitinin yaradılması istiqamətində ardıcıl iş aparılıb. Bunun əsas məqsədi də o idi ki, Azərbaycanda ABŞ-ın maraqlarına sözsüz itaət edən hakimiyyət formalaşdırılsın və onun əli ilə Azərbaycan ərazilərinin işğalı legitimləşdirilsin. Lakin bu cəhdlər, çoxsaylı planlar baş tutmadı.
ABŞ Azərbaycanı “suriyalaşdırmağa” cəhdlər edib, ölkənin güclənməsi, inkişaf etməsi və işğal altındakı Qarabağı azad etməsinə imkan verməmək üçün bir neçə dəfə “rəngli inqlilablar” planı hazırlanıb. Amma iqtidar-xalq birliyi sayəsində bu çirkin planların heç biri reallaşmayıb.
44 günlük müharibədən sonra Azərbaycanda iqtidar-xalq birliyinin daha da gücləndiyini anlayan ABŞ bu gün taktikasını dəyişərək ələbaxan müxalifətdən yox, milli dəyərlərə böyük təhlükə olan LGBT, əxlaqsızlığı təbliğ edən “feministlər”, Vətən Müharibəsindəki Zəfəri dəyərsizləşdirməyə çalışan “NO WAR”çılardan istifadə etməyə çalışır, qatı ermənipərəst və antitürk, anti-azərbaycan düşüncəli Samanta Pauerin rəhbəri olduğu USAİD xətti ilə bu qruplara maliyyə ayırır.
Azərbaycan bütün təzyiqlərə müqavimət göstərməyi bacardı və öz gücünə torpaqlarını işğaldan azad etdi. Təbii ki, bu gücə və cəsarətə malik Azərbaycanın mövcudluğu ABŞ, Fransa və digər bu kimi ölkələrin maraq və məqsədlərinə uyğun gəlmir. Buna görə bu gün də rəsmi Vaşinqton Ermənistanla Azərbaycan arasında problemin həllinə ciddi səy göstərmir, yalnız görüntü yaradır.
Vaşinqtonda son görüşdə əldə olunmuş razılığa əsasən, sentyabrın 1-də bölgədə yollar açılmalı və Ağdam-Xankəndi marşrutu işə düşməli idi. Blinken Azərbaycan rəhbərliyi ilə danışıqlar zamanı həm Laçın, həm Ağdam yolunun açılmasını xahiş etsə də, ABŞ razılaşmaya müqavimət göstərən Ermənistan rəhbərliyi və Qarabağdakı separatçılara təzyiq göstərmək əvəzinə, öz mövqeyindən geri çəkildi və bu gün istər Dövlət Departamenti, istərsə Konqresdə yalnız Laçın yolunun açılmasının zəruriliyindən danışılır.
Bir qrup separatçını razı salmağı bacarmayan və ya istəməyən ABŞ bu gün öz cəsarətsizliyi və riyakarlığına görə günahı Azərbaycanın üzərinə atmağa cəhd göstərir.
Qarabağda keçirilmiş “seçkilər”ə münasibətdə də ABŞ riyakarlığının şahidi olduq – 9 sentyabrda “keçirilmiş seçkilər”dən sonra aparıcı dövlətlər və təşkilatlar qanunsuz rejimi və onun “seçkilərini” tanımadığını bəyan etdiyi halda, Vaşinqton susmağa üstünlük verdi. Yalnız Azərbaycanın təzyiqlərindən sonra ABŞ Dövlət Departamenti sıravi təmsilçisi səviyyəsində şifahi şəkildə “seçkini” tanımadığını bildirmək zorunda qaldı.
ABŞ Dövlət Departamentinin təmsilçisi Lui Boninu regiona göndərib, amma bu səfər bölgədə problemlərin həllinə heç bir töhfə vermədi və nəticəsiz qaldı. Çünki ABŞ öz niyyətində səmimi deyil – Amerikanı sülh maraqlandırmır. Əks təqdirdə, ABŞ Dövlət Departamentinin nümayəndəsi Yuri Kim Konqresdəki çıxışında mövcud olmayan “Dağlıq Qarabağ xalqının hüquqları”ndan danışmazdı. ABŞ bugünkü reallıqları görməzdən gəlir və ciddi cəhdlə Qarabağdakı hərbi xuntanı leqallaşdırmağa çalışır.
Faktiki olaraq bu gün ABŞ Fransa ilə yanaşı Qarabağ ermənilərinin reinteqrasiya prosesinə imkan verməyən və Ermənistandakı revanşist qüvvələri stimullaşdıran tərəf qismində çıxış edir. Fransanın belə açıq ermənipərəst siyasəti sayəsində bu gün Paris regional proseslərdən tam təcrid olunub və vasitəçilik ümidlərini itirib. Belə getsə eyni aqibət özünü bölgədə xristian missioner kimi aparan ABŞ-ı da gözləyir.
ABŞ-ın bugünkü riyakar siyasətinin Ermənistana xeyir verəcəyini düşünmək sadəlövhlükdür. Bu siyasət heç kimə xeyir gətirməyəcək. Azərbaycana öz ərazisində yaşayan erməni azlıqla reniteqrasiya prosesinə maneə yaradılır, Ermənistan isə “ikinci Ukrayna”ya çevrilir. Ukraynanı qızışdıraraq Rusiya ilə müharibəyə sövq edən və silah-sursat təchizatı ilə manipulyasiya edərək Kiyevi tamamilə özündən asılı vəziyyətə salan ABŞ bu gün faktiki olaraq Ukraynanı qurban verib. On minlərlə ukraynalının ölümü, şəhər və kəndlərin yer üzündən silinməsi, ölkənin az qala 25 faizinin işğalından sonra ABŞ indi Ukraynanı ərazi işğalı ilə barışmağa məcbur etmək istəyir. Necə ki 30 il Azərbaycanı da torpaqlarının işğalı ilə barışmağa sövq etməyə çalışırdı.
Ukraynanın qurban verildiyi bu müharibədə ABŞ böyük pullar qazanır, LNG (mayeləşdirilmiş təbii qaz) ilə Avropanın qaz bazarını tamamilə nəzarətə götürür. Ekologiya üçün ziyana görə, az qala, qara kömür qədər təhlükəli olan LNG Avropa bazarında üstünlük təşkil etməyə başlayıb, amma indiyədək heç bir ekoloji təşkilat, ekofəallar və s. buna etiraz səsini qaldıra bilmir.
ABŞ-ın Ukraynanı sürüklədiyi vəziyyət 2008-ci ildə Gürcüstandakı müharibəni xatırladır. Onda da M.Saakaşvilini Rusiya ilə müharibəyə təhrik edən ABŞ sonra onun arxasından çəkildi, nəticədə Moskva nəzarət etdiyi Gürcüstan ərazilərinin işğalını, faktiki olaraq, rəsmiləşdirdi.
ABŞ Türkiyəni “ikinci Suriya”ya çevirməyə cəhd edib və 2016-cı ildə özünün yaratdığı və maliyyələşdirdiyi FETO təşkilatının əli ilə çevrilişə cəhd göstərib. Yalnız Türkiyə rəhbərliyinin qətiyyəti və xalqın dəstəyi sayəsində Türkiyə bu təhlükədən xilas ola bilib. Amma bu gün də Türkiyəyə qarşı mübarizə aparan terror təşkilatları birbaşa ABŞ-dan təlimat, silah və maliyyə alır.
Əfqanıstan xaraba qoyan, sonra isə biabırçılıqla qaçaraq terrorçu elan etdiyi, əslində isə özü yaratdığı Talibanı hakimiyyətə qaytaran ABŞ əsl mahiyyətini bu tipli layihələr gerçəkləşdirməklə hər addımda nümayiş etdirir. 20 illik işğal dövründə Amerika Əfqanıstanda bir yol belə çəkmədi, bir məktəb tikmədi.