Pentaqon Aya uçan ilk astronavtlardan birinin UNO ilə bağlı ifadələrini yayıb

Pentaqon naməlum uçan obyektlərlə bağlı məxfi arxiv materiallarının bir hissəsini ilk dəfə ictimaiyyətə təqdim edib.

Oxu.Az xəbər verir ki, yayımlanan sənədlər arasında Aya uçmuş ilk astronavtlardan biri olan Buzz Aldrinin ifadələri də yer alıb.

"Daily Star"ın yazdığına görə, astronavt Ay missiyası zamanı üç qəribə hadisə müşahidə etdiyini bildirib.

Pentaqon Aya uçan ilk astronavtlardan birinin UNO ilə bağlı ifadələrini yayıb - FOTO

Oldrinin sözlərinə görə, ilk naməlum obyekt uçuşdan təxminən bir gün sonra və ya Aya yaxınlaşarkən görünüb.

"Gördüyümüz ilk qeyri-adi obyekt kifayət qədər böyük idi. Buna görə onu monokl vasitəsilə müşahidə etməyə başladıq", - deyə astronavt bildirib.

O, həmçinin ekipaj üzvlərinin kapsul daxilində təkrarlanan işıq parıltıları gördüyünü söyləyib. Astronavtların sözlərinə görə, kabinədə işıqlar söndürüldükdən sonra bir neçə dəqiqədən bir qısa işıq yanıb-sönmələri baş verirdi.

Pentaqon Aya uçan ilk astronavtlardan birinin UNO ilə bağlı ifadələrini yayıb - FOTO

"Yuxuya getməyə çalışarkən kabinənin içində kiçik işıq parıltıları gördüm. Daha sonra kifayət qədər parlaq bir işıq müşahidə etdik və bunun hansısa lazer ola biləcəyini düşündük", - deyə Oldrin əlavə edib.

Məqalədə qeyd olunur ki, "Apollon" missiyalarında iştirak edən astronavtlar dəfələrlə kosmik gəminin yaxınlığında "parlaq obyektlər" gördüklərini bildiriblər.

Sənədlərdə həmçinin UAP - "müəyyən olunmamış anomal hadisələr"lə bağlı yüzlərlə foto, video və stenoqramın yer aldığı vurğulanır.