Aİ-nin missiyasını genişləndirmə cəhdi qanunlara ziddir

Avropa İttifaqının yeganə qayəsi Rusiyanı Cənubi Qafqaz bölgəsindən sıxışdırıb çıxartmaqdır
  
Avropa İttifaqı Ermənistandakı missiyasını genişləndirir. Məlumata görə, 23 vəzifə üzrə vakant yerlər var. Namizədlər mülki hüquqlardan yararlanmalı və onların yerli qanunvericiliyə uyğun olaraq iş icazəsi olmalı, ingilis dilini işçi səviyyəsində bilməli, erməni dili biliyi səviyyəsi də olmalıdır. Qeyd edək ki, bir müddət öncə Aİ-nin missiyası Qafan, İcevan və Yeqeqnadzorda yeni əməliyyat mərkəzləri açacağı barədə məlumat yaymışdı. Xatırladaq ki, fevralın 20-də Ermənistana iki illik mandatla 100 nəfərdən ibarət olan "Avropa missiyası" yerləşdirilib. Belə bir missiya ideyası isə Ermənistanın Azərbaycanla sərhəd təxribatlarından sonra yaranıb.
  Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin rəhbəri Samir Hümbətov "Şərq"ə deyib ki, Avropa İttifaqı fevralın 22-dən bəri Ermənistan-Azərbaycan şərti dövlət sərhədinə yerləşib. Ekspertin sözlərinə görə, elə həmin andan etibarən Ermənistan Azərbaycana qarşı mütəmadi təxribatlar törədib: "Ötən müddət ərzində erməni silahlı qüvvələri dəfələrlə toqquşmalara səbəb olan təxribatlara əl atıb, atəşkəsi pozub. Ancaq Aİ-nin xüsusi missiyası hər dəfə susqunluğunu qoruyub saxlayıb, baş verənlərlə bağlı hansısa açıqlama verməyib. Daha doğrusu, məsələyə barmaqarası yanaşıb. İndiki halda Aİ-nin Azərbaycan-Ermənistan sərhədinə yerləşdirdiyi missiyanı genişləndirmək qərarı da prosesi daha yaxından izləmək, fəaliyyəti gücləndirmək məqsədi daşımır. Avropa İttifaqının yeganə qayəsi Rusiyanı Cənubi Qafqaz bölgəsindən sıxışdırıb çıxartmaqdır. Missiyaya həm də təzyiq vasitəsi kimi baxırlar. Əslində Aİ-nin öz missiyasını genişləndirmə cəhdi qanunlara ziddir. Ümumiyyətlə, Avropa İttifaqının missiyasının bölgəyə gəlişinə rəsmi Bakının icasəzi olmayıb. Bu məsələ mütləq Azərbaycan tərəfi ilə razılaşdırılmalı idi. Ancaq etmədi, göründüyü kimi, qurum genişləndirmə məsələsini də rəsmi Bakı ilə müzakirəyə ehtiyac duymur. Bu da onu göstərir ki, Avropa İttifaqı regionda öz maraqlarını təmin etmək istiqamətində nə Rusiyanı, nə də bölgənin digər dövlətlərini diqqətə almır. Şübhəsiz, bütün bu addımlar son nəticədə bölgədə gərginliyin azalmasına yox, əksinə, artmasına xidmət edir. Bu fəaliyyətdə Fransanın rolunu xüsusi qeyd etmək lazımdır".