Millət vəkilləri də inanır ki, bu Amnistiya Aktından yararlanacaq şəxslər azadlığın dəyərini daha dərindən anlayacaq
Xəbər verdiyimiz kimi Prezident İlham Əliyev "Konstitusiya və Suverenlik İli" münasibətilə amnistiya elan olunması təşəbbüsünü irəli sürüb. Amnistiya Aktının layihəsinə əsasən, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət, habelə ehtiyatsızlıqdan cinayət törətdiklərinə görə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş bir sıra şəxslər cəzadan azad ediləcək və ya cəzalarının çəkilməmiş hissəsi azaldılacaq. Milli Məclisə təqdim olunan Amnistiya Aktının tətbiq ediləcəyi şəxslərin, o cümlədən azadlıqdan məhrumetmə cəzasından azad ediləcək məhkumların sayına görə ən böyük amnistiya olacağı ehtimal edilir. Amnistiya Aktının ümumilikdə 20 mindən çox şəxsə şamil ediləcəyi gözlənilir. Bunlardan 5 mindən çox məhkumun azadlıqdan məhrumetmə cəzasından azad ediləcəyi, həmin cəzaya məhkum olunmuş 3 mindən artıq şəxsin cəzasının azaldılacağı, 7 mindən çox məhkumun azadlığın məhdudlaşdırılması cəzasından, 4 minə yaxın məhkumun azadlıqdan məhrumetmə ilə bağlı olmayan digər cəzalardan və ya şərti tətbiq edilmiş cəzalardan, habelə mindən çox şəxsin cinayət məsuliyyətindən azad ediləcəyi proqnozlaşdırılır.
Azərbaycanda insan hüquq və azadlıqlarının təmin edilməsi dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Bu siyasətin mühüm tərkib hissəsini cəza siyasətində humanizm, mərhəmət və fərdi yanaşma prinsiplərinin tətbiqi təşkil edir. Əfv və amnistiya institutları məhz bu prinsiplərin hüquqi mexanizmləri kimi çıxış edərək, cəzanın tərbiyəvi mahiyyətinin gücləndirilməsinə və məhkumların cəmiyyətə yenidən islah olunmuş şəxs kimi qayıdışına xidmət edir. 1993-cü ilin iyun ayından ölkəmizdə ölüm cəzasının tətbiqinə faktiki moratorium qoyulub. Sonrakı beş il ərzində müxtəlif ağır cinayətlərə görə ölüm cəzasına məhkum edilmiş 120-dən çox şəxs barəsində ölüm hökmü icra olunmayıb. Bunun ardınca 1998-ci il 10 fevral tarixli qanuna əsasən, ölüm cəzasına məhkum olunmuş bütün məhkumların cəzası ömürlük azadlıqdan məhrumetmə ilə əvəz edilib. Əfv və amnistiya aktları yaşamaq, azadlıq və şəxsi toxunulmazlıq hüquqlarının təmini baxımından xüsusi əhəmiyyətə malikdir. 1995-2003-cü illər ərzində imzalanmış 32 əfv fərman və sərəncam ilə ümumilikdə 3104 məhkum cəzanın çəkilməmiş hissəsindən azad edilib. Azərbaycanda amnistiya aktlarının qəbulunu müsbət bir ənənəyə çevirmiş Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə qəbul edilmiş 7 Amnistiya Aktı nəticəsində 77 mindən artıq məhkum həbsdən azad edilərək ailələrinə və cəmiyyətə qovuşub. Prezident cənab İlham Əliyevin hazırkı rəhbərliyi dövründə əfv sərəncamlarının imzalanması və amnistiya aktlarının qəbulu təşəbbüsünün irəli sürülməsi təcrübəsi uğurla davam etdirilir. 1995-2025-ci illər ərzində ümumilikdə 71 əfv fərmanı və sərəncamlar, 1996-cı ildən başlayaraq qəbul olunmuş 12 Amnistiya Aktı minlərlə məhkumun cəzasının çəkilməyən hissəsindən azad edilməsi ilə nəticələnib.
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deyib ki, "Konstitusiya və Suverenlik İli" münasibətilə qəbul ediləcək Amnistiya Aktı əhatə dairəsinə görə ən böyük olacaq. O bildirib ki, Azərbaycan bir dövlət kimi həmişə nümunə olub: "Ölkəmizdə mütəşəkkil cinayətkarlığa qarşı səmərəli mübarizə aparılıb. Eyni zamanda, humanizm siyasəti davam etdirilib. Qürurla deyə bilərik ki, hazırda Azərbaycan 100 min nəfərə düşən məhkumların sayına görə həm MDB məkanında, həm Şərqi Avropada müsbət indikatoru qoruyub saxlayır. Bu, çox mütərəqqi göstəricilərdən biridir. Amnistiya Aktının belə geniş tətbiqi dairəsi təbii ki, heç bir halda kriminogen duruma mənfi təsir etməyəcək. Məncə bu, bizdə həyata keçirilən humanist siyasətin nəticəsinin ən uğurlu göstəricilərindən biridir".
Millət vəkili Sahib Alıyev "Şərq"ə deyib ki, Azərbaycan müstəqillik qazanandan indiyədək 117 min nəfərə şamil olunan 13 Amnistiya Aktı qəbul edilib. Deputatın sözlərinə görə, indiki amnistiya bir növ 2021-ci ildə 8 Noyabr Zəfər Günü ilə bağlı reallaşdırılanın davamı sayıla bilər: "Gözlənilən amnistiyanın əhatə baxımından özündən əvvəlkilərdən daha böyük olması, yəni 20 min nəfər üçün nəzərdə tutulması tam təbiidir. Çünki nəinki müstəqillik dönəmində, ümumiyyətlə, son bir neçə yüz ildə Azərbaycan tarixində çağdaş sərhədlərimiz çərçivəsində suverenliyin tam təmini qədər önəmli heç bir hadisə baş verməyib. Suverenlik yoxdursa, əsl müstəqillikdən danışmaq mümkün deyil, o, sadəcə formal xarakter daşıyır. Biz suverenliyimizi cənab İlham Əliyevin Slovakiya paytaxtında haqqında danışdığı Azadlıq müharibəsinin nəticəsində əldə etdik. O, təkcə torpaqlarımızın işğaldan qurtarılması üçün aparılmırdı, Konstitusiyamızın təntənəsinə, suverenliyimizin təmininə yönəlmişdi. Ən çətin hissəsi məhz diplomatik müstəvidə cəbhədəkindən qat-qat güclü rəqiblərlə getdi. Müzəffər Ali Baş Komandanımızın qazandığı bu qələbə cəbhədəkinin davamı olsa da, əhəmiyyətinə görə onu da kölgədə qoyduğunu təəssüf ki, hələ tam dərk edə bilmirik. Bəlkə, buna da vaxt lazımdır, dağın böyüklüyü ondan uzaqlaşdıqca daha aydın görünür. Çox istərdim ki, nəinki amnistiyaya düşənlər, onların doğmaları, yaxınları, hər kəs bilsin ki, torpaqlarımız üzərində suverenliyimizin təmini müstəqilliyimizin elanından böyük uğurdur".
Deputat Naqif Həmzəyev də bildirib ki, Prezident İlham Əliyev tərəfindən amnistiya elan edilməsi ilə bağlı təşəbbüsün irəli sürülməsi cəmiyyətdə böyük məmnunluqla qarşılanıb: "Milli Məclisə təqdim olunan bu Amnistiya Aktının qısa müddətdə dəstəklənəcəyinə və çoxsaylı insanların bu qərardan yararlanacağına inanırıq. "Suverenlik və Konstitusiya İli" çərçivəsində cənab Prezident tərəfindən irəli sürülmüş bu təşəbbüs son dərəcə humanist və mütərəqqi bir addımdır. İnanıram ki, bu Amnistiya Aktından yararlanacaq şəxslər azadlığın dəyərini daha dərindən anlayacaq. Eyni zamanda gələcəkdə qanunlarımızı pozmağa, hər hansı cinayət əməlinə yol verməyə cəhd göstərməyəcəklər".