Ankara NATO Zirvəsinə hazırlaşır: Proqram açıqlanıb

Türkiyədə gələn həftə keçiriləcək NATO Liderlər Zirvəsinin proqramı məlum olub. Zirvə iyulun 7-də NATO-nun Baş katibi Mark Ruttenin açılış nitqi ilə başlayacaq.

Sherg.az xəbər verir ki, Tədbir çərçivəsində Müdafiə Sənayesi Forumu keçiriləcək, NATO üzvü və tərəfdaş ölkələrin yüksək səviyyəli nümayəndələri bir araya gələcəklər.

İyulun 7-də Prezident Rəcəb Tayyib Ərdoğan və xanımı tərəfindən dövlət və hökumət başçıları üçün rəsmi qəbul və şam yeməyi təşkil olunacaq.

Zirvənin ikinci günü - iyulun 8-də liderlərin iştirakı ilə ailə fotosu çəkiləcək və Şimali Atlantika Şurasının dövlət və hökumət başçıları səviyyəsində iclası keçiriləcək.

Məlumata görə, Prezident Ərdoğanın liderlərlə, xüsusilə də ABŞ Prezidenti Donald Trampla ikitərəfli görüşlər keçirməsi gözlənilir.

Donald Trampın iyulun 7-də Ankaraya səfər edəcəyi, Ərdoğanla görüşündə KAAN layihəsi, F-35 proqramı, Suriya və Qəzzadakı vəziyyət də daxil olmaqla bir sıra mühüm məsələlərin müzakirə olunacağı bildirilir. Görüşdən sonra birgə bəyanat və mətbuat konfransının keçirilməsi gözlənilir.