Ankara NATO Zirvəsinə hazırlaşır: Türkiyəyə 30 milyard lirəlik tanıtım imkanı

İyulun 7-8-də keçiriləcək NATO Zirvəsi ilə əlaqədar Ankarada hazırlıq işləri yekunlaşıb. Tədbirin Türkiyəyə qlobal miqyasda 10-30 milyard lirə dəyərində tanıtım qazandıracağı gözlənilir.

Sherg.az xəbər verir ki, bu barədə Ankara Turizm Dərnəyinin sədri Berker Bülbüloğlu məlumat verib. Onun sözlərinə görə, paytaxtın dörd və beşulduzlu hotelləri beynəlxalq təhlükəsizlik standartları, VIP qonaqların qəbulu, xarici dil bilən personal və digər sahələr üzrə bütün hazırlıqları başa çatdırıb.

Bülbüloğlu bildirib ki, zirvəni işıqlandırmaq üçün dünyanın müxtəlif ölkələrindən təxminən 3 min jurnalist akkreditasiyadan keçib. Onların üçdə ikisini xarici media nümayəndələri təşkil edir. AP, AFP, CNN, BBC və Reuters kimi aparıcı beynəlxalq media qurumları da sammiti Ankaradan işıqlandıracaq.

O əlavə edib ki, bəzi ABŞ nümayəndə heyətləri təhlükəsizlik məqsədilə xidməti itlərlə gələcək və bunun üçün hotellərdə xüsusi saxlanma məkanları yaradılıb.

Ankara Turizm Dərnəyinin hesablamalarına görə, NATO Zirvəsi zamanı formalaşacaq beynəlxalq media görünürlüğü Türkiyəyə təxminən 250-750 milyon ABŞ dolları, yəni 10-30 milyard türk lirəsi həcmində reklam və tanıtım dəyəri qazandıra bilər.