- “Zirvənin əsl uğuru liderlərin gəlməsi ilə yox, qərarlarda Türkiyənin rolunun əks olunması ilə ölçüləcək”
Müasir beynəlxalq münasibətlər sistemində təhlükəsizlik məsələləri dövlətlərarası əməkdaşlığın əsas istiqamətlərindən birinə çevrilib. Bu sahədə aparıcı beynəlxalq təşkilatlardan biri olan NATO-nun zirvə toplantıları qlobal və regional təhlükəsizlik gündəliyinin formalaşmasında mühüm rol oynayır.
Xüsusilə bu cür toplantılara ev sahibliyi edən ölkələr üçün zirvələr onların beynəlxalq nüfuzunun, strateji əhəmiyyətinin və geosiyasi rolunun nümayiş etdirilməsi baxımından xüsusi önəm daşıyır. NATO Zirvəsinin Türkiyənin paytaxtı Ankarada keçirilməsi həm Alyans, həm də Türkiyənin beynəlxalq mövqeyi baxımından diqqət çəkən hadisələrdən biri kimi qiymətləndirilir.
Türkiyənin Azərbaycandakı keçmiş Hərbi Attaşesi, ehtiyatda olan general Yücel Karauz NATO zirvəsinin Türkiyədə keçirilməsi və müzakirə olunacaq mövzular barəsində Sherg.az-ın suallarını cavablayıb:
-Bu zirvənin əvvəlki NATO sammitlərindən fərqi və Türkiyə üçün əhəmiyyəti nədir?
-2026-cı il 7-8 iyul tarixlərində Ankarada keçirilən NATO Ankara Zirvəsi Türkiyə üçün yalnız nüfuzlu tədbir olmaqla məhdudlaşmır. Zirvənin daha mühüm mənası ondan ibarətdir ki, dünya təhlükəsizlik memarlığının yenidən formalaşdığı bir dövrdə Türkiyənin coğrafi mövqedən strateji mərkəz ölkə mövqeyinə keçidini nümayiş etdirir.
NATO-nun rəsmi gündəliyində üç əsas məsələ açıq şəkildə ön plana çıxır: 2025-ci il Haaqa Zirvəsində qəbul edilmiş müdafiə investisiyaları qərarlarının icrası, müdafiə sənayesi istehsalının və təchizat zəncirlərinin gücləndirilməsi, həmçinin Ukraynaya dəstəyin davamlı xarakter almasının təmin edilməsi. Bundan əlavə, 7 iyul tarixində keçirilən Müdafiə Sənayesi Forumu birgə istehsal, birgə təchizat və müdafiə sənayesi potensialının artırılmasına yönəlib.
-Türkiyənin ev sahibliyi etdiyi bu zirvə ölkənin beynəlxalq nüfuzu və NATO daxilindəki mövqeyi baxımından hansı imkanlar yaradır?
-Dünya liderlərinin Ankaraya gəlməsi, şübhəsiz ki, mühüm diplomatik görünürlük yaradır. Lakin bunun nüfuzdan kənar daha konkret mənası da var. Türkiyə artıq NATO-nun yalnız cənub-şərq cinahında yerləşən hərbi ölkəsi kimi deyil, Avropa, Qara dəniz, Qafqaz və Yaxın Şərq təhlükəsizlik məkanlarının kəsişməsində yerləşən əsas aktorlardan biri kimi qiymətləndirilir.
NATO-nun öz təqdimatında da Türkiyənin Aralıq dənizi ilə Qara dəniz arasındakı keçidi tənzimləyən unikal strateji mövqeyinə, qlobal təhlükəsizlikdəki roluna və Alyansın ikinci ən böyük ordusuna malik olmasına xüsusi vurğu edilir.
Fikrimcə, zirvə Türkiyə üçün üç əsas qazanc gətirəcək. Bunlara daxildir: diplomatik əlaqə imkanlarının nümayiş etdirilməsi, müdafiə sənayesinin NATO bazarına daha güclü inteqrasiyası və Türkiyənin Rusiya-Ukrayna, Qara dəniz-Aralıq dənizi və Avropa-Yaxın Şərq oxları arasında strateji əhəmiyyətinin daha görünən hala gəlməsi.
-NATO-nun rəsmi gündəliyində hansı əsas məsələlər yer alır və diqqət mərkəzində hansı mövzular olacaq?
-Rəsmi gündəmlə liderlərin ikitərəfli görüşlərini bir-birindən ayırmaq lazımdır. NATO-nun açıqlanmış gündəliyinə əsasən əsas 5 mövzu var.
Birincisi, müdafiə xərcləri və 5 faiz hədəfinin həyata keçirilməsidir. 2025-ci il Haaqa qərarlarının konkret hərbi potensiala necə çevriləcəyi, hansı hərbi imkanlara üstünlük veriləcəyi və yük bölgüsünün necə aparılacağı müzakirə ediləcək.
İkincisi, Rusiya-Ukrayna müharibəsidir. Ukraynanın təcili müdafiə ehtiyacları, uzunmüddətli hərbi yardımın davamlılığı və NATO-Ukrayna münasibətləri gündəliyin mərkəzindədir. Proqramda Volodimir Zelenski ilə Mark Ruttenin birgə proqramı və NATO-Ukrayna Şurasının işçi naharı da yer alır.
Üçüncüsü, müdafiə sənayesi və birgə istehsaldır. Sursat istehsalı, hava hücumundan müdafiə, raket sistemləri, pilotsuz sistemlər, yeni texnologiyalar, təchizat zəncirləri və birgə satınalma mexanizmləri müzakirə olunacaq.
Dördüncüsü, Qara dəniz və cənub cinahının təhlükəsizliyidir. Rəsmi əsas mövzularla yanaşı, Türkiyə baxımından Qara dəniz təhlükəsizliyi, Rusiya ilə gərginliyin idarə olunması, Yaxın Şərqdəki qeyri-sabitlik və NATO-nun cənub yanaşması mühüm siyasi məsələlərdir. Zirvə öncəsi Türkiyənin ictimai diplomatiya fəaliyyətində hibrid təhdidlər, dezinformasiya, strateji kommunikasiya və transatlantik əməkdaşlıq da xüsusilə ön plana çıxarılıb.
Sonuncu isə ikitərəfli diplomatiyadır. Zirvələrin ən mühüm nəticələrinin bir qismi rəsmi iclas zalından kənarda formalaşır. NATO da ikitərəfli görüşlərin rəsmi zirvə proqramının tərkib hissəsi olmadığını bildirir. Buna görə də Türkiyənin ABŞ və Avropalı müttəfiqlərlə müdafiə əməkdaşlığı, sanksiyalar və təchizat məsələləri kimi mövzuları ikitərəfli təmaslarda müzakirə etməsi gözlənilə bilər. Lakin bunları NATO-nun rəsmi gündəliyi ilə qarışdırmaq olmaz.
-Ankara Zirvəsinin regiona, xüsusilə Qara dəniz hövzəsi və Cənubi Qafqaza verəcəyi əsas geosiyasi mesajı necə qiymətləndirirsiniz?
-Ankara Zirvəsinin ən mühüm geosiyasi mesajı ondan ibarətdir ki, NATO-nun təhlükəsizlik mərkəzi artıq yalnız Mərkəzi və Şərqi Avropaya deyil, həm də Qara dəniz-Qafqaz-Şərqi Aralıq dənizi-Yaxın Şərq xəttinə doğru genişlənir. Bu geniş təhlükəsizlik qurşağının mərkəzində isə Türkiyə dayanır.
Xüsusilə Azərbaycan və Cənubi Qafqaz baxımından da dolayı nəticələr mühüm əhəmiyyət daşıyır. Türkiyənin NATO daxilindəki çəkisinin artması enerji təhlükəsizliyi, Orta Dəhliz, Qara dəniz-Xəzər bağlantısı və Avropa ilə Asiya arasındakı nəqliyyat marşrutlarının strateji əhəmiyyətini artıra bilər.
Ankara Zirvəsi Türkiyə üçün sadəcə “ev sahibliyi diplomatiyası”ndan daha artıq məna daşıyır. Türkiyə bu zirvə vasitəsilə eyni zamanda NATO müttəfiqi, böyük hərbi güc, yüksələn müdafiə sənayesi mərkəzi və müxtəlif böhran bölgələri arasında diplomatik təmaslar qura bilən aktor kimi özünü nümayiş etdirmək imkanı əldə edir. Zirvənin əsl uğuru isə liderlərin Ankaraya gəlməsi ilə deyil. Onların Ankaradan çıxacaq qərarlarda Türkiyənin təhlükəsizlik baxışının və sənaye potensialının nə dərəcədə öz əksini tapacağı ilə ölçüləcək.