Avropada ən çox PKK-çı terrorçular məhz İsveçdədir

Buna görə NATO-ya üzvlük məsələsində Türkiyə maksimum dirəniş göstərir
Türkiyə parlamenti İsveçin ötən ilin iyununda NATO sammiti çərçivəsində imzalanmış Madrid Memorandumunda nəzərdə tutulan terrorla mübarizədə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsini gözləyir. Bunu Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş bildirib. Parlament sədri vurğulayıb ki, Türkiyə İsveçdən öhdəliklərini yerinə yetirməyi tələb edir: "Biz İsveçdə antiterror qanununun qəbulunu müsbət qarşılayırıq. Lakin onun həyata keçirilməsi üçün konkret addımlar lazımdır. Bu, Türkiyənin ədalətli tələbidir. Əks halda, ərizəni təsdiq etməyəcəyik”.
Politoloq Əhəd Məmmədli "Sherg.az"a deyib ki, NATO-ya üzvlük məsələsində Türkiyənin maksimum dirəniş xətti var. Ekspertin fikrincə, həmin andan sonra qərarlar real vəziyyətə uyğun qəbul olunur: 
"İsveç PKK-nın yaylağıdır. Avropada ən çox PKK-çı terrorçular məhz İsveçdə özlərinə imkan, şərait tapırlar. Düzdür, İsveç Ankaranın tələbləri üzərindən antiterror qanunu qəbul edib. Ancaq bu, məsələnin həlli anlamına gəlmir. Bəlkə İsveç PPK-nı terror təşkilatı kimi tanımayacaq. Ona görə də konkret PKK terrorçularına aid qərarlar olmalıdır. Həm də təbii ki, terrorçulara qarşı əməli addımlar atılmalıdır. Bundan sonra Türkiyə İsveçə yaşıl işıq yandırar. Məsələn, Türkiyə Finlandiya ilə bağlı öz qərarını verdi. Bunu İsveç üçün də edə bilər. Əlbəttə, bir müddət sonra İsveç və Finlandiya qərarlarından dönə də bilərlər. Türkiyə bunun qarşısını necə alacaq? Guya, NATO ölkələri arasında PKK-ya dəstək verən dövlələr azdırmı? Son illərdə PKK-ya ən böyük dəstəyi verən ölkə hərbi alyansın üzvü ABŞ-dir. Bunu sübut edən videogörüntülər yayılmışdı. Təəssüflər olsun ki, xristian dünyasında anti-Türkiyə siyasəti davam edəcək. Bunun qarşısını almaq qeyri-mümkündür. Buna baxmayaraq, imkan daxilində çalışılır ki, terrorçulara dəstək minimuma endirilsin. Türkiyə hakimiyyəti də buna səy göstərir".