Azərbaycan-BƏƏ münasibətləri tarixi səviyyəyə çatdı - ŞƏRH

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) işgüzar səfər edib. Azərbaycan Prezidentinin Əbu-Dabidə BƏƏ Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanla baş tutan görüşü iki ölkə arasında formalaşmış strateji tərəfdaşlığın növbəti mərhələyə keçdiyininin göstəricisidir. Prezident İlham Əliyev ilə Prezident Şeyx Məhəmməd bin Zayed Al Nəhyan arasında keçirilən görüş regional və qlobal proseslər fonunda xüsusi əhəmiyyət daşıyır. Cənubi Qafqaz, Yaxın Şərq və Avrasiya məkanında baş verən transformasiyalar fonunda Azərbaycan–BƏƏ xətti sabitlik və qarşılıqlı maraqlara əsaslanan əməkdaşlıq modeli kimi çıxış edir.

Bu səfərin diqqətçəkən məqamlarından biri də Şeyx Zayed Fondunun təsis etdiyi və qlobal miqyasda humanist dəyərlərin təşviqinə xidmət edən “Zayed İnsan Qardaşlığı Mükafatı”nın 2026-cı il üzrə Azərbaycan Prezidentinə təqdim olunması olacaq.

Onu da deyək ki, Azərbaycan və BƏƏ prezidentlərinin iştirakı ilə “Cənub Qaz Dəhlizi" QSC-də İqtisadiyyat Nazirliyinə məxsus qeyri-nəzarət payının müəyyən hissəsinin Əbu-Dabi Milli Neft Şirkətinin investisiya qolu olan XRG Şirkətinə satışı ilə bağlı alğı-satqı müqaviləsinə dair sənəd imzalanıb. Səfər çərçivəsində Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Birləşmiş Ərəb Əmirliklərinin Müdafiə Nazirliyi arasında müdafiə əməkdaşlığı razılaşması barədə niyyət məktubu da imzalanıb.

Azərbaycan- BƏƏ arasındakı əlaqələri şərh edən Milli Məclis sədrinin müavini Musa Qasımlı “Sherg.az”a açıqlamasında bildirib ki, Əbu –Dabidə müzakirə edilən məsələlər və onların iştirakı ilə imzalanan sənədlər ölkələrimizin arasında münasibətlərin dərinləşdiyini göstərir:

“Münasibətlərin dərinləşməsində dövlət başçılarının qarşılıqlı səfərləri və dostluq münasibətləri özünəməxsus rol oynayır. Bu səfər dövlətlərarası münasibətlərdə şəxsiyyət amilinin mühüm yer tutduğunu bir daha sübut edir. İki ölkə arasında münasibətlərin müqavilə-hüquq bazası yaradılıb. Strateji tərəfdaşlığa əsaslanan münasibətlərin siyasi, iqtisadi, enerji, o cümlədən bərpaolunan enerji, mədəniyyət, humanitar və digər istiqamətlərdə inkişafı qarşılıqlı fayda verir. BƏƏ bərpaolunan enerji sahəsində ölkəmizdə böyük işlər görür”.

Deputat həmçinin qeyd edib ki, Azərbaycan və BƏƏ prezidentlərinin iştirakı ilə “Cənub Qaz Dəhlizi” QSC-də İqtisadiyyat Nazirliyinə məxsus qeyri-nəzarət payının müəyyən hissəsinin Əbu-Dabi Milli Neft Şirkətinin investisiya qolu olan XRG şirkətinə satışına dair alqı-satqı müqaviləsinin, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Birləşmiş Ərəb Əmirliklərinin Müdafiə Nazirliyi arasında müdafiə əməkdaşlığı razılaşması barədə niyyət məktubunun imzalanması əməkdaşlığın perspektivlərindən xəbər verir, münasibətlərimizin maddi təməllərini möhkəmləndirilir: “Bakı ilə Əbu-Dabi arasında qardaşlaşmış şəhərlər münasibətlərinin qurulmasına dair məsələlərin müzakirə edilməsi, nəzərdə tutulanların yaxın vaxtlarda gerçəkləşdirilməsi ictimaiyyətin əlaqələrinin və turizmin daha da genişləndirilməsinə imkan verəcəkdir. Nəhayət, Əbu-Dabidə Azərbaycan Respublikası və BƏƏ Silahlı qüvvələri arasında keçirilən “Sülh Qalxanı – 2026” birgə əməliyyat-taktiki təlimi münasibətlərin müdafiə və təhlükəsizlik sahələrində də dərinləşdirildiyini göstərir”.