Azərbaycan bir addım önə çıxdı

BMT-nin Qarabağa səfərin nəticələrinə dair bəyanatı da bunu deməyə əsas verir
  
Birləşmiş Millətlər Təşkilatının Qarabağa gedən missiya qrupu işini tamamlayıb. Qurumun bəyanatında bildirilib ki, BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreevanın rəhbərliyi ilə missiya oktyabrın 1-də Azərbaycanın Qarabağ regionuna səfər edib. Missiya üzvləri Laçın yolunda və Xankəndi şəhərində olublar. Missiya baş çəkdiyi şəhərdə mülki ictimai infrastruktura, o cümlədən xəstəxanalara, məktəblərə və yaşayış binalarına, mədəni və dini strukturlara heç bir ziyanın qeydə alınmadığını bildirib. Missiya Azərbaycan hökumətinin şəhərdə səhiyyə xidmətlərinin və bəzi kommunal xidmətlərin bərpasına hazırlaşdığını qeydə alıb. Nümayəndələr Ağdamdan keçərkən dağıntı və minalardan təmizlənmiş bölgəni, habelə hökumət tərəfindən aparılan yenidənqurma işlərini də müşahidə ediblər. Qeyd edək ki, BMT-nin Azərbaycandakı nümayəndəliyi regiona müntəzəm səfərlərini davam etdirməyi planlaşdırır. Almaniya Federal Xarici İşlər Nazirliyi də Azərbaycanın BMT missiyasının ölkənin Qarabağ bölgəsinə səfərinə razılıq verməsini müsbət addım hesab edib: “Yalnız şəffaflıq Azərbaycanın bu bölgədəki bütün sakinlərin və buraya qayıdanların hüquqlarını qorumaq vədinə inamı gücləndirə bilər”.
  Millət vəkili Asim Mollazadə bildirib ki, BMT-nin Azərbaycandakı nümayəndəliyinin Xankəndiyə səfəri bölgədəki reallıqları və erməni yalanlarını ifşa etdi. Deputatın sözlərinə görə, erməni lobbisi baş verənləri məqsədyönlü şəkildə təhrif etməyə çalışır: "Qarabağdan könüllü surətdə köçən ermənilərə qarşı guya hansısa təzyiq olduğunu, "zorla" qovulduqlarını iddia edirlər, dünya ictimaiyyətinin diqqətini çəkməyə cəhd göstərirlər. Dünya Azərbaycan dövlətinin humanistliyini gördü. Antiterror tədbirləri zamanı belə Azərbaycan Ordusu yüksək peşəkarlıqla ancaq hərbi hədəflər vuruldu. Mülki ermənilərə heç bir ziyan yetirilmədi. Lakin Ermənistan 30 il bundan öncə torpaqlarımızı işğal edərək 1 milyon azərbaycanlını öz yurdlarından qovdu. İşğalda saxladıqları ərazilərimizi viran qoydular. BMT-nin missiyası həm erməni sakinlərlə bağlı reallıqları gördülər, həm də torpaqlarımızdakı erməni vandalizminin izlərini öz gözləri ilə müşahidə etdilər. Ümid edirik, onlar gördükləri mənzərəni beynəlxalq ictimaiyyətin diqqətinə çatdıracaqlar".
  
Siyasi şərhçi Asif Nərimanlı da "Sherg.az"a bildirib ki, Ermənistan BMT missiyasının Qarabağ səfərini Azərbaycana qarşı “etnik təmizləmə” iddialarının dəstəklənməsi ümidi ilə gözləyirdi. Halbuki, 30 ilə yaxın işğal dövründə Bakının bütün israrına rəğmən missiyanı bölgəyə buraxmırdılar. Bu gün Azərbaycandan bunu istəyən beynəlxalq oyunçular da İrəvana heç bir təzyiq göstərmirdi: "İrəvan hesab edirdi ki, BMT nümayəndələrinin Qarabağ səfəri Azərbaycana qarşı kampaniyada ciddi arqument yaradacaq. Bununla “beynəlxalq mexanizm” məsələsini də aktuallaşdıracaq və sülh danışıqlarında Bakıya qarşı kart kimi əlində saxlayacaq. Qərb ölkələri də “beynəlxalq missiya” adı altında bölgəyə daxil olmaq istəyir. Rəsmi Bakı bu həmləyə qarşı missiyanın BMT-nin Azərbaycandakı Rezident Əlaqələndirici Ofisinin rəhbərliyi altında həyata keçirilməsini irəli sürdü. Bununla həm beynəlxalq ictimaiyyəti real vəziyyətlə tanış etdi, həm də “beynəlxalq missiya” istəklərini müəyyən qədər arxa plana keçirdi. “Beynəlxalq missiya” planı hələ bitməyib və rıçaqlardan biri kimi qarşıdakı dövrdə yenidən aktuallaşa bilər. Lakin Azərbaycan BMT missiyasının səfəri ilə bir addım önə çıxdı. BMT-nin Qarabağa səfərin nəticələrinə dair bəyanatı da bunu deməyə əsas verir. Sadəcə olaraq, “əhalinin qəfil tərk etməsindən heyrətə gəliblər”. Bəyanat Ermənistanın Qarabağda erməni əhalisinə qarşı “etnik təmizləmə” kimi iddialarını beynəlxalq müstəvidə böyük ölçüdə zəiflədir və Bakıya bütün ittihamların önünə fakt qoymaq imkanı verir".