Ekspert bildirib ki, müharibənin nəticələrini, erməni xislətini unutmamaq şərti ilə ən yaxşı variant ikitərəfli və regional münasibətlər qurmaqdır
Son vaxtlar Azərbaycan və Ermənistan arasında mümkün ticarət əlaqələrinin qurulması ilə bağlı müzakirələr intensivləşib. Artıq hər iki ölkənin rəsmi dairələrindən bu istiqamətdə açıqlamalar səsləndirilir. Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov 2025-ci ilin yekunlarına dair hesabat təqdim edilərkən deyib ki, Ermənistanla ticarət əlaqələrinin genişləndirilməsi mümkündür. O qeyd edib ki, Ermənistan tərəfdən müvafiq müraciət olarsa, Azərbaycan buna baxa bilər: "Azərbaycan və Ermənistan arasında ticarət əlaqələri sıfırdan yaradılır. Neft məhsullarının ixracı təklifi qəbul olundu və ixraca başlandı. Ticarət əlaqələrinin genişləndirilməsini mümkün hesab edirik. Neft məhsullarının ixracı bir tərəfdən müsbət qəbul olunsa da, digər tərəfdən müəyyən narazılıqlarla da qarşılanıb və Ermənistan ictimaiyyətində bunun əleyhinə çağırışlar da var". Qeyd edək ki, müstəqillik tarixində ilk dəfə olaraq Azərbaycandan Ermənistana birbaşa ticarət müqaviləsi çərçivəsində yanacaq tədarük edilib. Gürcüstan üzərindən tranzitlə Ermənistana 22 vaqondan ibarət 1 218 ton benzin çatdırılıb. Tədarük noyabrın 28-də Qəbələdə baş tutan baş nazir müavinləri Mher Qriqoryan və Şahin Mustafayevin görüşündə əldə olunmuş razılığa əsasən reallaşıb. Ermənistanın iqtisadiyyat naziri Qevork Papoyan bu hadisəni iki ölkə arasında ilk birbaşa ticarət əməliyyatı kimi qiymətləndirib.
Politoloq Qulamhüseyn Əlibəyli "Sherg.az"a açıqlamasında deyib ki, nə Ermənistan, nə də Azərbaycan Cənubi Qafqazdan köçüb gedəsi deyil. Ekspert bildirib ki, müharibənin nəticələrini, erməni xislətini unutmamaq şərti ilə ən yaxşı variant ikitərəfli və regional münasibətlər qurmaqdır:
"Hazırda iqtisadi sahədə əməkdaşlığın, əlaqələrin ilkin addımları atılır. Ancaq siyasi cəhətdən münasibətlərin tezliklə normallaşması problemlidir. Ona görə ki, Ermənistan cəmiyyətində hələ də türkə, Azərbaycan xalqına nifrət meyli güclüdür. Düzdür, bir neçə il öncəyə görə Ermənistanda Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşmasına tərəfdar olanların sayı çoxalıb. Amma yenə də mütləq əksəriyyət Azərbaycanla münasibətlərdə ehtiyatla yanaşır. Azərbaycana münasibətdə düşmənçilik əhval-ruhiyyəsi var. İlk növbədə, erməni cəmiyyətində həmin bu düşmən əhval-ruhiyyəsini aradan qaldırmaq lazımdır. Bunun bir yolu da iqtisadi-ticarət əlaqələrinin bərpa olunmasıdır. Vaxtı ilə, yəni SSRİ dövründə Azərbaycanla Ermənistan arasında kifayət qədər əlaqələr olub. Ermənistan SSR ilə sərhəd rayonlarda yaşayan azərbaycanlılar hətta öz bazarlıqlarını sərhədi keçərək o tərəfdən edirdilər. Fikrimcə, iqtisadi əlaqələrin bərpası tədricən siyasi münasibətlərin də qurulmasına yardımçı olacaq".
Analitik qeyd edib ki, cəmiyyətlər arasında qarşılıqlı şəkildə ticarət və iqtisadi mənfəət əlaqələrinin formalaşması dövlətlər arasında siyasi münasibətlərə bu və ya digər şəkildə təsir göstərməyə çalışır:
"Məhz o səbəbdən Qərblə qarşıdurma şəraitində olan Rusiya çalışır ki, Avropa ilə ticari əlaqələri qoruyub saxlasın. Azərbaycan artıq Ermənistana birbaşa neft satışını həyata keçirib. Əgər ticarət münasibətləri bərpa olunursa, Azərbaycan da özünə lazım olan məhsulların alışını həyata keçirə bilər. Təbii ki, sırf xoş münasibətlər xətrinə hər hansı erməni məhsulunu almayacağıq. Ehtiyacımız olan məhsulu başqa ölkələrdən necə idxal ediriksə, eyni formada Ermənistanda məhsullar ala bilərik. Əsas məqam odur ki, Ermənistanın bu məsələdə rəsmi mövqeyi artıq məlumdur. Azərbaycan da öz rəsmi mövqeyini bildirib".