- “Silah almaq olar, zabit ruhu yaratmaq çətindir”
Bu gün 26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günüdür. Bu il Azərbaycan Ordusunun yaradılmasının 108-ci ildönümü qeyd olunur. Xalqımızın qürur və şərəf günü kimi qeyd edilən bu tarix 1918-ci il iyunun 26-da Azərbaycan Xalq Cümhuriyyətinin ilk müntəzəm hərbi hissələrinin yaradılması haqqında qərarın qəbul edilməsi ilə bağlıdır.
Qısa müddət ərzində formalaşdırılan Milli Ordu Osmanlı dövlətinin Qafqaz İslam Ordusu ilə birlikdə Bakının və ətraf bölgələrin erməni-bolşevik işğalından azad olunmasında mühüm rol oynayıb, müxtəlif qiyamların qarşısını aldı və dövlət sərhədlərinin qorunmasını təmin edib. 1919-cu ildə Bakıda keçirilən ilk hərbi parad isə Azərbaycan Ordusunun formalaşmasının simvolik təntənəsinə çevrilib.
1991-ci ildən sonra isə dövlət müstəqilliyini bərpa edən Azərbaycan yenidən ordu quruculuğu mərhələsinə qədəm qoyub.
Dövlətin güclü ordu quruculuğu siyasəti nəticəsində bu gün Azərbaycan Ordusu regionun ən peşəkar və qüdrətli silahlı qüvvələrindən biri kimi tanınır.

Türkoloq, CASCFEN İdarə heyətinin üzvü Əkbər Qoşalı Sherg.az-a açıqlamasında bildirib ki, dövlətlərin tarixində elə təməl sütunlar var ki, onların möhkəmliyi təkcə hüquqi sənədlərlə deyil, xalqın yaddaşı, iradəsi və milli xarakteri ilə müəyyənləşir:
"Ordu da həmin sütunlardan biridir. Əgər bayraq dövlətin görünən simvoludursa, ordu da onun görünən iradəsidir. Azərbaycan Ordusunun keçdiyi yol milli tariximizin mühüm səhifəsi olmaqla yanaşı, XXI əsr hərb tarixinin öyrənilən nümunələrindən biridir. Bu yol təkcə silahların modernləşdirilməsi deyil, həm də strateji düşüncənin, milli ruhun və dövlət idarəçiliyinin inkişaf salnaməsidir.
1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin qəbul etdiyi ordu quruculuğu qərarı milli dövlətçilik iradəsinin ilk böyük addımlarından idi. Sonrakı dövr isə göstərdi ki, güclü ordu yalnız yaradılmır, o, davamlı siyasi iradə, güclü iqtisadiyyat, milli birlik və peşəkar idarəçilik sayəsində formalaşır".
Ə.Qoşalının sözlərinə görə, Azərbaycan Ordusu bu gün təkcə ölkənin sərhədlərini qoruyan hərbi qüvvə deyil, həm də xalqın milli birliyinin, qürurunun və sarsılmaz iradəsinin rəmzidir: "Müstəqilliyimizin ilk illərində böyük sınaqlardan keçən ordumuz bu gün dünyanın diqqətlə izlədiyi, yüksək peşəkarlığı və döyüş qabiliyyəti ilə seçilən qalib orduya çevrilib. Bu uğurun əsasında ardıcıl dövlət siyasəti, məqsədyönlü ordu quruculuğu və Vətən sevgisi ilə xidmət edən minlərlə hərbçinin fədakarlığı dayanır.
44 günlük Vətən müharibəsi və 2023-cü ildə həyata keçirilən lokal antiterror tədbirləri göstərdi ki, Azərbaycan əsgəri Vətən uğrunda son nəfəsinədək mübarizə aparmağa qadirdir. Bu tarixi Zəfər şəhidlərimizin qəhrəmanlığı, qazilərimizin igidliyi və xalqımızın sarsılmaz həmrəyliyi sayəsində qazanılıb. Onların göstərdiyi şücaət gələcək nəsillər üçün əbədi örnəkdir".
Türkoloq həmçinin qeyd edib ki, müasir dövrdə ordunun gücü artıq yalnız tankların və raketlərin sayı ilə ölçülmür: "Bugünkü müharibələrdə üstünlüyü informasiya, süni intellekt, pilotsuz uçuş sistemləri, kosmik müşahidə imkanları, kibertəhlükəsizlik, elektron müharibə vasitələri və yüksək dəqiqlikli idarəetmə texnologiyaları müəyyən edir. Azərbaycan da bütün bu istiqamətlər üzrə öz hərbi inkişaf modelini formalaşdırır. Milli hərb sənayesinin genişləndirilməsi, Komando qüvvələrinin yaradılması, Milli Müdafiə Universitetinin yeni konsepsiya əsasında inkişafı və beynəlxalq hərbi əməkdaşlığın dərinləşdirilməsi ölkədə ordu quruculuğunun keyfiyyətcə yeni mərhələyə yüksəldiyini göstərir".
Ə.Qoşalı bildirib ki, Azərbaycan 44 günlük Vətən müharibəsində qızıl ləyaqət nümayiş etdirən şanlı orduya sahib olduğunu bütün dünyaya sübut edib: "Bu elə bir şandır ki, dədə-babalarımızın ruhunu şad edir, gələcək nəsillərə isə yol göstərir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin dediyi kimi, "Bayrağı qaldıran, bayrağı düşmənin mövqeyinə sancan, azad edilmiş torpaqlara sancan əsgərdir, zabitdir. Bizim əsgər və zabitlərimiz aslan kimi vuruşdular". Bu sözlər ordumuzun qəhrəmanlıq salnaməsinin ən dolğun ifadələrindən biridir. Silah istehsal etmək mümkündür, əsgər yetişdirmək də olar. Lakin zabit ruhunun formalaşması uzun illər tələb edir. Ordunun mənəvi gücü isə nəsillərin vətənpərvərlik ruhu üzərində qurulur. Bu gün Azərbaycan Ordusu hərbi qüdrətin fövqündə dayanaraq milli özünəinamın və dövlət gücünün simvoluna çevrilib".
Sonda Ə.Qoşalı 26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə bütün hərbi qulluqçuları, veteranları, qaziləri, şəhid ailələrini və Vətən keşiyində dayanan hər bir əsgər və zabiti təbrik edib: "Güclü ordusu olan dövlət təkcə sərhədlərini deyil, gələcəyini də qoruyur. Xalq şairi Zəlimxan Yaqubun da dediyi kimi:
"Ordum varsa, yurdum var
Ordum yoxsa, yurdum yox". Tarix bu həqiqəti dəfələrlə təsdiqləyib".