“Azərbaycan öz ərazisindən İrana qarşı zərbəyə razı olmayacaq” - ŞƏRH

  • Cavanşir Abbaslı: “Amerika anlayır ki, Azərbaycan Cənubi Qafqazın lider ölkəsidir”

ABŞ Azərbaycanla münasibətlərdə əməkdaşlığın bir sıra istiqamətlər üzrə genişləndirilməsində maraqlıdır. Vaşinqton xüsusilə müdafiə və təhlükəsizlik sahəsində əlaqələrin inkişafına diqqət yetirəcək. Bununla yanaşı, tərəflər arasında nəqliyyat bağlantılarının gücləndirilməsi, iqtisadi investisiyaların artırılması, süni intellekt və innovasiya sahəsində yeni imkanların yaradılması da əsas əməkdaşlıq istiqamətləri sırasında yer alır.

ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili Emi Karlon II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən panel müzakirəsində iki ölkə arasında əməkdaşlığın gələcək prioritetlərinə toxunub. O bildirib ki, fevral ayında imzalanmış tərəfdaşlıq sazişi çərçivəsində müəyyənləşdirilən istiqamətlər üzrə artıq mühüm irəliləyiş əldə olunub. ABŞ rəsmisi bundan sonrakı mərhələdə bağlantılılıq, investisiya, innovasiya, eləcə də müdafiə və təhlükəsizlik sahələrində əməkdaşlığın davam etdiriləcəyini vurğulayıb.

AĞ Partiya sözçüsü, siyasi şərhçi Cavanşir Abbaslı Sherg.az-a bildirib ki, Birləşmiş Ştatlar Azərbaycanın balanslaşdırılmış siyasətə sadiq qaldığını müşahidə edir və Azərbaycanın heç vaxt bu siyasətdən əl çəkməyəcəyini anlayır:

“Ona görə də son dövrlərdə Azərbaycanla ABŞ arasındakı münasibətlərdə kifayət qədər yumşalma müşahidə olunur. Xüsusilə Donald Trampın ikinci prezidentlik dövrünün başlanmasından sonra ABŞ tərəfindən Azərbaycana münasibətdə müəyyən müsbət addımlar atılmağa başlanıb. Yəni əvvəlki Bayden administrasiyası dövründən demək olar ki, əsər-əlamət qalmayıb. Bu da səbəbsiz deyil. Çünki Tramp administrasiyası yaxşı anlayır ki, Azərbaycan Cənubi Qafqazın lider ölkəsidir. Azərbaycanla bütün səviyyələrdə əməkdaşlıq və birgə fəaliyyət ABŞ-ın maraqlarına tam cavab verir. Eyni zamanda, Amerika Cənubi Qafqazda təsirini artırmağa və gələcəkdə bu regionda daha da möhkəmlənməyə çalışırsa, ilk növbədə Azərbaycanla yaxın əməkdaşlıq qurmalı və əlaqələrini gücləndirməlidir. Burada, təbii ki, bütün sahələr nəzərdə tutulur. Dünyanın əsas supergücü onu da yaxşı anlayır ki, Azərbaycan heç vaxt öz ərazisindən üçüncü bir ölkəyə qarşı istifadə olunmasına icazə verməyəcək. Əvvəllər bunu qısqanclıqla qarşılayır, bununla bağlı Azərbaycanla müəyyən problemlər yaratmağa çalışırdılar. Lakin zaman keçdikcə bununla barışmağa başladılar. Diqqət yetirsək, son müharibədə də Azərbaycan qətiyyətli mövqeyini ortaya qoydu. Naxçıvan hadisəsi baş versə də, Azərbaycan yenə də öz ərazisindən İrana qarşı zərbə endirilməsinə razılıq verməyəcəyini bəyan etdi. Bundan sonra, təbii ki, Amerika tərəfində də belə bir qənaət formalaşdı ki, Azərbaycan öz prinsiplərinə sadiqdir və onunla yaxından əməkdaşlıq etmək dəyərlidir”.

Analitik qeyd edib ki, burada müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlıq çox vacibdir:

“Amerika da bu bölgədə müdafiə və təhlükəsizlik məsələlərinin ən yüksək səviyyədə təmin olunmasında Azərbaycanın rolunu qəbul edir və yüksək qiymətləndirir. Buna görə də bu tipli açıqlamalar verilir. Orta dəhlizin inkişafına gəldikdə isə, təbii ki, müdafiə və təhlükəsizlik sahəsində yaxından əməkdaşlıq Orta dəhlizin inkişafına da təsir göstərir və onun inkişafını daha da sürətləndirir. Hesab edirəm ki, gələcəkdə də bu istiqamətdə Azərbaycan-ABŞ əlaqələri yüksələn xətlə inkişaf edəcək”.