Azərbaycan və Türkiyənin Süni İntellekt institutları rəsmi tərəfdaşlığa başladı

Azərbaycan Süni İntellekt İnstitutu ilə Türkiyənin Ankara Universitetinin Süni İntellekt İnstitutu və İntensiv Təhsil Mərkəzi (ANKÜSEM) arasında beynəlxalq təhsil və akademik əməkdaşlıq protokolu imzalanıb.

Teleqraf xəbər verir ki, Bakı şəhərində imzalanan sənəd süni intellekt və data elmləri sahəsində qlobal təhsil standartlarına cavab verən birgə ixtisaslaşma proqramlarının təşkilini, elmi-metodoloji təcrübə mübadiləsini və beynəlxalq əmək bazarında rəqabətədavamlı kadrların hazırlanmasını nəzərdə tutur.

Razılaşmaya əsasən, Azərbaycan Süni İntellekt İnstitutunun Süni İntellekt Mühəndisliyi (AI Engineering), Süni İntellekt Əsaslı Data Analitikası (Data Analytics) və Generativ Süni İntellekt (Generative AI) istiqamətləri üzrə intensiv tədris və ixtisasartırma proqramları Ankara Universitetinin aidiyyəti qurumları tərəfindən rəsmi akkreditasiya olunub. Tədris sillabusları və fənn modulları birbaşa Ankara Universitetinin Süni İntellekt İnstitutunun və ANKÜSEM-in akademik heyəti tərəfindən təsdiqlənir və proqram çərçivəsində azərbaycanlı müəllimlər ilə yanaşı tələbələr üçün universitetin professor-müəllim heyətinin iştirakı ilə xüsusi akademik ustad dərsləri və elmi vebinarlar təşkil edilir.

Tədris prosesinin yekununda iştirakçıların praktik mühəndislik səriştəsi onların hazırladıqları tətbiqi bitirmə layihələri (Capstone Project) və kod bazalarının Ankara Universitetinin ekspertləri və yerli mütəxəssis heyəti tərəfindən qiymətləndirilməsi əsasında təsdiqlənəcək. Proqramın akademik tələblərini uğurla yerinə yetirən məzunlar Ankara Universitetinin rəsmi bazasında qeydiyyata alınan beynəlxalq statuslu ixtisaslaşma sertifikatı ilə təltif olunacaqlar.

Azərbaycan Süni İntellekt İnstitutundan bildirilib ki, beynəlxalq tərəfdaşlığın əsas prioriteti nəzəri təlim modelindən çıxaraq, mütəxəssisləri real sənaye tələblərinə cavab verən praktik mühəndislik səviyyəsinə çatdırmaqdır. Ankara Universitetinin köklü akademik təcrübəsi və ixtisaslaşmış elmi mərkəzlərinin dəstəyi ilə həyata keçirilən bu layihə ölkəmizin insan kapitalının və rəqəmsal ekosisteminin inkişafına mühüm töhfə verməklə yanaşı, yerli kadrların qlobal əmək bazarında mövqelərinin möhkəmlənməsinə, o cümlədən Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən dəstəklənən və rəhbərlik edilən ölkəmizin süni intellekt və aidiyyəti sahələrdə rəqəmsallaşma siyasətinə xidmət edəcək.

İxtisaslaşma proqramları həm fərdi qaydada texnologiya sahəsində karyera qurmaq istəyən mütəxəssislər, gənclər və tələbələr, həm yerli ali təhsil müəssisələri ilə akademik tərəfdaşlıq modelləri çərçivəsində müəllim və tələbələr, həm də özəl və dövlət qurumları ilə əməkdaşlıq çərçivəsində yetkin şəxslər üçün nəzərdə tutulub. Yüksək tədris standartlarını təmin etmək məqsədilə dərslərə qəbul riyazi-məntiqi seçim mərhələsi və ilkin müsahibə əsasında aparılır. Tədris proqramları, sillabuslar və qeydiyyat şərtləri haqqında ətraflı məlumat əldə etmək istəyənlər institutun rəsmi internet səhifəsinə (ai-institute.az) və sosial media hesablarına (@ai.edu.az) müraciət edə bilərlər.