Bakı ilə İrəvan arasında birbaşa təmaslar artıq davamlı xarakter alır - TƏHLİL

  • Arzuxan Əlizadə: “Sülh siyasi sənəddən real əməkdaşlıq müstəvisinə keçməlidir”

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər və beynəlxalq ticarət naziri Ararat Mirzoyan Nyu-Yorkda görüş keçiriblər. Görüşdə iqtisadi və nəqliyyat əlaqələrinin açılması, eləcə də birbaşa dialoqun davam etdirilməsi müzakirə olunub .

Nazirlər Azərbaycan və Ermənistan arasında sülhün əhəmiyyətini vurğulayaraq, 2025-ci il Vaşinqton Sülh Sammiti çərçivəsində əldə olunmuş razılaşmalardan sonra qeydə alınan irəliləyişi nəzərdən keçiriblər.

Görüşdə Azərbaycan və Ermənistan arasında iqtisadi və nəqliyyat infrastrukturunun açılmasına xüsusi diqqət yetirilib.

Bu kontekstdə iki ölkə arasında ticarət və tranzit əlaqələri sülhün faydalarının praktiki nümunələri kimi vurğulanıb.

Bayramov və Mirzoyan, həmçinin müxtəlif çoxtərəfli platformalarda müsbət gündəliyin təşviq edilməsi imkanları barədə fikir mübadiləsi aparıblar. Tərəflər birbaşa dialoqu davam etdirmək barədə razılığa gəliblər.

 XİN başçılarının görüşünü Sherg.az-a şərh edən Milli Məclisin deputatı Arzuxan Əlizadə bildirib ki, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Nyu-Yorkda baş tutan görüşü, ilk növbədə, Bakı ilə İrəvan arasında birbaşa təmasların artıq davamlı xarakter aldığını göstərir:

"Tərəflərin iqtisadi və nəqliyyat əlaqələrinin açılması məsələlərini müzakirə etməsi də təsadüfi deyil. Çünki əldə olunan siyasi razılaşmaların real nəticəyə çevrilməsi üçün növbəti mərhələdə kommunikasiyaların açılması, ticarət və tranzit əlaqələrinin inkişaf etdirilməsi mühüm əhəmiyyət daşıyır. Nazirlərin birbaşa dialoqu davam etdirmək barədə razılığa gəlməsi də bu baxımdan müsbət məqamdır.

Birbaşa dialoqun davam etdirilməsi, təbii ki, sülh prosesinin irəliləməsinə imkan yarada bilər. Lakin burada əsas məsələ görüşlərin keçirilməsi ilə yanaşı, əldə olunmuş razılaşmaların konkret addımlarla həyata keçirilməsidir. Azərbaycan və Ermənistan arasında iqtisadi və nəqliyyat əlaqələrinin bərpası yalnız iki ölkə üçün deyil, bütövlükdə region üçün yeni imkanlar yarada bilər. Ticarət və tranzit əlaqələrinin genişlənməsi sülhün siyasi sənəddən real əməkdaşlıq müstəvisinə keçməsinə xidmət edə bilər".

Deputat Bakı ilə İrəvan arasındakı sülh danışıqların hazırkı mərhələsini daha çox sülh gündəliyinin siyasi razılaşmalardan praktiki icra mərhələsinə keçidi kimi qiymətləndirib:

"2025-ci il Vaşinqton Sülh Sammitindən sonra əldə olunan razılaşmalar üzrə irəliləyişin müzakirə edilməsi və indi əsas diqqətin nəqliyyat, iqtisadi əlaqələr və tranzit məsələlərinə yönəlməsi bunu göstərir. Qarşıdakı dövrdə əsas göstərici tərəflərin birbaşa dialoqun nəticələrini konkret layihələrə və öhdəliklərə çevirməsi olacaq. Sülhün dayanıqlı olması üçün siyasi iradə ilə yanaşı, qarşılıqlı etimadı möhkəmləndirən praktiki əməkdaşlıq mexanizmləri də formalaşdırılmalıdır".