Bakı mövqeyini gücləndirir: Ermənistanla dialoqun əsas istiqaməti bəlli oldu - ŞƏRH

  • Dublin görüşündən çıxan əsas mesaj budur ki, sülhün taleyini Azərbaycan müəyyən edəcək
  • Əlisahib Hüseynov: “Azərbaycan regionda dayanıqlı sülhün təmin olunması istiqamətində ardıcıl siyasət yürüdür”

İlham Əliyev noyabrın 12-də İrlandiyanın Dublin şəhərində keçirilən “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşüb.

Liderlər 2025-ci il avqustun 8-də keçirilmiş Vaşinqton Sülh Sammitinin nəticələrinə və həmin tədbirdə imzalanmış Vaşinqton Birgə Bəyannaməsinə əsaslanaraq, Azərbaycan ilə Ermənistan arasında sülh gündəliyinin irəlilədilməsi ətrafında fikir mübadiləsi aparıblar.

Görüşdə iki ölkə arasında sülhün daha da möhkəmləndirilməsinə yönəlmiş praktiki addımlar, o cümlədən nəqliyyat və tranzit əlaqələrinin inkişafı, iqtisadi-ticari münasibətlər, sərhədlərin delimitasiyası və etimad quruculuğu tədbirlərinin həyata keçirilməsi müzakirə olunub.

Liderlər bu kontekstdə Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutunun (TRIPP) inkişafı istiqamətində əldə olunmuş irəliləyişləri, o cümlədən onun dəmir yolu və avtomobil yolu komponentlərinin planlaşdırılması və layihələndirilməsini, həmçinin TRIPP marşrutu boyunca tranzit əlaqələrinin perspektivlərini müzakirə ediblər.

Tərəflər, həmçinin Azərbaycan ilə Ermənistan arasında iqtisadi və ticarət əlaqələrinin daha da inkişaf etdirilməsi imkanları, o cümlədən gələcəkdə elektrik şəbəkələrinin birləşdirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparıblar.

Liderlər sülh prosesində müsbət dinamikanın qorunub saxlanılmasının, regionda sülhün, sabitliyin və rifahın möhkəmləndirilməsinə yönəlmiş dialoqun davam etdirilməsinin vacibliyini bir daha təsdiqləyiblər.

Görüşü Sherg.az-a şərh edən politoloq Əlisahib Hüseynov bildirib ki, Prezident İlham Əliyevin Dublində Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşü sülh prosesində müsbət dinamikanın qorunub saxlanıldığını nümayiş etdirir.

Politoloqun sözlərinə görə, görüşün nəticələri regionda sülhün, sabitliyin və rifahın möhkəmləndirilməsinə yönəlmiş dialoqun rəsmi Bakının müəyyən etdiyi yol xəritəsinə uyğun şəkildə davam etdiyini göstərir:

“Bu təmas bir daha təsdiqləyir ki, Azərbaycan regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin olunması istiqamətində ardıcıl və məqsədyönlü siyasət yürüdür, prosesin irəliləməsi üçün siyasi dialoqun davam etdirilməsinə önəm verir. Tərəflər arasında aparılan müzakirələr zamanı dövlətlərarası münasibətlərin normallaşdırılması, sərhədlərin delimitasiyası və regionda qarşılıqlı etimad mühitinin formalaşdırılması məsələləri əsas diqqət mərkəzində olub.

Azərbaycan tərəfi sülh gündəliyinə sadiqliyini nümayiş etdirməklə yanaşı, prosesin beynəlxalq hüququn prinsipləri, suverenlik, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı əsasında aparılmasının vacibliyini dəfələrlə vurğulayıb. Bu yanaşma regionda uzunmüddətli sabitliyin təmin olunması, kommunikasiyaların açılması və iqtisadi əməkdaşlıq imkanlarının genişləndirilməsi üçün mühüm zəmin yaradır”.

Əlisahib Hüseynovun fikrincə, Dublin görüşü Azərbaycan və Ermənistan arasında birbaşa təmasların sülh gündəliyinin irəlilədilməsində nə qədər vacib olduğunu bir daha ortaya qoyub.

O qeyd edib ki, dialoqun davamlı xarakter alması tərəflər arasında fikir ayrılıqlarının diplomatik müstəvidə həllinə, qarşılıqlı etimadın artırılmasına və gələcək əməkdaşlıq üçün zəmin yaradılmasına imkan verir:

“Hazırda əsas məqsəd əldə olunmuş müsbət dinamikanı qorumaq, danışıqlar prosesini praktiki nəticələrlə zənginləşdirmək və bölgədə sülhün dönməz xarakter almasına nail olmaqdır. Bu baxımdan, Azərbaycan Prezidentinin həyata keçirdiyi diplomatik fəaliyyət yalnız ölkəmizin milli maraqlarına deyil, bütövlükdə Cənubi Qafqazda sülhün, təhlükəsizliyin və rifahın təmin olunmasına yönəlib.

Görüşün nəticələri onu deməyə əsas verir ki, regionda yeni siyasi reallıqlar formalaşır. Bu reallıqlar qarşılıqlı hörmətə, əməkdaşlığa və mehriban qonşuluq prinsiplərinə əsaslanan münasibətlərin qurulmasını zəruri edir. Azərbaycanın təşəbbüsləri və prinsipial mövqeyi isə regionun gələcək inkişafında mühüm rol oynamaqda davam edir”.