Bu gün Bakıda OPEC+ çərçivəsində Əməkdaşlıq Xartiyası (CoC) üzrə Texniki Komitənin ilk iclası keçirilib.
"APA-Economics" xəbər verir ki, Azərbaycanın ev sahibliyi ilə təşkil olunan iclasa OPEC-in Baş katibi Haysam Əl-Qays sədrlik edib. Neft hasil edən 20 ölkənin nümayəndələrini bir araya gətirən tədbirdə çıxış edən energetika naziri Pərviz Şahbazov bildirib ki, dünya neft sənayesinin beşiyi olan Bakıda Əməkdaşlıq Xartiyası üzrə Texniki Komitənin ilk iclasının keçirilməsi Azərbaycanın qlobal enerji əməkdaşlığındakı roluna, eləcə də OPEC+ çərçivəsində etibarlı və məsuliyyətli tərəfdaş kimi qazandığı nüfuza verilən yüksək qiymətin ifadəsidir. “İnanırıq ki, bu görüş OPEC+ çərçivəsində dialoqun və qarşılıqlı etimadın daha da möhkəmlənməsinə, qlobal neft bazarında sabitliyin və proqnozlaşdırıla bilənliyin qorunmasına, eləcə də uzunmüddətli əməkdaşlığın inkişafına mühüm töhfə verəcəkdir. Xüsusilə, neftə tələbatın yüksək olaraq qaldığı, kəşfiyyat və hasilat sektoruna investisiyaların azalmasının isə gələcək bazar sabitliyi üçün yeni risklər yaratdığı bir dövrdə belə dialoq platformaları hər zamankından daha böyük əhəmiyyət daşıyır. Çünki neft qlobal iqtisadiyyatın və enerji təhlükəsizliyinin əsas sütunlarından biri olaraq qalır və qarşıdakı onilliklərdə də bu strateji rolunu qoruyacaqdır,”- deyə nazir əlavə edib.
OPEC-in Baş katibi Haysam Əl-Qays isə deyib ki, iştirakçı ölkələrin Əməkdaşlıq Xartiyasının potensialının tam reallaşdırılması istiqamətində qəti öhdəliyi bu gün bir daha aydın şəkildə nümayiş etdirildi. Haysam Əl-Qays, həmçinin əsas neft istehlakçıları ilə dialoqun təşviqi, neft bazarında sabitliyin dəstəklənməsi, texnologiya, innovasiya və investisiya sahələrində əməkdaşlığın gücləndirilməsi vasitəsilə Əməkdaşlıq Xartiyasının məqsədlərinin tam şəkildə reallaşdırılması və praktiki həyata keçirilməsinin əhəmiyyətini vurğulayıb. O qeyd edib ki, bu yanaşma neft istehsalçıları, istehlakçılar, investorlar və bütövlükdə qlobal iqtisadiyyat üçün mühüm faydalar təmin edəcək. Baş katib bütün nümayəndələrə dəyərli töhfələrinə və davamlı öhdəliklərinə görə təşəkkür edib, həmçinin bugünkü ilk iclasa ev sahibliyi etdiyinə görə Azərbaycana OPEC Katibliyi adından səmimi minnətdarlığını bildirib.
Texniki Komitənin ilk iclası 2025-ci ilin noyabrında keçirilmiş OPEC və qeyri-OPEC ölkələrinin 40-cı nazirlər iclasında əldə olunmuş qərarların davamı olaraq təşkil edilib. Həmin toplantıda Əməkdaşlıq Xartiyasının (CoC) çərçivəsi təsdiqlənmiş və OPEC Katibliyinə Xartiyanın məqsədlərinin tam reallaşdırılmasını təmin etmək üçün plan hazırlamaq və onu proqramlara çevirmək tapşırılmışdı.
Qeyd edək ki, Əməkdaşlıq Xartiyası 2 iyul 2019-cu il tarixində keçirilmiş OPEC-ə üzv və qeyri-üzv ölkələrin nazirlərinin 6-cı iclasında Əməkdaşlıq Bəyannaməsinin iştirakçısı olan OPEC və qeyri-OPEC ölkələri tərəfindən imzalanıb. Xartiyanın imzalanması Əməkdaşlıq Bəyannaməsinin uğurunun yaratdığı müsbət dinamikanı tamamlayaraq əməkdaşlığın yeni mərhələsinin əsasını qoyub. 2025-ci ilin fevral ayında Əməkdaşlıq Bəyannaməsinə qoşulan Braziliya da daxil olmaqla Əməkdaşlıq Bəyannaməsinin bütün iştirakçıları Əməkdaşlıq Xartiyasının üzvləridir.