Bilal Ərdoğan Bakıda restoran açır

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın oğlu, İlim Yayma Vəqfinin Himayədarlar Şurasının sədri Bilal Ərdoğan Bakı şəhərində restoran açacağını bildirib.

Teleqraf xəbər verir ki, o, bu barədə Güngörən bələdiyyəsinin təşkil etdiyi “Bir sual bir cavab” adlı tədbirdə gənclərin sualını cavablandırarkən məlumat verib.

B.Ərdoğan ilk dəfə 2007-ci ildə ticarətlə məşğul olmağa başladığını deyib:

“ABŞ-də Türkiyədən olan dostlarım köşklərdə kosmetika məhsulları satırdılar. Mənə Türkiyəyə qayıdıb bu işi ölkəmizdə davam etdirmək istədiklərini söylədilər. Onlara ortaqlıq təklif etdim.

2009-ci ildə isə şəriklərimlə restoran biznesinə başladıq. Ortaqlarımızla müxtəlif restoranlarımız var. İl yarım öncə Dubayda bir restoran açmışıq. Bakıda da açmağı planlaşdırırıq. Bir sözlə, hazırda qida sektorunda çalışıram”.