“Bir Vətəndən digər Vətənə...” - Hulusi Kılıç Fidanın Bakı səfərini dəyərləndirib

  • “Regionda müharibə ehtimalı Türkiyə və Azərbaycanın əsas gündəmindədir”

Türkiyə-Azərbaycan münasibətləri son illərdə siyasi dialoq, qarşılıqlı etimad və müxtəlif sahələrdə əməkdaşlıqla xarakterizə olunan çoxşaxəli əlaqələr kimi inkişaf edir. İki ölkə arasında mütəmadi həyata keçirilən yüksək səviyyəli qarşılıqlı səfərlər və təmaslar mövcud əməkdaşlığın yeni istiqamətlər üzrə genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Bu baxımdan Türkiyənin xarici işlər naziri Hakan Fidanın Azərbaycana səfəri də Ankara ilə Bakı arasında diplomatik təmasların davamı kimi diqqət çəkir. Səfərin iki ölkənin xarici siyasət gündəliyində mühüm yer tutan məsələlər üzrə qarşılıqlı mövqelərin dəyərləndirilməsi və gələcək əməkdaşlığın perspektivlərinin nəzərdən keçirilməsi baxımından əhəmiyyətli olacağı gözlənilir.

Türkiyənin Azərbaycandakı sabiq səfiri, İMZA İB-nin Türkiyə nümayəndəsi, Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Vəqfinin Müvəkkillər Heyətinin üzvü Hulusi Kılıç Sherg.az-a bildirib ki, Türkiyə və Azərbaycanın regionda və beynəlxalq müstəvidə baş verən proseslərlə bağlı müntəzəm məsləhətləşmələri tərəflər arasında siyasi dialoqun mühüm istiqamətlərindən biridir:

“Bu çərçivədə səfər həm ikitərəfli münasibətlərin, həm də regional və beynəlxalq gündəmdəki proseslərin müzakirəsi baxımından diqqət çəkir.

Xarici işlər naziri Hakan Fidanın Can Azərbaycana edəcəyi səfər bir Vətəndən digər Vətənə səfər kimi qiymətləndirilməlidir. İki ölkənin gündəmi eyni, ürəkləri bir, hədəfləri birdir.

Gündəliyin ən mühüm maddəsi ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsi üçün nələrin edilməli olduğu barədə fikir mübadiləsinin aparılmasıdır. İkitərəfli münasibətlər çərçivəsində, başda siyasi, hərbi, iqtisadi və təsərrüfat sahələri olmaqla, əməkdaşlıq məsələlərinin müzakirə ediləcəyi gözlənilir.

Bunlar arasında enerji və nəqliyyat sahələrində əməkdaşlıq xüsusi əhəmiyyət daşıyır. Gündəliyin digər ən mühüm maddələrindən biri regionda davam edən qeyri-sabitlik və müharibə gözləntisi olmalıdır”.

Ekspert qeyd edib ki, gündəliyin əsas məsələlərindən biri də regional əməkdaşlıq, bölgədəki qeyri-sabitlik, narahatlıq, müharibə ehtimalı və İran, ABŞ və İsrail arasındakı müharibənin regionda yaratdığı zərərlərdir:

“Bunlar da müzakirə olunacaq. Bundan sonrakı dövrdə nələrin edilə biləcəyi barədə fikir mübadiləsi aparılacaq.

Digər mühüm məsələ Azərbaycanla ABŞ arasındakı yaxşı münasibətlərin gedişatından duyulan məmnunluqdur. Yəni münasibətlər inkişaf edir. Artıq heç bir problem yoxdur, yaxşı qonşuluq münasibətləri var. Azərbaycanın Ermənistana yardımları var.

Bunlar da müzakirə olunacaq. Bundan əlavə, Türkiyə ilə Ermənistan arasındakı münasibətlərin normallaşma prosesi ilə bağlı da fikir mübadiləsi aparılması gözlənilir.

Digər bir məsələ hazırda başlamış Birləşmiş Millətlər Təşkilatının 81-ci sessiyası çərçivəsində Nyu-Yorkda həyata keçiriləcək əməkdaşlıq məsələlərinin də müzakirə olunmasıdır.

Gündəliyin digər bir maddəsi isə bu il Türkiyənin ev sahibliyi edəcəyi Türk Dövlətləri Təşkilatının Zirvə toplantısı və COP31 gündəmi, daha doğrusu, bu mövzuların da müzakirə edilməsidir”.

Müsahibimiz vurğulayıb ki, nazirin həmkarı Ceyhun Bayramovla, həmçinin müdafiə naziri Zakir Həsənovla görüşməsi gözlənilir:

“Bu görüşlər zamanı gündəmdəki məsələlər müzakirə ediləcək və fikir mübadiləsi aparılacaq.

Cənab nazir Hakan Fidanın Can Azərbaycana edəcəyi səfərin uğurlu keçməsini arzu edirəm. Görüşlərin səmərəli nəticələr verəcəyini gözləyirəm”.