BRİCS sammitinin yekun bəyannaməsi Rusiya və İranın gözləntilərini doğrultmadı. Moskva və Tehran Qərbin, xüsusilə ABŞ və Ukraynanın sərt şəkildə hədəf alınmasını istəsələr də, təşkilat daxilində bu mövqeyə konsensus yaranmadı.
Sherg.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
Ekspertin sözlərinə görə, Hindistanda keçirilən BRİCS liderlərinin sammitinin yekun bəyannaməsində ABŞ-İran və Rusiya-Ukrayna müharibələrinə xüsusi diqqət yetirilməməsi təsadüfi deyil. Onun fikrincə, BRİCS üzvləri bu məsələlərdə Rusiya və İranın mövqeyini açıq şəkildə dəstəkləməyiblər:
“Gözlənildiyi kimi, Hindistanda keçirilən BRİCS liderlərinin yekun bəyannaməsində ABŞ-İran və Rusiya-Ukrayna müharibələrinə xüsusi diqqət yetirilməyib. Başqa sözlə, BRİCS üzvləri Rusiya və İranı dəstəkləməyiblər. Yekun bəyannamədə Tehran və Moskva Qərb ölkələrinin hədəf seçilməsini istəyirdilər. Ancaq başda sammitin ev sahibi – Hindistan olmaqla, BRİCS üzvlərinin bir qismi ABŞ və Ukraynanın hədəf seçilməsinin əleyhinə olublar. Rusiya prezidentinin köməkçisi Yuri Uşakov yekun bəyannamədə fikir ayrılıqlarının olduğunu etiraf edib”, – deyə politoloq bildirib.
E. Şahinoğlu hesab edir ki, Rusiyanın Ukraynaya qarşı müharibəsi fonunda BRİCS üzvlərinin Moskvanı açıq şəkildə dəstəkləməsi real görünmürdü:
“Rusiya Ukraynaya qarşı işğal müharibəsi aparır. Belə olan halda BRİCS üzvlərinin Rusiyanı dəstəkləmələri mümkün deyildi”.
Politoloq İran məsələsində də BRİCS daxilində ciddi ziddiyyətlərin olduğunu vurğulayıb:
“İranı dəstəkləyən bəndin bəyannaməyə salınmasına isə digər üzv dövlət – Birləşmiş Ərəb Əmirlikləri razılaşa bilməzdi. Çünki Birləşmiş Ərəb Əmirlikləri İranın ən çox raket və dron zərbəsinə məruz qalan ölkədir. BRİCS-də qəribə vəziyyət yaranıb: qurumun bir üzvü -İran digər üzvünün - Birləşmiş Ərəb Əmirliklərinin ərazisinə zərbələr endirib və bu proses yekunlaşmayıb”.
Ekspertin sözlərinə görə, bütün ziddiyyətlərə baxmayaraq, BRİCS üzvləri iqtisadi məsələlərdə müəyyən konsensusa nail olublar. Bəyannamədə Ümumdünya Ticarət Təşkilatının qaydalarına zidd olduğu hesab edilən birtərəfli tarif və qeyri-tarif tədbirlərinin genişləndirilməsindən narahatlıq ifadə olunub. Həmçinin malların sabit axınının təmin edilməsi, qlobal təchizat zəncirlərinin qorunması və fasiləsiz enerji təchizatının təmin olunması üçün birgə fəaliyyətin vacibliyi vurğulanıb.
E. Şahinoğlu qeyd edib ki, BRİCS ölkələri qarşılıqlı ticarətdə milli valyutalardan istifadənin genişləndirilməsi istiqamətində də fəaliyyətlərini davam etdirmək niyyətindədirlər.
Politoloq bəyannamədə beynəlxalq təhlükəsizliklə bağlı müddəaların da yer aldığını bildirib. Onun sözlərinə görə, BRİCS üzvləri münaqişələrə səbəb olan problemlərin aradan qaldırılmasını və dialoq yolu ilə həllini müdafiə ediblər.
“Bundan başqa, bəyannamədə nüvə təhdidləri ilə bağlı risklərə dair narahatlıq ifadə olunub. Bu bənd əslində Rusiyaya aid olmalıdır. Çünki Ukraynaya qarşı müharibə dönəmində müxtəlif ölkələri nüvə silahı ilə təhdid edən açıqlamaları məhz rusiyalı rəsmilər səsləndirirlər”, - deyə ekspert vurğulayıb.
E. Şahinoğlu BRİCS ölkələrinin Yaxın Şərq məsələsində də müəyyən ortaq mövqe nümayiş etdirdiyini bildirib. Onun sözlərinə görə, təşkilat üzvləri regionda uzunmüddətli sülh, sabitlik və təhlükəsizliyin təmin olunması üçün dialoq və diplomatiyanı dəstəklədiklərini bəyan ediblər.
Politoloq bildirib ki, BRİCS İsrail-Fələstin münaqişəsinin BMT qətnamələri əsasında “iki dövlət, iki xalq” prinsipi ilə həllini dəstəkləyib. Bəyannamədə Qüdsün hüquqi və tarixi statusunu dəyişdirməyə yönəlmiş birtərəfli addımlar rədd edilib, Qəzza zolağına humanitar yardımın təmin olunması ilə bağlı hüquqi öhdəliklər xatırladılıb.
Onun sözlərinə görə, bəyannamənin Suriya ilə bağlı hissəsində də İsrailə işarə olunub:
“Biz işğalçı qüvvələrin Suriyadan çıxarılması zərurətini bir daha təsdiqləyirik”.
Ekspert BRİCS-in Kuba məsələsini də diqqətdən kənarda qoymadığını bildirib. Onun sözlərinə görə, təşkilat üzvləri ABŞ-ın adı çəkilmədən Kubaya qarşı birtərəfli embarqonun sərtləşdirilməsindən və bunun ölkənin iqtisadiyyatına, enerji təchizatına və humanitar vəziyyətinə mənfi təsirindən narahatlıq ifadə ediblər.
E. Şahinoğlu Yeni Dehlidə BRİCS+ sammitinin keçirilməsinə də diqqət çəkib. O qeyd edib ki, bu format Hindistan üçün xüsusi əhəmiyyət daşıyır:
“Çünki Yeni Dehli BRİCS-in genişlənməsinin və bununla Qlobal Cənub prinsipinin real mexanizmə çevrilməsinin tərəfdarıdır. Qlobal Cənub konsepsiyası Hindistanı Yaxın Şərq, Afrika və Asiya dövlətləri ilə daha sistemli şəkildə əlaqələndirir. Hindistan BRİCS-in beynəlxalq düzəni əvəz etməsini istəmir. O, BRİCS-in mövcud düzən daxilində Hindistanın danışıqlar gücünü artırmasını hədəfləyir”.
Politoloq hesab edir ki, Yeni Dehlidə keçirilən sammit BRİCS daxilindəki fikir ayrılıqlarının hələ də aradan qalxmadığını bir daha nümayiş etdirib.
“BRİCS-in daha güclü olması üçün Rusiya-Ukrayna müharibəsi, o cümlədən İran ətrafındakı gərginlik və SEPAH qüvvələrinin Körfəz ölkələrinin ərazilərinə zərbələri dayandırılmalıdır”, - deyə E. Şahinoğlu bildirib.