Cənubi Qafqaz regionunda yeni əməkdaşlıq formatı formalaşır

Bütün bölgə dövlətləri fayda götürəcək
  Rusiya və İran 2024-cü ilin mart ayına qədər iki ölkədən idxal olunan mallar üçün rüsumları aradan qaldırmağa razılaşıblar. Bu barədə İran-Rusiya Birgə Ticarət Palatasının üzvü Kambiz Merkazemi bildirib. O deyib ki, İran və Avrasiya ölkələri arasında münasibətlərin kommersiya inkişafı ilə əlaqədar olaraq, operatorların gömrük, tariflər və rəqabətli bazar sahəsində problemləri ilin sonuna kimi həll olunacaq. Merkazemi belə problemlərin həllinin milli valyutalarda hesablaşmalar, həmçinin azad ticarət və İranın Rusiya, Ermənistan və Belarusla gömrük sərhədlərinin açılması olduğunu izah edib. Merkazemi həmçinin qeyd edib ki, azad ticarət sazişinin həyata keçirilməsi üçün infrastruktur İran və Rusiya danışıqlarında yüksəksəviyyəli qarşılıqlı anlaşma sayəsində sürətli templə yaradılır. Bu arada Tehranla İrəvan da yol ödənişlərini ləğv etmək barədə razılığa gəliblər. Qeyd olunub ki, bu barədə razılıq İranın yol və şəhərsalma naziri Mehrdad Bəzrpaşla Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri Qnel Sanosyan arasında keçirilən görüşdə əldə olunub. Bəzrpaş bildirib ki, bu qərar, daha az xərclə üçüncü ölkələrə mal daşıya biləcək iş adamları üçün çox ciddi problemi həll edəcək. Tərəflər həmçinin “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin cənubda yerləşən hissəsinin tikintisi barədə müqavilə imzalayıblar. İranla həmsərhəd Aqarak şəhərindən Qacaran şəhərinə uzunluğu 32 km olan hissənin tikintisinə dair müqavilə imzalanıb.
  Millət vəkili Vüqar Bayramov "Sherg.az"a bildirib ki, bütövlükdə Cənubi Qafqaz regionunda yeni əməkdaşlıq formatı formalaşır. Deputatın sözlərinə görə, əməkdaşlıq formatı həm region, həm də bölgə ilə qonşu olan böyük ölkələrin prosesə cəlb edilməsini nəzərdə tutur:
"Region ölkələri arasında iqtisadi əməkdaşlığın gücləndirilməsi gömrük və digər sahələrdə yeni mexanizmlərin formalaşmasına imkan yaradacaq. Bu kontekstdən yeni format region ölkələrinin iqtisadi əməkdaşlıq, eyni zamanda ticarət əlaqələrinin genişləndirilməsi baxımından çox vacibdir. Nəticədə bu əməkdaşlıq iqtisadi əlaqələrin inkişafına təkan verəcək. Azərbaycan da regional sahədə əməkdaşlığı dəstəklədiyini bəyan edib və bunun bütün bölgə dövlətləri üçün faydalı olacağını vurğulayıb".