MHP sədrinin BMT-ni səssiz qalmaqda ittiham etməsi, beynəlxalq hüququn artıq böhranları önləmək qabiliyyətində olmadığını nümayiş etdirir
Yaxın Şərqdə və dünyada artan geosiyasi gərginlik fonunda Cənubi Qafqazda da yeni siyasi balans formalaşır. Türkiyənin MHP sədri Dövlət Baxçalı hesab edir ki, Qəzzadan Hörmüz boğazına, Şərqi Aralıq dənizindən Cənubi Qafqaza qədər baş verən proseslər eyni qlobal güc mübarizəsinin tərkib hissəsidir:
“Cənubi Qafqazda yenidən formalaşan siyasi tarazılıq qlobal arenada baş verən silsilə proseslərin bir halqasıdır. Baxçalı bildirib ki, bu gün getdikcə daha da sərtləşən güc mübarizələrinin, kökü əsrlər əvvələ gedib çıxan ağır qarşıdurmaların, bu günü qeyri-müəyyən, sabahı isə dumanlı olan dövrdən keçirik. Bu gün baş verənləri sadəcə gündəlik xəbər axını kimi qiymətləndirmək həqiqətin yalnız zahiri tərəfi ilə kifayətlənmək deməkdir. Çünki Qəzzada tökülən məzlum qanı, Livanda atəşkəsə baxmayaraq davam edən qırğınların dumanı, Hörmüz boğazında uzun müddətdir qlobal iqtisadiyyatı və enerji təchizatını girov saxlayan gərginlik, Şərqi Aralıq dənizində Kipri də əhatə edən və Bəsrə körfəzinə qədər uzanan gizli geosiyasi hesablamalar, eləcə də Cənubi Qafqazda yenidən formalaşan siyasi tarazlıq eyni zəncirin halqalarıdır”.
Politoloq Tural İsmayılov Sherg.az-a bildirib ki, Dövlət Baxçalının Cənubi Qafqazda baş verən prosesləri Yaxın Şərqdəki münaqişələrlə əlaqələndirən bəyanatı regional böhranları lokal deyil, qlobal güc rəqabətinin vahid zənciri kimi görən makro-strateji təhlildir: 
“Bir politoloq gözü ilə baxsaq, bu açıqlama fərqli coğrafiyalarda yaşanan gərginliklərin əslində eyni geosiyasi mənbədən qidalandığını və "birləşmiş qablar" prinsipi ilə bir-birinə təsir etdiyini göstərir. Baxçalı regional sabitliyi təhdid edən prosesləri böyük güclərin qlobal şahmat taxtasındakı strateji gedişləri kimi qiymətləndirir. Bu yanaşmanın ehtiva etdiyi konkret proseslərin başında beynəlxalq nizamın yenidən dizayn edilməsi və böyük güclərin təsir dairələri uğrunda apardığı mübarizə dayanır. Yaxın Şərqdə - Qəzza, Livan, Şərqi Aralıq dənizi və Hörmüz boğazında yaşanan hərbi-siyasi qarşıdurmalar sadəcə regional münaqişələr deyil, qlobal güc mərkəzlərinin strateji mövqe qazanmaq cəhdləridir. Eyni proses Cənubi Qafqazda da özünü göstərir. Qlobal güclər bir regionda tətbiq etdikləri təzyiq və ya mühasirə strategiyasını digər regionda fərqli alətlərlə davam etdirirlər. Bu baxımdan, Qafqazda formalaşmaqda olan yeni təhlükəsizlik arxitekturası Yaxın Şərqdəki güc balanslarının dəyişməsindən birbaşa asılı vəziyyətə gəlir”.
Politoloqun sözlərinə görə, bir konkret proses sub-regional və beynəlxalq koalisiyaların genişlənmə və qarşıdurma strategiyasıdır:
“Bir tərəfdən Yaxın Şərqdə hərbi gərginliyi artıran, digər tərəfdən isə Cənubi Qafqazda sülh prosesinə müdaxilə etməyə çalışan qlobal aktorlar eyni geosiyasi məqsədə xidmət edirlər. Bu proses regionların hərbiləşdirilməsi, kənar hərbi-siyasi missiyaların bölgəyə gətirilməsi və yerli dövlətlərin suverenliyinə təsir göstərmək cəhdləri ilə müşayiət olunur. Bir zonada alovlanan gərginlik digər zonada hərbi eskalasiya riskini və silahlanma yarışını avtomatik olaraq stimullaşdırır. Nəhayət, beynəlxalq sistemin və qlobal təhlükəsizlik institutlarının funksional iflası bu iki regionu birləşdirən ən konkret ortaq prosesdir. Baxçalının BMT-ni səssiz qalmaqda ittiham etməsi, beynəlxalq hüququn artıq böhranları önləmək qabiliyyətində olmadığını nümayiş etdirir. Qəzza və Livandakı humanitar fəlakətlər və hərbi əməliyyatlar qarşısında beynəlxalq təşkilatların çarəsizliyi, qlobal miqyasda bir "hüquqi vakuum" və gücün aliliyi prinsipini formalaşdırır. Bu hüquqi sistemin çöküşü Cənubi Qafqazda da sülhün və sabitliyin təmin edilməsini çətinləşdirir, çünki beynəlxalq mexanizmlərin işləmədiyi bir mühitdə revanşist meyillər və yeni münaqişə ocaqlarının yaranma riski daha da artır. Politoloji nöqteyi-nəzərdən bu bəyanat, qlobal xaosun coğrafi sərhəd tanımadığını və bəşəriyyətin vahid bir sistem böhranı ilə üz-üzə qaldığını vurğulayır”.