Əhalini su, ərzaq qıtlığına hazırlamaq lazımdır  - Millət vəkili

Deputat bildirib ki, mütləq sığınacaqlar məsələsinə də baxılmalıdır

  "2024-cü ilin dövlət və icmal büdcələrinin layihələrinin Milli Məclisdə müzakirəsi bütün ölkə üzrə suverenliyin bərpasını yaşadığımız bu günlərə təsadüf edir". Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin zərfi”nin müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov deyib. Nazir bildirib ki, bu layihələr regionumuzda yaranan reallıqlar nəzərə alınmaqla, ölkəmizin güclü milli iqtisadi resurslara söykənərək inkişafına zəmin yaradacaq: “Növbəti ilin dövlət büdcəsində ölkəmizin müdafiə qabiliyyətinin gücləndirilməsi, "Böyük Qayıdış" üçün müəyyən edilmiş tədbirlərin icrası üçün prioritet xərc istiqamətləri nəzərdə tutulub. Əhalinin sosial müdafiəsi, təhsil sahəsində islahatların davam etdirilməsi, ölkənin ərzaq təhlükəsizliyi, səfərbərlik ehtiyatlarının formalaşdırılması xərcləri də layihədə yer alıb. Dünya enerji bazarında volatilliyin hökm sürməsi, təbii qazın qiymətinin enməsi kimi bir sıra mühüm faktorlar layihələr hazırlananda nəzərə alınıb. Vergi daxilolmalarının da azalması müşahidə olunur. Bununla yanaşı, hazırda dünya enerji bazarlarında mövcud olan əlverişli qiymət konyukturasında neft istehsalının azalması, təbii qaz hasilatının artması neft sahəsində olan azalmanın kompensasiyası sayıla bilər. Bunlar dövlət büdcəsinə neft-qaz sahəsindən vergi gəlirlərinin 420 milyon manat məbləğində artmasına, yaxud azalmasına gətirib çıxara bilər. Neft sahəsində qiymət faktoru olduqca riskli sayılır. Ona görə dövlət büdcəsinin proqnozlaşdırılması zamanı neft qiymətlərində artımı əsas kimi dəyərləndirməməliyik”.

"Ölkə sərhədlərinin toxunulmazlığının gücləndirilməsi üçün maliyyə təminatı yaradılacaq"

  Samir Şərifov deyib ki, növbəti ilin dövlət büdcəsi xərclərinin prioritet istiqamətlərindən biri olan müdafiə, milli təhlükəsizlik xərcləri artırılır: "Bu vəsait müzəffər ordumuzun daha da peşəkarlaşması, ordunun maddi-texniki təchizatının daha da yaxşılaşdırılması üçün maliyyə təminatının yaradılması üçündür. Ölkə sərhədlərinin toxunulmazlığının gücləndirilməsi üçün maliyyə təminatı yaradılacaq". Nazir bildirib ki, azad edilmiş ərazilərə "Böyük Qayıdış"ın təmini üçün 4 milyard manat vəsait ayrılması nəzərdə tutulur: “Bununla yanaşı azad edilmiş ərazilərdə sosial iqtisadi təminatın yaradılması üçün 10 il müddətinə dövlət büdcəsinin vəsaiti hesabına maliyyə yardımının göstərilməsi üçün vəsaitin ayrılması proqnozlaşdırılır”. S.Şərifov qeyd edib ki, icbari tibbi sığorta fondunun öz gəlirləri istisna olmaqla, büdcədən vəsait ayrılması da proqnozlaşdırılır: “Cari illə müqayisədə bu vəsait 112 milyon manat çox olacaq. Həmçinin gələn ilin büdcəsində ölkəmizin buğda ilə özünü təminetmə səviyyəsinin artırılması üçün 60 milyon manat vəsaitin ayrılması proqnozlaşdırılır”.

"Xarici borcumuz 5 milyard dollara qədər enə bilər"

  Samir Şərifov bildirib ki, kifayət qədər mühafizəkar borclanma siyasəti həyata keçirilir. Xarici dövlət borcu üzrə bizdə kifayət qədər azalma müşahidə olunmaqdadır. Nazir deyib ki, xarici borcumuz azalacaq, təxminən 5 milyard dollara qədər enə bilər: “Bu isə şübhəsiz, konkret layihələrin maliyyələşdirilməsi ilə bağlı olacaq. Hazırda bizim xarici dövlət borcu 6,5 milyard səviyyəsindədir. Növbəti ildə bizim borcun əhəmiyyətli hissəsinin qaytarılması nəzərdə tutulub. Ümumi siyasət istiqaməti ona yönəlib ki, daxili dövlət borcunun ümumi borcda çəkisi artsın. Bu ona görə edilir ki, biz xarici dövlət borcundan asılı olmayaq. Xarici dövlət borcunun qiyməti hansısa məzənnə dəyişikliyi olanda manatda artır. Daxili dövlət borcunun artırılması bizim maliyyə, bank sektorunun artımına müsbət təsir göstərir. Artıq təkcə 1 il deyil, 7 ilədək borc istiqrazlarının müddətini artırmışıq. Çalışacağıq 10 illik istiqrazlar da buraxaq”.

“Ərzaq qiymətlərinin düşməsini müşahidə edirik”


  İqtisadiyyat naziri Mikayıl Cabbarov deyib ki, Ali Baş Komandanın rəhbərliyi altında müzəffər ordumuzun sayəsində torpaqlarımız işğaldan tam azad olunub.
  Nazir bildirib ki, cari ildə neft qaz sektorunda gəlirlərin azalmasına baxmayaraq, qeyri-neft sektorunda artımlar qeydə alınıb: “Qeyri-neft qaz sahəsində sənaye zonalarında istehsalın artması müsbətdir. Xarici ticarət balansına toxunarkən qeyd etmək istəyirəm ki, bu il də biz yüksək həcmdə profisit əldə etdik. Xüsusilə qeyd etmək lazımdır ki, qeyri-neft sektoru məhsullarının ixracı ötən ilin bu dövrü ilə müqayisədə 15 faizədək artıb”. Mikayıl Cabbarov ərzaq məhsullarının qiymətlərinə də toxunub: “Hökumətin gördüyü tədbirlər nəticəsində ərzaq qiymətlərinin aşağı düşməsini müşahidə edirik”. Nazir nəzərə çatdırıb ki, qeyri-neft sektorunda vergi daxilolmalarının 76 faizi özəl sektorun payına düşür: “Bu, çox vacib məqamdır. Bu nəticələr bizim bir sıra göstəricilərə əsas verir, valyuta ehtiyatlarımızın artımına da müsbət təsir göstərir, Dövlət Neft Fondundan transferə ehtiyac yaranmır”.

"İş yerlərinin yalnız sayı deyil, keyfiyyəti də artırılmalıdır"

  M.Cabbarov bildirib ki, işsizlikdən sığorta üzrə daxilolmaların proqnozu 112 faiz icra edilib: "Əməkhaqları üzrə aparılmış islahatlar sahəsində son 4 il 9 ay müddətində 304 mindən çox yeni əmək müqavilələri bağlanıb. Şəffaflaşma proseslərinə geniş yer verilir. Pandemiya dövrü də daxil olmaqla, biz ildə orta hesabla 71 min qeyri-daimi iş yeri yaradırıq". Nazir bildirib ki, yalnız iş yerlərinin sayı deyil, keyfiyyəti də artırılmalıdır: “Bu, ölkədə istər orta əməkhaqqının, istərsə də iqtisadiyyatın inkişafı üçün vacib amildir. Eyni zamanda ölkədə əmək bazarının yaxşılaşdırılmasını şərtləndirir’.

İri dövlət müəssisələrində dövlətin payı azaldılacaq

  İqtisadiyyat naziri bəyan edib ki, dövlət satınalmaları ilə bağlı şəffaflığın təmin edilməsi üçün tədbirlər davam etdirilir. Nazir bildirib ki, investisiya təşviqi şərtləri ölkə başçısının tapşırığı ilə dəyişdirilib: “Hazırda strateji valyutanın təşviqi ilə bağlı işlər aparılır. Həm təşviqlər, həm yeni alətlərin hazırlanması və tətbiq edilməsi çox zəruridir. Qarşımızda duran digər əsas məsələlərdən biri iri dövlət müəssisələri, səhmlərində dövlətin payı olan müəssisələr tərəfindən dividend ödənişinin artırılmasıdır. Bu istiqamətdə müsbət dinamika müşahidə edilir. 2023-cü ildə 87 dövlət mülkiyyətində olan torpaq sahələri özəlləşdirilib. Dövlət başçısının sərəncamı ilə təsdiq edilmiş 8 iri dövlət müəssisəsinin sağlamlaşdırılması, özəl investisiyaların cəlb edilməsi məqsədilə həmin müəssisələrdə dövlətin payının azaldılması istiqamətində tədbirlər həyata keçirilir. Bununla əlaqədar beynəlxalq məsləhətçilərlə məsləhətləşmələrə başlanıb, təkliflərin hazırlanması üçün işlərə başlanıb”.

"Azad edilmiş ərazilər kənd təsərrüfatının inkişafına töhfə verəcək"

  M.Cabbarov vurğulayıb ki, azad edilmiş ərazilərdə rezidentlər üçün güzəştlər tətbiq edilir: "Sahibkarlara kreditlərin 90 faizinin dövlət zəmanəti ilə 10 faizlə verilməsi nəzərdə tutulur". Nazir azad olunmuş ərazilərdə aparılan işlərlə bağlı məlumat verib: “Araz Vadisi İqtisadi Zonasında 420 yeni iş yerinin yaradılması nəzərdə tutulur. Zəngilan, Qubadlı, Kəlbəcər, Zəngilan və digər ərazilərdə torpaqların qiymətləndirilməsi, 714 min hektar ərazidə çöl, ölçmə işləri yekunlaşıb. Müvafiq məlumatlar elektron informasiya sisteminə inteqrasiya edilib. Gələcəkdə həmin ərazilər kənd təsərrüfatının inkişafına öz töhfəsini verəcək”.

Büdcə qaydasının hər iki hədəfi diqqətdə saxlanılıb

  Hesablama Palatasının sədri Vüqar Gülməmmədov deyib ki, 2024-cü ilin fiskal proqnozlarında büdcə qaydasının hər iki hədəfi diqqətdə saxlanılıb. Palata sədri bildirib ki, təqdim edilmiş məlumatlara əsasən aparılan hesablamalar 2024-cü il üzrə icmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ümumi daxili məhsula nisbətinin 22,2 faiz proqnozlaşdırıldığını göstərib: “Bu da müvafiq göstəricinin büdcə qaydası çərçivəsində olduğunu deməyə əsas verir. Qeyd edək ki, əvvəlki ilin büdcə proqnozlaşdırılmasında büdcə qaydasına riayət edilməsinə əlverişli şərait yaradan amillərdən 2-si (qeyri-neft gəlirlərinin və qeyri-neft ÜDM-nin artımı) üzrə müsbətyönlü töhfə cari büdcə proqnozlarında aktuallığını saxlayıb. Borca xidmət xərclərinin xərc komponentinə yenidən qaytarılması, məqsədli büdcə fondlarının qalıq vəsaitinin gəlir komponentindən çıxarılaraq kəsirin maliyyələşdirilməsinə, neft sektoru üzrə dividendlərin neft gəlirlərinə aid edilməsi isə əvvəlki ilə nəzərən kəsirə artırıcı təsir edib”. 

"Yeni tikililərdə, köhnə tikililərdə zirzəmilərə su yığılır”

  Deputat Fazil Mustafa deyib ki, "Böyük Qayıdış" üçün 4 milyard manat nəzərdə tutulur: "Yükü yalnız dövlətmi götürəcək, ya ora köçən insanlara da hər hansı yük həvalə olunacaq?". Deputat bildirib ki, hər bir şeyin dövlətin üzərinə qoyulması doğru deyil: “Tərtər hadisələrinə görə dövlətin üzərinə vəsait qoyulub və bunu Maliyyə Nazirliyi ödəməlidir. Niyə? Bu hadisəni törədənlər bu xərci ödəməlidir”.
Deputat bildirib ki, əhalini su qıtlığı, ərzaq qıtlığı ilə bağlı məsələyə hazırlamaq lazımdır: “Biz mütləq sığınacaqlar məsələsinə də baxmalıyıq. Bu gün İsrail və Fələstin arasında müharibə gündəmdədir, hava bombaları atılır. Biz bundan sığortalanmamışıq. Ona görə sığınacaq məsələsinə baxmalıyıq. Yeni tikililərdə, köhnə tikililərdə zirzəmilərə su yığılır”. Deputat brend yaratmağı bacaran sahibkarlara dəstək verilməsini təklif edib.

"Qəribə bir situasiya yaranıb"

  Deputat Rüfət Quliyev deyib ki, kənd təsərrüfatında bolluq var, amma tikilən emal fabrikləri tam gücüylə işləmir: “Nəyə görə? Tələb-təklif-satmaq bazar iqtisadiyyatının əsas qanunudur. Bu gün bütün dünyada yeni tendensiya yaranıb. Şirkətlər yaranır, sadəcə bir ofisləri var, amma onlar beynəlxalq brendlər yaradır. Bu, “Uber”ə, “Bolt”a, geyim brendlərinə də aiddir. Bu gün bizdə də həmin sinif yaranır. Sahibkarlar var ki, gedir zavodla danışırlar, kənd təsərrüfatı məhsulunu emal edirlər və milli brendlər yaradırlar. Bizdə sahibkarlara kömək edən Fondun fəaliyyəti ilə razıyam. Amma onların özü də mən qeyd etdiyim fəaliyyətə kömək edə bilmir. Fond deyir ki, vəsait ayrılması üçün ancaq istehsal və kənd təsərrüfatı olmalıdır. Amma əsas brenddir”.

"Biz sərhədləri ömürlük bağlı saxlaya bilmərik"

  Deputat Qüdrət Həsənquliyev deyib ki, dövlət büdcəsinə Neft Fondundan transferlər çıxanda gəlirlər azalır. Deputat bildirib ki, dövlətin qarşısında duran vəzifələrin icrası üçün vəsait lazımdır: “Biz Qarabağı azad edəndə dedik ki, iqtisadiyyatımız Ermənistandan çox güclüdür. Amma vergi və gömrük rüsumlarını artırmaqla düşünmürəm ki, bu sahədən gəlirlər artsın. Əsas odur ki, iqtisadiyyatımız böyüsün. İqtisadiyyatın əsas hissələri dövlətin nəzarətindədir. Mikayıl müəllim çıxışında dedi ki, iri dövlət müəssisələrində dövlətin payı azalacaq. Azaltmaq yox, ümumiyyətlə, dövlətin payı olmamalıdır. Azərbaycanda böyük özəlləşdirməyə getmək lazımdır. Ciddi rəqabət mühiti yaradılmalı, sahibkarlar güclü kənar təsirlərdən qorunmalıdır. Bunun üçün güclü məhkəmə hakimiyyətinin yaradılmasına ehtiyac var”. Qüdrət Həsənquliyev ixracla bağlı vergi güzəştləri məsələsinə də toxunub: “Güzəştlərdən sui-istifadə halları var. Amma mən bunun ləğvini doğru saymazdım, çünki ölkəyə investisiya təşviqinə bu, mənfi təsir göstərər. Son 30 ildə 200 milyard manat investisiya qeyri-neft sektoruna yönəldilib. Bu, çox kiçik rəqəmdir”. Deputat quru sərhədlərinin bağlı qalması məsələsinə də toxunub: “Hazırda biz bilirik ki, quru yollar bağlıdır. Pandemiya bütün dünyada bitir. Bir məqamı da qeyd edim. Bizim sərhəd bölgəsinin insanları Azərbaycan dövlətinə inteqrasiya olunmağa başlayıb, sərhəd açıq olanda sərhəd ölkələrinə gedirdilər. Amma sərhədlərin bağlı qalmasından sonra belə hesablama aparılıbmı ki, nə itirmişik, nə qazanmışıq?! Biz sərhədləri ömürlük bağlı saxlaya bilmərik ki?! Sərhədlər açılandan sonra bizim itirdiklərimiz nə olacaq? Sərhədlər bağlı qalanda bizim büdcədə nə qədər qazanc əldə edilib?”.