“Ermənilər isə nəinki bizimlə yaxınlaşmaq istəyir, əksinə, torpaqlarımızı qopartmaq
niyyəti güdürlər. Bu da mümkün deyil”
Ermənistandan yola çıxan və Azərbaycanla razılaşdırılmadan nümayişkaranə şəkildə sərhədimizə qədər irəliləyən 19 yük maşını Laçın yolundakı postumuzun önündə gözləməkdədir. Azərbaycan dəfələrlə Qarabağın bir hissəsində məskunlaşan ermənilərin ehtiyac duyduqları bütün zəruri ərzaq və digər məhsulları Ağdamdan tədarük edə biləcəklərini vurğulayıb. Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərə malların daşınması üçün Bərdə-Ağdam-Xankəndi yolundan istifadə olunmasını təklif edib. Bu yolun təbii imkanları Laçın-Xankəndi yoluna nisbətən daha üstündür. İşğaldan sonra yenidən qurulmuş Bərdə-Ağdam yolu malların daha sürətli və səmərəli şəkildə çatdırılmasına imkan yaradır. Separatçı rejimin təmsilçiləri isə bu təklifdən imtina edirlər. Ermənistan və Avropa İttifaqı da separatçılara dəstək çıxır. Rəsmi Bakı baş verənləri növbəti erməni şousu, spekulyasiya və dünya ictimaiyyətini aldatmağa yönəlmiş oyun adlandırır.
Millət vəkili, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı da "Sherg.az"a müsahibəsində bildirib ki, Ermənistan və onun dəstəkçiləri hər zaman olduğu kimi yenə pozuculuqla məşğuldur. Parlament üzvünün sözlərinə görə, Azərbaycan haqlı mövqeyini davam etdirməlidir.
- Sabir bəy, Ermənistanın danışıqlar gedərkən "humanitar yardım" adı altında 19 yük maşınını sərhədlərimizə qədər gətirməsini necə şərh edərdiniz?
- Bu, Ermənistanın növbəti təxribatıdır. Laçın yolu vasitəsilə indiyədək gediş-gəlişə, humanitar yardımların daşınmasına imkan yaradılıb. Amma sonradan məlum oldu ki, Ermənistan və separatçılar Beynəlxalq Qırmızı Xaç Komitəsinin maşınlarından sui-istifadə ediblər. Silah-sursat və başqa avadanlıqların daşınması faktları ortaya çıxdı. Ona görə də Azərbaycan haqlı olaraq yolda giriş-çıxışı məhdudlaşdırdı. Ehtiyatlı olmalıyıq və bütün məsələləri nəzarətdə saxlamalıyıq. Başqa cür mümkün deyil. Azərbaycan ərazisindən silahlı ermənilər çıxarılmayana qədər hər cür təhlükə bizi gözləyir. Qarabağdakı silahlı quldur dəstələrin, terrorçu qrupların varlığına son qoyulmalıdır.
- Qərb dövlətlərinin, Avropa İttifaqının məsələyə birmənalı və qərəzli yanaşması nəylə bağlıdır? Halbuki Brüssel platforması daha obyektiv dəyərləndirilirdi...
- Qərb dövlətləri, Avropa və xüsusən, Fransa 30 ildir bu yolu gedirlər. Onların qərəzli yanaşması yeni məsələ deyil. Diplomatik danışıqlarda, müxtəlif mətbuat səhifələrində, tarixi hadisələrə münasibətdə daim anti-Azərbaycan mövqeyindən çıxış edirlər. Bu gün də həmin baxışı görürük. Ancaq Azərbaycan müstəqil dövlətdir və öz yolunu özü müəyyənləşdirir. İstənilən şəraitdə dünyaya öz haqlı mövqeyimizi bəyan etməli və yolumuzdan dönməməliyik. Millət vəkilləri, siyasi partiyalar və ictimaiyyət nümayəndələri də bu məsələ ilə bağlı beynəlxalq təşkilatlara müraciətlər ünvanlamalıdır. Xüsusən, Qarabağdan zorla köçürülmüş, 30 il qaçqın, köçkün həyatı yaşamış insanlarımızı öz yurdlarına qaytarmaq üçün addımlar atılmalıdır. O baxımdan Qarabağ camaatı daha fəal olmalı, səslərini qaldırmalıdırlar.
- Azərbaycan tərəfi humanitar yardımlarla bağlı Ağdam-Xankəndi yolunu təklif edib. Bu yoldan Ermənistandan gələn maşınların istifadəsinə imkan verilməlidirmi, yoxsa ancaq beynəlxalq təşkilatlar istifadə etməlidir?
- Rəsmi Bakının alternativ olaraq Ağdam-Xankəndi yolunu təklif etməsi doğru addımdır. Hətta bir müddət sonra həmin marşrut üzrə dəmiryolu da bərpa olunacaq. Yəni bu yoldan humanitar yardım məqsədilə istifadə oluna bilər. Amma məsələ ondadır ki, hansı humanitar yardımdan söhbət gedir? Qarabağda nə faciə baş verib ki? Zəlzələ olub? Dəfələrlə deyilib ki, Qarabağda yaşayan ermənilər Azərbaycan vətəndaşları sayılır. Əgər nəyəsə ehtiyacları yaranıbsa, Azərbaycan dövlətinə müraciət etsinlər. Rəsmi Bakı ilə danışıqlarda maraqlı olsunlar, reinteqrasiyanı pozmasınlar. Erməni tərəfi hər təklifi geri çevirir və öz oyunlarını davam etdirirlər. Güman edirlər ki, yenə də 1988-ci ildir və dünya onlara görə ayağa qalxacaq və s. Heçnə baş verməyəcək. 50-60 min erməni azlığı üçün hansı xüsusi şərait yaratmalıyıq ki?! Onlar üçün ayrıca "dövlət" qurmalıyıq? Azərbaycan torpağında ermənilərdən qiymətli olan nə qədər azsaylı xalq yaşayır. Hamısı da Azərbaycan dövləti və xalqı ilə birlikdədirlər. Vətən övladları kimi dövlətimizin mənafelərini hər zaman üstün bilirlər, qoruyurlar. Ermənilər isə nəinki bizimlə yaxınlaşmaq istəyir, əksinə, torpaqlarımızı qopartmaq niyyəti güdürlər. Bu da mümkün deyil. Çarəsi odur ki, ya özləri qopub getməlidirlər, ya da Azərbaycan qanunlarına hörmət etməlidirlər.