Amazon meşələri uçurumun bir addımlığındadır. Bəşəriyyət bu həddi keçərsə, oranı bərpa etmək mümkün olmayacaq.
Teleqraf xəbər verir ki, bu barədə elmi mənbələrə istinadla RMF24 məlumat yayıb.
Tədqiqatçılar xəbərdarlıq edirlər ki, dünyanın ən böyük yağış meşələri və “planetin ağciyərləri” 2040-cı ildə quru savannaya çevrilməyə başlaya bilər.
Tədqiqatın həmmüəllifi Yohan Rokstrom deyib: “Meşələrin qırılması sabitliyi pozur. Bu, təkcə region üçün fəlakət deyil, həm də bütün planet üçün genişmiqyaslı nəticələrə səbəb ola bilər”.
Əvvəllər Amazon meşələrinin temperatur normasının daha 4 dərəcə artmasına davam gətirəcəyi düşünülürdü, amma yeni təhlillər göstərir ki, temperatur 1,5-1,9 dərəcə Selsi artdıqca dönməz dəyişikliklər başlayacaq.
Meşələrin qırılması tempi xüsusilə narahatedicidir. Bu günə qədər meşələrin 17-18 faizi əsasən mal-qara otlaqları və soya tarlaları üçün məhv edilib. Mütəxəssislər xəbərdarlıq edirlər ki, bu rəqəm 22-28 faizə çatdıqda məhvolma prosesi nəzarətdən çıxacaq.
Tədqiqatın aparıcı müəllifi Niko Vunderlinq qeyd edib: “Bu, atmosferi qurudur və meşənin öz-özünə yağıntı yaratmaq qabiliyyətini zəiflədir. Hətta orta dərəcədə əlavə istiləşmə belə təbiətin böyük hissələrində kaskad təsirlərinə səbəb ola bilər”.
Alimlər Amazon meşələrinin özünü təmin edən mexanizm olduğunu və bölgədəki yağıntının yarısına qədərini istehsal etdiyini söyləyirlər. Amazon onilliklər ərzində milyardlarla ton karbon qazını udan təbii bufer rolunu oynayıb. Amma Rokstrom fəlakətin qarşısını almaq üçün hələ də şansın olduğunu düşünür. Elm adamı ağacların kəsilməsinin dayandırılmasının, zədələnmiş ərazilərin bərpasının və tullantıların sürətlə azaldılmasının riskləri əhəmiyyətli dərəcədə azalda biləcəyinə inanır.