“Xocalı faciəsi haqqında kitablar, məqalələr yazılmaqla bərabər, təkcə sənədli filmlər deyil, həm də peşəkar səviyyədə bədii filmlər də çəkilməli, bədii filmlər vasitəsilə auditoriyaya çatdırılmalıdır”.
Bu sözləri “Sherg.az”a açıqlamasında Sosial Rifah və Tədqiqatlar İctimai Birlyinin sədri Əkrəm Bəydəmirli bildirdi. Birlik sədri qeyd etdi ki, Vətən müharibəsində tarixi qələbə qazanıb, işğal altında qalmış ərazilərimizi azad etsək də, Xocalı faciəsini heç zaman unutmamalıyıq. Həmin qanlı tarix yalnız fevral ayının 25-26-da deyil, hər zaman xatırlanmalıdır:
- Təəssüf ki, XX əsrin faciəsi hesab olunan Xocalı hadisələri ilə bağlı bizim yetərli bədii filmlərimiz yoxdur. Müharibə mövzusunda peşəkar çəkilmiş filmlər gələcək nəsillərə yalnız informasiya vermir, yaddaşı təzələmir, həm də emosianal təsir göstərir. Bəzən media quruluşlarının görə bilmədiyi təbliğat işini kino sənəti böyük auditoriyaya çatdıra bilir. Xocalı faciəsi ilə bağlı yalnız illər öncə Vahid Mustafayevin çəkdiyi “Xoca” filmi diqqətimi cəlb etmişdi. Bu ekran əsərində beynəlxalq kodlar xarici auditoriyaya çıxış üçün düzgün seçilmiş vasitə idi. “Xoca” filminin çəkilişində ola bilər texniki qüsurlar olsun. Amma filmdə bəşəri hisslər, məhəbbət-sevgi var. Həmin dövrün ağrılı prosesləri, müharibə dəhşətləri, etinasızlıq var. Lakin hər şey ölçüsündədir, yerindədədir, əndazəsindədir. Bu filmə baxan insan məlumatlanır, təəssüflənir, kədərlənir. XX əsrin ən dəhşətli faciəsi olan Xocalı soyqırımı haqqında informasiya alır, erməni vəhşiliyinin şahidi olur. Həmçinin ona görə, təəssüflənir ki iki gənc qovuşmur. Toy mərasimi belə gözlənilməz sonluqla başa çatır. Mənim Vahid Mustafayevlə heç bir tanışlığım yoxdur. Amma çəkdiyi bu filmə görə, əvvəlki yazılarımda ona təşəkkür etmişəm. Onu qeyd etmək istərdim ki, belə kino təcrübəsindən yararlanaraq “Pianoçu” bədii filmi və digər filmlər çəkilərək dünyaya təqdim edilib. Bu gün Azərbaycanda bəzi rejissorlar, kino işçiləri filmlərin populyarlıq qazanmamasından gileylənirlər. Halbuki Qarabağ müharibəsi, Xocalı faciəsi, arxa cəbhə, insan ağrıları, Azərbaycan hərbiçisinin qəhrəmanlığı və s. haqqında müraciət olunmalı və tamaşaçıları cəlb edəcək, təsirləndirəcək mövzular kifayət qədərdir. Yetər ki, yalnız peşəkar ssenaristlər və yaradıcı komanda bu mövzulara diqqət göstərsin.