Enerji sülhün real sınağıdır: Azərbaycandanın nefti Ermənistana çatıb - ŞƏRH

“Müharibədən çıxmış bir ölkənin Ermənistana benzin satması bir qisim insanlar üçün psixoloji olaraq qəbuledilməz görünə bilər. Lakin dövlətlər emosiyalarla deyil, maraqlarla hərəkət edir"

Azərbaycandan yola salınan neft məhsullarının ilk partiyası Ermənistana çatıb. Bu barədə Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan özünün "Facebook" səhifəsində yazıb. Onun sözlərinə görə, Azərbaycan mənşəli, 1300 ton tutumlu Aİ-95 markalı benzinlə yüklənmiş 22 vaqonluq qatar Ermənistan-Gürcüstan sərhədindən keçərək Ermənistana çatıb: "Bəlkə də bu, təkcə Ermənistan və Azərbaycan arasında sülhün bərqərar olmasından sonra yox, həm də ümumiyyətlə müstəqillikdən sonra Ermənistan və Azərbaycan arasında ilk ticarət və iqtisadi sövdələşmədir”. Qeyd edək ki, neft məhsullarının ilk partiyası noyabrın 28-də Qəbələ şəhərində Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistan Baş nazirinin müavini Mher Qriqoryanın görüşündə əldə edilmiş razılaşmaya əsasən ötən gün Bakıdan yola salınıb. Azərbaycan neft məhsullarının Ermənistana ixracı sırf kommersiya xarakterlidir və benzin beynəlxalq bazar qiymətlərinə uyğun satılacaq. Ekspertlərin sözlərinə görə, bu, sülh gündəliyinin təkcə deklarativ xarakter daşımadığını, eyni zamanda, praktiki müstəvidə gerçəkləşdirildiyini əyani şəkildə göstərir. Azərbaycan neft məhsullarının Ermənistana ixracı sülh prosesinin iqtisadi dividendləri konsepsiyasını əks etdirir. İki ölkə arasında iqtisadi-ticarət əlaqələrinin yaradılması istiqamətində mühüm addımdır. Bu, həm də regionda iqtisadi-ticarət əlaqələrinin inkişafına, gələcək dövrdə region ölkələri arasında əlaqələrin genişlənməsinə töhfə verəcək. 

Milli Cəbhə Partiyasının sədr müavini Məhəmməd Əsədullazadə "Şərq"ə deyib ki, Azərbaycan və Ermənistan arasında yekun sülh müqaviləsi olmadan neft və yanacaq tədarükü ilə bağlı razılaşma ilk növbədə siyasi proseslərdən irəli gəlir. Ekspert vurğulayıb ki, Ermənistan Rusiyadan neft məhsullarının alışını azaldır: "Bununla da, Rusiyanın seçkilərdə təzyiqlərini neytrallaşdırmış olur. Ölkəyə alternativ neft tədarükü seçkilər ərəfəsində Nikol Paşinyanın əlini gücləndirir. Paşinyan bu qərar sayəsində Azərbaycanla sülhün təmin olunduğunu əyani şəkildə təqdim edəcək. Azərbaycanın Ermənistana neft məhsullarını göndərməsi Moskva və Tehranda "yanğına" səbəb olacaq. Ermənistana neft məhsullarının ixracının reallaşması İranın da mövqeyini zəiflətmək istiqamətində mühüm addımdır". 

Analitikin sözlərinə görə, Azərbaycan Ermənistanı Rusiya və İranın buxovundan çıxarır: "İndi real və müstəqil Ermənistanın formalaşması məhz Azərbaycanın hesabına olacaq. Ermənilərin bunu qiymətləndirməməsi mümkün deyil. Nikol Paşinyan real və praktiki addımlar atır. Azərbaycan və Türkiyə Rusiyanın Ermənistanda təxribat törətməsinin qarşısını alır. Çünki Bakı çalışır ki, Paşinyan hakimiyyətdə qalsın. Türkiyə ilə Ermənistan arasında yaxın aylarda sərhədlərin açılması da gözlənilir".

Politoloq Turan Rzayev də "Şərq"ə bildirib ki, SSRİ-nin dağılmasından sonra Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzə başlamasına cavab olaraq rəsmi Bakı benzin və digər neft məhsullarının, o cümlədən təbii qazın satışını tam dayandırmışdı. Ekspert qeyd edib ki, 1992-ci ildən etibarən tədarüklər faktiki olaraq dayandırılıb, 1993-cü ildə isə neft və qaz satışı tamamilə kəsilib: "O vaxtdan bu günə qədər Azərbaycan Ermənistana rəsmi şəkildə nə neft, nə də qaz satıb. Ermənistan isə uzun illər enerji tələbatını əsasən Rusiya və İranın hesabına ödəyib.

İndiki məqamda, xüsusilə də Bakı və İrəvan arasında sülh gündəliyinin formalaşdığı bir mərhələdə enerji məhsullarının ixracı prosesin gələcəyi və məntiqi yekunu baxımından müsbət məna daşıyır. Hər nə qədər Azərbaycan neft məhsullarının Ermənistana ixracı sırf kommersiya xarakterli olsa da, tərəflər arasında birbaşa iqtisadi münasibətlərin yaranması etimadın tədricən qurulmasına xidmət edəcək. Çünki enerji kimi strateji bir sahədə əməkdaşlıq, istər-istəməz siyasi dialoqun praktik nəticəyə çevrildiyini göstərir. Bu, sülh danışıqlarının yalnız kağız üzərində deyil, real iqtisadi davranışlarda da əks olunduğu mesajını verir. SOCAR-ın istehsal etdiyi Aİ-95 markalı benzin beynəlxalq bazar qiymətləri ilə satılır. Yəni ilkin mərhələdə güzəşt, humanitar jest və ya birtərəfli addım yoxdur. Azərbaycan öz məhsulunu bazar prinsiplərinə uyğun satır. Əslində, bu, ölkəmiz üçün yeni bazar deməkdir. Ermənistanın enerji baxımından məhdud imkanlara malik olması fonunda Azərbaycan üçün sözügedən satış həm iqtisadi gəlir, həm də regionda enerji təchizatçısı kimi mövqeyini möhkəmləndirmək imkanıdır".

Analitik bəyan edib ki, Ermənistan uzun illər enerji tələbatını əsasən Rusiya və İranın hesabına ödəyib: "İndiki mərhələdə Bakının satış şərtləri bu ölkələrdən ciddi şəkildə fərqlənməsə də, gələcəkdə vəziyyətin dəyişməsi istisna deyil. Xüsusilə Ermənistana gələcəkdə satışların daha güzəştli edilməsi həm Bakının Ermənistan bazarındakı yerini möhkəmləndirə, həm yeni layihələrin icrası üçün etimad yarada, həm də İrəvanın enerji alışında xərcləri azaltmaqla Zəngəzur dəhlizinin Ermənistan hissəsində işlərin daha sürətlənməsinə xidmət edə bilər. Bu ixrac asılılıq elementini artırır. Enerji təhlükəsizliyi müasir siyasətdə əsas rıçaqlardan biridir. Ermənistanın Azərbaycan istehsalı olan neft məhsullarına ehtiyac duyması gələcəkdə siyasi qərarlarında daha ölçülü davranmasına təsir göstərə bilər. Bu mənada proses birtərəfli risk yox, əksinə, Azərbaycanın əlində əlavə təsir mexanizmi yaradan bir faktordur. Satış Gürcüstan ərazisi vasitəsilə həyata keçirilir. Bakı, beləliklə, uzun müddətdir Tbilisinin narahatlıqlarına konstruktiv cavab verir. Yəni Gürcüstan heç bir halda Azərbaycanın enerji siyasətində kənarda qalmır, əksinə, əvvəlkindən daha önəmli missiyanı üzərinə götürür. Əlbəttə, bu hadisə tarixi olduğu qədər həssas bir məsələdir. Xüsusilə də cəmiyyətdə emosional narahatlıqlar yarada bilər. Müharibədən çıxmış bir ölkənin Ermənistana benzin satması bir qisim insanlar üçün psixoloji olaraq qəbuledilməz görünə bilər. Lakin dövlətlər emosiyalarla deyil, maraqlarla hərəkət edir".