Ərdoğan və Trampın görüntüləri tam etimad və uyğunluq mesajı verir - Bədən dili eksperti

  • “Tramp Türkiyədə özünü təhlükəsiz və rahat hiss etdiyini davranışları ilə göstərdi”

NATO Liderlər Zirvəsində iştirak etmək üçün Ankaraya gələn ABŞ Prezidenti Donald Tramp və onu Ankara Hava Limanında qarşılayan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında ilk andan etibarən müşahidə olunan səmimiyyət dünya mediasının diqqət mərkəzinə çevrilib.

Sherg.az xəbər verir ki, liderlərin kameralara əks olunan görüntülərinin verdiyi mesajları bədən dili üzrə mütəxəssis Yeliz Ceyran şərh edib.

Türkiyənin ev sahibliyi etdiyi NATO Liderlər Zirvəsi üçün Ankaraya gələn Donald Tramp yerli vaxtla saat 13:50-də hava limanına enib. Onu burada Prezident Rəcəb Tayyib Ərdoğan qarşılayıb. İki lider rəsmi mərasim meydanında salamlaşaraq qısa və səmimi söhbət aparıb, daha sonra hava limanındakı dövlət qonaqları zalına keçiblər. İlk görüşlərini burada keçirən liderlər jurnalistlər qarşısında da birgə görüntü veriblər.

Tramp qarşılama mərasimində iştirak edən fəxri qarovulu türk dilində “Mərhaba əsgər” sözləri ilə salamlayıb. Bu zaman Ərdoğanın onu alqışladığı müşahidə olunub. ABŞ prezidentinin söhbət zamanı “Bu təyyarənin ilk beynəlxalq uçuşudur. Tamamilə yenidir” dediyi də eşidilib.

Liderlərin səmimi ünsiyyəti və yaxın davranışları xüsusilə diqqət çəkib. Bu görüntülər beynəlxalq mediada da geniş müzakirə olunub. ABŞ-ın Fox News kanalında yayımlanan şərhdə Trampın digər NATO liderləri ilə müqayisədə Ərdoğana daha yaxın münasibət göstərdiyi vurğulanıb. Həmçinin Donald Trampın 17 ildən sonra Türkiyəyə səfər edən ilk ABŞ prezidenti olması da bu yaxınlığın göstəricilərindən biri kimi qiymətləndirilib.

“Mesaj çox aydındır: Uyğunluq və etimad”

Bədən dili üzrə mütəxəssis Yeliz Ceyran bildirib ki, Ankaradakı zirvədən yayılan görüntülər Ərdoğan və Tramp arasındakı münasibətlərin təkcə protokol çərçivəsində olmadığını, şəxsi səviyyədə də yüksək uyğunluq və etimad nümayiş etdirdiyini göstərir.

Onun sözlərinə görə, bu görüşü “Diplomatiyada yeni dil: Ankarada çiyin-çiyinə zirvə” adlandırmaq olar:

“Ankarada keçirilən NATO Zirvəsi liderlərin bədən dilində ənənəvi məsafələrin aradan qalxdığı tarixi görüş kimi yadda qaldı. Ərdoğan və Tramp arasında formalaşan xüsusi münasibət yalnız sözlərdə deyil, mimika və bədən duruşlarında da aydın görünür. Liderlərin eyni anlarda oxşar emosional reaksiyalar verməsi, birlikdə gülümsəməsi və eyni istiqamətə baxması peşəkar dildə ‘uyğunlaşma’ (rapport) adlanır”.

“Tramp Türkiyədə özünü təhlükəsiz hiss edir”

Ceyran qeyd edib ki, Trampın Ərdoğanın yanında olarkən nümayiş etdirdiyi rahat və şən mimikalar onun Türkiyədə özünü təhlükəsiz və rahat hiss etdiyinin davranış göstəricisi kimi qiymətləndirilə bilər.

Mütəxəssis fotoşəkillərdə tez-tez görünən qol-qola gəzmə və ya bir-birinə çox yaxın hərəkət etmə jestlərini isə “xarici amillər qarşısında ortaq mövqe nümayiş etdirmək mesajı” kimi xarakterizə edib.

“Tam razılaşma mesajı”

Onun fikrincə, hava limanında və rəsmi mərasimlərdə müşahidə olunan yaxınlıq liderlərin bir-birinin yanında rahat olduqlarını və diplomatik məsafəni şüurlu şəkildə azaltdıqlarını göstərir:

“Bu cür fiziki yaxınlıq həm də ‘biz tam razılıq içindəyik’ mesajını dünyaya çatdıran düşünülmüş və strateji diplomatik kommunikasiya formasıdır”.

“Bərabər və strateji tərəfdaşlar”

Yeliz Ceyran liderlərin ilk əl sıxma anlarının da xüsusi diqqət çəkdiyini bildirib. Onun sözlərinə görə, əl sıxarkən belə tərəflərin çiyin təmasını qoruması rəsmi nəzakətdən kənara çıxan etimad və həmrəylik mesajı verir.

Mütəxəssis vurğulayıb ki, əl mövqelərinin balanslı olması tərəflərin bir-birini təzyiq altında saxlamağa çalışmadığını, əksinə, özlərini bərabər və strateji tərəfdaş kimi gördüklərini nümayiş etdirir. Birbaşa göz təması və qarşılıqlı yönəlmiş duruş isə münasibətlərin yalnız diplomatik çərçivədə deyil, qarşılıqlı etimada əsaslanan möhkəm ünsiyyət zəminində inkişaf etdiyini göstərir.